Siyasət (11-01-2018, 15:00)
ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırdı
ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, bu barədə Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində bildirilir.
Tövsiyədə bildirilir ki, Dağlıq Qarabağda itkilər davam edir: "Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb".
Ümumilikdə səfər etmək üçün təhlükə baxımından ölkələr 4 qrupa bölünüb.
Azərbaycan 2-ci qrupa - səfər zamanı yüksək ehtiyatlılıq nümayiş etdirilməli olan ölkələr sırasına daxil edilib.
Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.