Siyasət (25-12-2017, 16:00)
Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası təsis edildi – FOTO
20 dekabr 2017-ci il tarixində Kaliforniya Azərbaycan Dostluq Assosiasiyası (California Azerbaijan Friendship Association - CAFA) təsis edilib.
Mediatv.az-ın məlumatına görə, bu, ABŞ-ın Kaliforniya ştatında yaşayan azərbaycanlılarının yaratdığı, bütün ştatı əhatə edən ilk təşkilatdır.
40 milyon əhalisi ilə ABŞ-ın ən böyük ştatlarından olan Kaliforniya ştatı 2.4 trilyon dollarlıq iqtisadiyyatı ilə nəinki ABŞ-da, dünya iqtisadi sistemində önəmli yerlərdən birini tutur. Həmçinin 1 milyonadək erməninin yaşadığı Kaliforniya dünyada ermənilərin ən çox məskunlaşdığı məkanlardan biri kimi tanınmaqdadır.
Assosiasiyanın təsis olunması dekabrın 20-də Los-Anceles şəhərində keçirilən, 200-dək qonağın qatıldığı geniş tədbir vasitəsilə elan olunub. Tədbirdə Azərbaycan icmasının üzvləri ilə yanaşı, Kaliforniya ştat senatorları, şəhər merləri, şəhər şuralarının üzvləri, diplomatlar, tanınmış elm xadimləri (o cümlədən Nobel mükafatçısı Arieh Uorşel), yəhudi, türk, Pakistan, İran, Koreya, Vyetnam və latino icmalarının rəhbərləri iştirak ediblər.
Hər iki ölkənin himnləri səsləndirildikdən sonra çıxış edən CAFA-nın icraçı direktoru Kimiya Məmmədova qonaqları salamlayaraq, Assosiasiyanın yaradılmasında əsas məqsədin Kaliforniyada yaşayan şimallı-cənublu bütün azərbaycanlıları, o cümlədən buradakı Azərbaycanın çoxlu sayda dostlarını birləşdirmək və Azərbaycanla Kaliforniya arasında ən müxtəlif sahələrdə əlaqələri daha da gücləndirmək olduğunu bildirib.
Azərbaycan və Kaliforniya ştatı arasında mövcud olan dostluq əlaqələrindən danışan K.Məmmədova, bu dostluğun uzun illərdən bəri qarşılıqlı dəyərlərə və hörmətə əsaslanaraq genişləndiyini, Azərbaycan kimi, Kaliforniyanın da müxtəliflik, multikulturalizm və tolerantlıq kimi dəyərlərə sahib olduğunu vurğulayıb. O qeyd edib ki, yeni təşkilat burada fəaliyyət göstərən seçkili orqanlar, hökumət rəsmiləri və müxtəlif təşkilatlar və icmalarla qarşılıqlı faydalı əməkdaşlıq qurmaq niyyətindədir.
Təşkilatın fərdi ianələr hesabına maliyyələşəcəyini bildirən K.Məmmədova, İdarə Heyətinin üzvlərini təqdim edib və tədbirin keçirilməsinə göstərdikləri maliyyə dəstəyinə görə Azərbaycan icmasının fəalları Pəri Hovarda, Piruz Xanlıya, Əmir Allahverdiyə, eləcə də “LT Scientific” və “Cal State HVAC” şirkətlərinə təşəkkürünü bildirib.
Sonra çıxış edən Azərbaycanın Los-Ancelesdəki baş konsulu Nəsimi Ağayev müxtəlifliyi və multikulturalizmi, o cümlədən iqtisadi göstəricilərinə görə ABŞ-ın ən qabaqcıl ştatlarından olan Kaliforniya ştatında belə bir təşkilatın yaradılmasını tarixi və əlamətdar hadisə adlandırıb. O, Kaliforniyada yaşayan Azərbaycan icması tərəfindən atılan bu addımı yüksək qiymətləndirdiyini, yeni təşkilatın soydaşlarımız arasındakı həmrəyliyin gücləndirilməsində önəmli rol oynayacağına ümid etdiyini bildirib və təşkilata gələcək fəaliyyətində uğurlar arzulayıb.
Daha sonra Kaliforniya Ştat Senatorları Ben Allen və Coş Nyuman, Kaliforniyanın Volnat (Walnut) şəhərinin meri Meri Su, Torrens Şəhər Şurasının üzvü Haydi Eşkraft və Los Anceles Dinlərarası Şurasının sədri Yepiskop Xuan Karlos Mendez çıxış ediblər. Natiqlər ən müxtəlif etnik icmaların yaşadığı Kaliforniya kimi çoxmədəniyyətli ştatda Azərbaycan icmasının təşkilatlanmasının və Azərbaycan və Amerika xalqları arasında güclü körpülərin yaradılmasının və dostluğun gücləndirilməsinin yüksək önəmini qeyd edərək, CAFA-ya təbrik və arzularını çatdırıb, müvafiq təbrik bəyannamələrini təqdim ediblər.
Los-Anceles meri Erik Qarsettinin imzaladığı təbrik bəyannaməsi Los-Anceles şəhərinin İnsan Resursları üzrə müvəkkili Amna Qazi tərəfindən Kimiya Məmmədovaya təqdim olunub.
K.Məmmədova qeyd edib ki, Kaliforniya Azərbaycan Dostluq Assosiasiyasının yaradılması münasibətilə ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri konqresmen Ed Roys, Kaliforniya Ştat Senatoru Stiven Brədford, Kaliforniya Ştat Assambleyası üzvləri Sebastian Ridli-Tomas, Şəron Quirk-Silva, Filip Çen və Los Anceles Şəhər Şurasının üzvü Mitçel Enqlander tərəfindən imzalanmış təbrik bəyannamələri də CAFA-ya göndərilib.
Tədbir Azərbaycan musiqisindən nümunələrin ifası və ziyafətlə yekunlaşıb.