Siyasət (1-12-2020, 12:00)
Malik Həsənov: “Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır”
"44 günlük müharibə haqqın-ədalətin bərpası olmaqla yanaşı, kimin kim olduğunu bir daha göstərdi. Həqiqət anı kimi dəyərləndirilən 44 gündə kimin haqqın, kimin şərin, kimin dostun, kimin isə düşmənin yanında olduğu açıqlandı. 30 ilə yaxın müddətin real mənzərəsi budur ki, münaqişənin həllində vasitəçilik missiyasını yerinə yetirən ATƏT-in Minsk qrupunun həmsədrləri ikili standartlar əsasında ədalətin maraqların arxasında əriməsinə rəvac verib, BMT Təhlükəsizlik Şurasının daimi üzvləri kimi qəbulunda iştirak etdikləri 4 qətnamənin icrasında heç zaman maraqlı olmayıblar. Bu yanaşmalar istər müharibə dövründə, istərsə də Azərbaycanın siyasi qələbəsinin və Ermənistanın məğlubiyyətinin təsdiqi olan 10 noyabr üçtərəfli Bəyanatın qəbulundan sonra özünü qabarıq şəkildə büruzə verir. 9 bənddən ibarət olan bu Bəyanatın müddəalarının ardıcıl şəkildə həyata keçirildiyi, Ağdam, Kəlbəcər və Laçının müharibəsiz öz sahibinə qaytarıldığı bir vaxtda Fransa Senatının qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnaməni qəbul etməsi birmənalı qarşılana bilməz”.
"Qafqazinfo” xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.
M.Həsənov qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin mahiyyətini dərk etməyən, 10 noyabr razılaşmasından xəbəri olmayan senatorların səsvermədə iştirakı bu qətnamənin qəbulunun əvvəlcədən hazırlanmış təxribat olduğunu açıqlayır: "Fransa hər zaman erməni sevgisi ilə diqqət çəkib. Dünyanın aparıcı dövlətinin ədalətə deyil, maraqlara uyğun addım atması tarixinə qara səhifə kimi yazılır. Ermənistan və Fransanı daim eyni dəyərlər birləşdirir. Maraqların bir araya gətirdiyi iki dost ölkə terroru dövlət siyasətinin əsas tərkib hissəsinə çevirməklə tarixə hansı adla yazıldıqlarının fərqində deyillər. Fransa kimi dünyanın nüfuzlu dövləti heç bir araşdırma aparmadan «erməni soyqırımı»nı tanımaqla yanaşı, bunu digər dövlətlərdən də tələb edirsə, həmçinin Fransa Senatında "erməni soyqırımı”nı tanımayanlara qarşı cəzanın tətbiq olunması ilə bağlı qanun layihəsi qəbul olunursa, bu, açıq-aşkar Ermənistan-Fransa münasibətlərinin yaxınlığına işarədir. Ermənistanda qondarma "erməni soyqırımı abidəsi”nin ucaldılması, "erməni soyqırımı muzeyi”nin yaradılması da ikili siyasətdən alınan gücün göstəricisidir. Fransa erməni diasporunun güclü olduğu ölkələrdəndir. Fransada məskunlaşan ermənilər müəyyən mənada fransız siyasətçilərini satın ala bilirlər. Qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin qəbul edilməsi də bunun bariz nümunəsidir. Layihənin ideya müəllifləri ermənilərin Fransada kompakt yaşadığı regionlardan olan senatorlardır.”
Millət vəkili bildirib ki, Azərbaycanın döyüş meydanında zəfəri siyasi müstəvidə qələbəsini şərtləndirdi: "Bir daha sübut edildi ki, Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Azərbaycanlılar yox, məhz ermənilər bu torpağa gəlmə xalqdır. Dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev 44 gündə 30-a yaxın xarici mətbuata, o cümlədən Almaniyanın ARD televiziya kanalına müsahibəsində "Nəyə görə Qarabağ Azərbaycan üçün belə önəmlidir? Orada resurslar var, yoxsa bu, bir rəmzi məna daşıyır” sualına cavabı ilə Ermənistana və ona dəstək olan Fransa kimi demokratik dəyərləri, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan dövlətlərə tarix, hüquq, eyni zamanda, milli qürur dərsi kecmişdi. Həmin suala cavab bu gün də qondarma "Dağlıq Qarabağ Respublikasının tanınmasının zəruriliyinə dair” qətnamənin müəlliflərinə və onun qəbulunda fədakarlıq göstərən, amma məsələnin mahiyyətini dərk etməyən senatorlara, siyasətçılərə tutarlı cavabdır. Cənab İlham Əliyev bildirmişdir: "Bu, bizim torpaqdır, beynəlxalq səviyyədə tanınan bizim ərazimizdir. Bu, resurslar məsələsi deyil. Əsas resurslar burada, Bakıdadır. Bu, ədalət məsələsidir, bu, milli qürur məsələsidir və bu, beynəlxalq hüquq məsələsidir. Beynəlxalq hüquq və bütün beynəlxalq ictimaiyyət Dağlıq Qarabağı Azərbaycanın ayrılmaz hissəsi kimi tanıyır. Biz ədaləti bərpa edirik və biz BMT Təhlükəsizlik Şurasının 27 il ərzində kağız üzərində qalan qətnamələrini icra edirik.”
"Bütün hədəflərə yüksək səviyyədə nail olan Azərbaycan dövlətimizin qətiyyəti, Ordumuzun gücü, dövlət-xalq-ordu birliyi sayəsində ərazi bütövlüyünü də bərpa etdi, davamlı uğurlara geniş imkanlar açdı” söyləyən millət vəkili qeyd edib ki, artıq işğaldan azad edilən torpaqlarımızın bərpa planına uyğun olaraq işlər yüksək səviyyədə görülür, soydaşlarımız doğma yurd-yuvalarına Qayıdışın tez bir zamanda reallaşacağından böyük sevinc hissi keçirirlər. Artıq dekabrın 1-dən sonra postmüharibə dövrü başlayır.