Sosial / Slayd (4-02-2015, 20:55)
ZakirHəsənov: “Qısa müddətdə 20-dən çox işğalçı məhv edilib”
Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən keçirilən təlimlərin növbəti mərhələsində müdafiə naziri general-polkovnikZakir Həsənov təlimlərə cəlb edilən ehtiyatdan çağırılmış hərbi vəzifəlilərlə görüşüb.
Mediatv.az -ın Müdafiə Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, müdafiə naziri ehtiyatdan çağırılan şəxsi heyətə Vətən və xalq qarşısında məsuliyyətlərinə diqqət çəkərək təlim toplanışında mütəşəkkil qaydada iştirak etdiklərinə, bir an belə tərəddüd etmədən Vətənin müdafiəsi üçün şərəf və vicdanla yenidən xidmətə cəlb olunmağa hazır olduqlarına görə təşəkkür edib.
Nazir bildirib ki, onlar bu təlimlərdə iştirak etməklə döyüş qabiliyyətlərini, hərbi ixtisaslarını və təcrübələrini təkmilləşdirmək, silahlanmada olan yeni, müasir və modernləşdirilmiş silah və hərbi texnikanın nümunələri ilə yaxından tanış olmaq, onun düzgün istifadəsi və istismarı qaydalarını bilmək imkanı əldə ediblər.
“Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti bu gün də davam edir. Silahlı Qüvvələrimiz bütün imkanlardan istifadə etməklə düşməni işğal olunmuş torpaqlarımızdan çıxarmağa qadirdir. Son zamanlar düşmən daha da azğınlaşıb. Amma Ermənistandakı hərbi xuntanın rəhbərləri bilməlidirlər ki, Azərbaycan ordusu və Azərbaycan əsgəri onların layiqli cavabını verir və bundan sonra da verəcək. Qısa bir müddət ərzində 20-dən çox işğalçı məhv edilib. Düşmənin onlarla yaralısı var. Silahlı Qüvvələrimiz də vətən uğrunda şəhid verib. Biz onların yaxınlarına və əzizlərinə baş sağlığı veririk. Xalqımız bilməlidir ki, şəhidlərin qisası birə on qat alınıb və bundan sonra da belə olacaq”, – deyə müdafiə naziri bəyan edib.
Müdafiə naziri təlimlərin Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tələb və tapşırıqlarına əsasən yüksək səviyyədə təşkil edilərək keçirildiyini bir daha diqqətə çatdırıb.
Qeyd edək ki, Ali Baş Komandanın göstərişinə əsasən birləşmə və hissələrin səfərbərlik tapşırıqlarının yerinə yetirilməsi səviyyəsinin yoxlanılması məqsədilə fevral ayının 2-də başlayan təlimlərə 15.000 nəfərədək şəxsi heyət, 300-dək zirehli texnika, raket və artilleriya qoşunlarının 200-dən artıq qurğusu, Hərbi Hava Qüvvələrinin 20-dək aviasiya vasitəsi, həmçinin qruplaşmanın havadan mühafizəsi məqsədilə hava hücumundan müdafiə bölmələri və müasir havahücumundan müdafiə kompleksləri ilə silahlanmış zenit-raket birləşmələri, o cümlədən ehtiyatda olan 5 000 nəfərədək hərbi vəzifəli cəlb edilib.
Döyüş hazırlığı çərçivəsində ehtiyatdan çağırılmış hərbi vəzifəlilərə silah və hərbi texnikadan istifadə qaydaları üzrə praktiki məşğələlər, döyüş atışları, mənəvi-psixoloji hazırlıq və döyüş uzlaşması üzrə tədbirlər keçirilir.