Siyasət (15-06-2015, 18:37)
15 iyun tariximizin parlaq səhifəsidir Qaxda tədbir
15 İyun – Milli Qurtuluş Günü münasibəti ilə iyunun 12-də Qax rayon Heydər Əliyev Mərkəzində tədbir keçirilmişdir.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Liderin Heydər Əiyevin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər.
Tədbiri giriş sözü ilə açan rayon İcra Hakmiyyətinin başçısı cənab Musa Şəkiliyev qeyd etdi ki, hər bir ölkənin tarixində onun gələcək taleyinə bilavasitə təsir göstərən əhəmiyyətli dönüş nöqtələri olur. Azərbaycan xalqının müasir tarixinin çox əhəmiyyətli dönüş nöqtəsi ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidi və tələbi ilə hakimiyyətə qayıdışı oldu. Həmin ilin iyununda - ölkəmiz vətəndaş müharibəsi təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın çağırışı ilə Naxçıvandan Bakıya dönən Ulu Öndərin qətiyyəti sayəsində müstəqil respublikamız məhv olmaq təhlükəsindən xilas oldu, Azərbaycanın gələcək inkişafının təməli qoyuldu, müstəqilliyimizin əbədiliyi və dönməzliyi təmin edildi.
Rayon ictimaiyyəti nümayəndələrinin, ziyalıların iştirak etdikləri tədbirdə “15 iyun tariximizin parlaq səhifəsidir” mövzusunda məruzə dinlənildi. Məruzədə 1993-cü ilin iyun hadisələri ərəfəsində respublikada yaranmış ağır vəziyyət, hökm sürən hərc-mərclik, baş verən ictimai-siyasi proseslər geniş təhlil olundu.
Çıxışlarda Ümummilli Liderin xalqımız qarşısındakı əvəzsiz xidmətlərindən ətraflı bəhs edilib, müstəqil respublikamızın son illər əldə etdiyi uğurların birbaşa Heydər Əliyevin adı ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, məhz Ulu Öndərin respublika rəhbərliyinə qayıdışından sonra ölkəmiz sürətli inkişaf yoluna qədəm qoyub, onun layiqli davamçısı İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində ölkəmizin iqtisadi qüdrəti daha da artıb, müstəqil Azərbaycan dünya birliyində öz layiqli yerini tutub. Bu günlərdə ilk dəfə keçirilən Avropa Oyunlarının məhz Azərbaycana həvalə edilməsi ölkəmizin dünya miqyasında artan nüfuzuna ən yaxşı nümunədir.