Siyasət (14-07-2014, 21:39)
İlham Əliyev liseylə bağlı qanunu imzaladı
Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.
“Mediatv.az” xəbər verir ki, bununla da “Azərbaycan Respublikası Hökuməti və Fransa Respublikası Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması və fəaliyyəti haqqında” 2011-ci il oktyabrın 7-də Bakı şəhərində imzalanmış Saziş təsdiq edilib.
Qeyd edək ki, Bakı Fransız Liseyinin təməli 2011-ci ilin 7 oktyabrında Fransanın sabiq Prezidenti Nikola Sarkozinin Bakıya səfəri çərçivəsində imzalanan "Azərbaycan Respublikasının Hökuməti və Fransa Respublikasının Hökuməti arasında Bakı Fransız Liseyinin yaradılması haqqında" Sazişə əsasən qoyulub. Sazişi elə həmin gün Azərbaycan tərəfdən xarici işlər naziri Elmar Məmmədyarov, Fransa tərəfdən isə Xarici və Avropa işləri naziri yanında əməkdaşlıq məsələləri naziri Anri de Renkur imzalayıblar.
Liseyin yaradılmasına Heydər Əliyev Fondu da dəstək verib. Lisey yaradılmasının əsas məqsədi Azərbaycanda müvəqqəti və daimi yaşayan fransızdilli əcnəbi vətəndaşların və Azərbaycan vətəndaşlarının bu dildə təhsil almalarına geniş imkanlar yaratmaqdır.
11 may 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və bu ölkədə rəsmi səfərdə olan Fransa Respublikasının Prezidenti Fransua Olland Bakı Fransız Liseyində aparılan tikinti işləri ilə tanış olublar.
Hazırda tikilməkdə olan liseyin binası 320 yerlik planlaşdırılıb. Bakının “Ağ şəhər” adlanan ərazisindəki Paris məhəlləsində inşa olunan bu təhsil müəssisəsinin 2014-cü ilin may ayının 11-nə kimi tikintisi üzrə işlərin mühüm hissəsi başa çatıb və qalan işlərin isə 2014-cü ilin sentyabrına qədər yekunlaşdırılması nəzərdə tutulub.
Liseyin tədris planı uşaq bağçasından başlayaraq 12 illik ümumi təhsil müəssisəsində tətbiq edilən klassik fransız tədris planı olacaqdır. Tədris proqramı Fransa milli təhsil sisteminin tələblərinə uyğun olaraq fransız dilində aparılacaq. Şagirdlərə veriləcək attestat Fransa Milli Təhsil Nazirliyinin standartlarına və tələblərinə uyğun olacaq və nazirlik tərəfindən tanınacaq. Məktəbin məzunları öz seçimlərinə uyğun olaraq təhsillərini Fransanın istənilən ali təhsil müəssisəsində davam etdirmək imkanı qazanacaqlar.