Siyasət / Slayd (10-09-2015, 21:57)
Oliqarx, rektor, deputat: Üçü birində Əhməd Vəliyev
Adı bir çox biznes qalmaqalında hallanan deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyev 2005-ci ildən bəri Milli Məclisin kreslosunda əyləşib. Onun haqqında çox yazılar, tənqidləri məqalələr, hətta bir sıra sensasion faktlar yer alıb. Hətta nazir olmaq istədiyi də vurğulanırdı. Bir məqamı qeyd edək. Nəhəng oliqarxa çevrilmiş Əhməd Vəliyev və onun oğulları – Samir və Munir Vəliyevlər geniş ailə biznesi yaradaraq hazırda “JMR” adlandırılan “Jalə-Biznes” MMC, Bülbül prospektində fəaliyyət göstərən “Jalə Plaza”, Odlar Yurdu Universiteti, “Muğanbank” ASC və “Oksigen” klinikasını idarə edirlər.
Saytların yazdığına görə, “Əhməd Vəliyevin namizədliyi veriləndə qazaxlılar üçdən deyib seçki kampaniyasına qoşuldular. Nəhayət, təbliğat, yalançı vədlər tez küsüb, tez də barışan və eyni zamanda sadəlöv qazaxlıların ürəyinə yol tapa bilib. Haradan biləydilər ki, Əhməd Vəliyevə millət vəkilliyi olub keçənlərin üstünü örtmək, əldə etdiyi milyonları qorumaq üçün lazım imiş… Onu da qeyd edək ki, qohum-əqrabasından başqa bu gün bir qazaxlı barmağını qatlaya bilməz ki, Əhməd Vəliyev kiməsə çörək verib”.
Bəs görəsən sıravi vətəndaşlar onun haqqında nə düşünür? Əhməd Vəliyev adlı deputat nə dərəcədə tanınır?
Gültəkin Ələsgər: “Əhməd Vəliyev adını eşidib üzünü görmədiyimiz millət vəkillərindəndir. Odur ki, onun son çıxışının nə ilə bağlı olduğu belə yadıma gəlmir. Sadəcə üzünü belə tanımaq üçün google-də axtarış aparanda belə, onun haqqında heç də müsbət xəbərlər çıxmır. Onun haqqında nəsə demək çətindir. Çünki elə bir böyük fəaliyyətə imza atmayıb. Yəni onun Milli Məclisdəki çıxışını görməmişəm. Mətbuatda da tez tez görünən insan deyil. Bəlkə də sadə adamlardan soruşsan, Hadı Rəcəblini, Vahid Əhmədovu, Musa Qasımlını, Əli Məsimlini, tanıyar. Amma elə deputatlar da var ki, hər gün onlarla işləyən, Parlamentin hər sessiyasını işıqlandıran jurnalistlər belə onları tanımır. Hesab edirəm ki Əhməd Vəliyev də bu millət vəkillərindəndir”.
Taleh Mursaqulov: “Bu deputat haqqında ilk dəfə sizdən eşidirəm. Ümumiyyətlə deputatlar gündəmə yalnız səhv buraxanda və ya absurd, gülməli çıxışları ilə gündəmə gəlirlər”.
Zöhra Cəfərova: “Əhməd Vəliyev adlı deputat tanımıram”.
Abbas Atillay: “Xeyr. Elə bir deputat tanımıram”.
Günel Cəlilova: “Əhməd Vəliyev Odlar Yurdu Universitenin rektorudur. Millət vəkili olmasına baxmayaraq hər kəs tərəfindən tanınmır. Mediaya açıq olmadığı üçün onun hansı mövzuda çıxış etdiyini deyə bilmərəm”.
Aytək Məmmədli: “Bəli tanıyıram. Əvvəllər Səbailin indi də Qazaxın millət vəkilidir. Həm də rektordur. Son iki ili ölkədə yaşamıram. Tam olaraq, hər hansı millət vəkilinin fəaliyyətini düzgün qiymətləndirə bilmərəm” (yenicaq.az).