Siyasət (11-08-2015, 18:14)
Leyla Yunus oyunu: pullardan sonra yaddaşı da "itirdi"
- Hakimin, şahidlərin, ittihamçının nə dediklərini anlamıram. Prokurorun dediklərini isə heç başa düşmürəm. Tərcüməçi tələb edirəm. Daha doğrusu, daha yaxşı tərcüməçi istəyirəm. Çünki hakimin dediklərini mənə tərcümə edən şəxs bir çox sözləri yanlış deyir. Mən onun səhvlərini düzəltməkdən yoruldum.
Pavel Mavetanu müttəhimlər kürsüsündən qalxmışdı və əllərini yelləyərək danışırdı. O, rumın dilini bilmədiyini, sözlərini rumın dilinə tərcümə edəcək adam istədyini söyləyirdi.
Halonki Pavel elə rumın dilində danışırdı.
2005-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə keçirilən məhkəmə prosesində Pavel Mavetanu xüsusi amansızlıqla qətlə görə 20 il müddətinə azadlıqdan məhrum olundu.
Mavetanu tanrını məhkəməyə verdi. Dediyinə görə, xristiandır, xaç suyuna salınıb və bu da tanrı ilə sövdələşmədir: "Dualarım və xristian olmağımın müqabilində tanrı məni problemlərdən qorumalıydı. Amma qorumadı. Məhkəməni də, tanrını da məhkəməyə verirəm".
Bu kazus Avropa hüququna "tərcüməçi oyunu və tanrının cavabdehliyi" kimi daxil oldu.
Əfsuslar olsun ki, Azərbaycan da məhkəmə kazusları siyahısında yer ala bilər.
Leyla Yunusun sayəsində.
...Dünən Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əfqan Hacıyevin sədrliyi ilə "Sülh və Demokratiya İnstitutu" adlı qurumun həbsdə olan direktoru Leyla Yunus və həyat yoldaşı Arif Yunusun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Məhkəmə prosesi açıq elan olunandan sonra L.Yunus məhkəmə prosesinə gətirilən hər 2 - rus-Azərbaycan dili tərcüməçilərinə etiraz edib.
L.Yunus tərcüməçilərin dəyişdirilməsini istədiyini söyləyib. O, mövqeyini tərcüməçilərin rus dilini mükəmməl bilmədikləri ilə izah edib.
Məhkəmə heyətinin qərarı ilə etiraz qəbul olunub.
Hakim Ə.Hacıyev bildirib ki, məhkəmə prosesində avqust ayının 13-nə kimi fasilə elan olunur.
Konkret cinayət əməllərində ittiham olunan L.Yunus hər vəchlə məhkəmə prosesinin gedişatını uzatmağa çalışır. Lakin ittiham olunanın etiraz etdiyi tərcüməçi məsələsi prosesdə hakimlər heyətinin yerindəcə müşavirəsi ilə qəbul edilib.
Ötən məhkəmə prosesində dövlət ittihamçısı Fərid Nağıyev L.Yunusun 11 il, A.Yunusun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib. O, həmçinin Leyla və Arif Yunusların bank hesablarına həbs qoyulmasını, dövlətə dəyən ziyanın həmin hesablardakı vəsaitlərdən ödənməsinin təmin edilməsini xahiş edib.
Müvəqqəti istintaq təcridxanasında keçirdiyi təxminən bir il ərzində Leyla xanım çox məharətli aktrisa olduğunu göstərdi. O, "adi" məhbuslar təki şikayətlənmirdi, kimlərəsə hansısa müraciət ünvanlamırdı. Yox, o sürəkli olaraq işgəncələrə məruz qaldığını, dözülməz əzablar çəkdiyini, hətta aclıqla üzləşdiyini söyləyirdi.
Di gəl, ciddi səhvlər edirdi, kamerasında çəkilən fotolarda qızartma ətdən tutmuş, halvayadək bir çox təamlar masa üzərində görünürdü, həkim müayinələrində olduğunu etiraf edirdi. Yəni şikayətlər və yalanlar alınmırdı.
Belədə Leyla Yunus yeni tryuka əl atmaq qərarına gəlib.
İnsan haqlarının müdafiəsi adı altında qrant biznesi ilə məşğul olan bu xanım 526943 manat xalis gəlir əldə etdiyindən, 363378 manatlıq vergiləri ödəmədiyindən vəziyyətinin "rusca" olduğunu dərk edib və elə bu səbəbdən də doğma dilini "qəflətən" unudaraq yalnız rus dilində danışmağa başlayıb.
Anlamaq çətin, söymək asandır?
Leyla Yunus məhkəməsi başlanan gündən bəri israrla vurğulayır ki, rusdillidir, Azərbaycan dilində çətinliklə danışır və deyilənləri də lap çətinliklə anlayır. Bir sözlə, məhkəmədə hakimin, dövlət ittihamçısının, şahidlərin, vəkillərin nə dediklərini başa düşməkdə müşküllər yaşayır. Bu səbəbdən də o, dediklərinin düzgün anlaşılması, deyilənləri də dürüst anlaması üçün tərcüməçiyə ehtiyac duyduğunu söyləyib.
Leyla Yunus ekssentrikaya qapılmaq üçün gənc deyil, 60 yaşı var.
Bu yaş məntiqlə insana soyuqqanlılıq, müdriklik verməlidir.
Lakin Leyla Yunusu tanıyanlar və habelə, onu tanımayıb məhkəməsi barədə xəbərləri oxuyanlar yaşlı xanımın davranışlarında ifrat dərəcədə emosionallığın olduğuna şübhə etmirlər.
Onun emosiyaları əksər hallarda çılğınlıq həddinə çatır.
L.Yunus saxlanılanda yanındakı polis zabitini əvvəlcə itələmiş, sonra qışqırmağa başlamışdı: "Ayaqyoluna getməyə qoymadılar məni! Təsəvvür edirsiniz, dedi ki, mən də gəlirəm!" Sonra söyüşlər, təhqirlər.
Rus dilində yox.
Leyla Yunusun qatıldığı və təşkil etdiyi çoxsaylı toplantılar, mətbuat konfranslarında da onun çıxışlarının əksəriyyəti rus dilində deyildi.
1989-cu ildə Azərbaycan Xalq Cəbhəsinin qurucuları arasında yer alanda, 1990-cı ildə bu təşkilatı tərk edərək Zərdüşt Əlizadə ilə birlikdə Azərbaycan Sosial-Demokrat Partiyasını yaradanda da, 1992-1993-cı illərdə Azərbaycanın Müdafiə Nazirliyinin informasiya-analitik şöbəsinə başçılıq edəndə də Leyla Yunus rus dilində danışmırdı.
Azərbaycan dilini səlis, əla bilən Leyla Yunus əvvəl siyasətçi, sonra Müdafiə Nazirliyinin "informasiya-analitik şöbəsinin rəhbəri", daha sonra "qətiyyətli, vicdanlı, nüfuzlu və ədalətli" hüquq müdafiəçisi imicinə yiyələnmək, xitab etdiyi insanların rəğbətini qazanmaq üçün rus dilində çox danışmamağa çalışırdı.
İndisə o, qəflətən doğma dilini unudub, məhkəmə prosesində tərcüməçi tələb edir.
Əslində, anlaşılandır: Leyla Yunus məhkəməni ələ salmağa, prosesi mümkün qədər uzatmağa və işi "Leyla Yunus Azərbaycan dövlətinə qarşı" səviyyəsinə çıxarmağa çalışır.
Fəqət, konkret fərdin dövlətə qarşı iddiası əksər hallarda insan haqlarının kobud şəkildə pozulması, sığınacaq alınması və ya haqsız, saxta, ədalətsiz məhkəmə qərarından dolayı dəmir barmaqlıqlar arasında keçirilmiş illərə görə təzminat, bəraət alınması ilə bağlı proseslərdə səslənir.
Leyla Yunus da özünü Azərbaycanda hüquqları pozulan, təqiblərə məruz qalan, fəaliyyətinə və əqidəsinə görə repressiyalara düçar olan insan kimi göstərməyə can atır. O, müttəhim olduğu məhkəmənin "azad fərdin diktaturaya qarşı müqavimətinin bariz izharı" kimi qələmə verilməsinə can atır.
Di gəl, belə interpretasiya üçün zəruri iki əsas nəsnə gözə dəymir. Nə Azərbaycanda diktatura var, nə də ki, Leyla Yunus "demokratiya uğrunda mübarizə aparan azad fərd" deyil.
"Siyasi məhbus" alleqoriyasını elə siyasi biznesə çevirən, hüquq müdafiəçiliyindən yalnız merkantil maraqları üçün istifadə edən Leyla Yunusla bağlı məhkəmənin hansı qərar verəcəyindən bilaixtiyar o, mahiyyətini və düşüncəsini dəyişən deyil.
Gecdir - adamın 60 yaşı var, bu yaşda mövqelər, dünyagörüşü, düşüncə tərzi dəyişmir. Ən yaxşı halda zahiri görüntü fərqli olur və fərd hiyləgərdirsə - Leyla Yunusu isə sadəlövh adam saymaq üçün heç bir əsas yoxdur, onun son 25 ildəki fəaliyyəti buna səbəb yaratmayıb - qarşısına qoyduğu hədəfə çatmaq üçün mimikriya edir.
Leyla Yunus illər boyu rol oynayıb və həmişə diqqət mərkəzində olmağa, tanınmağından da yararlanmağa çalışıb. Lakin yaşlandıqca əyalət teatrlarındakı operetta qəhrəmanlarına bənzəməyə başladığının fərqinə varmayan xanım yenə də tragikomik obrazından çıxa bilmir.
Onun məhkəmədə "Azərbaycan dilində deyilənləri anlamayan müttəhim" rolunu oynamağa çalışması ayrı zamanda, ayrı məkanda, bəlkə də, maraq doğura bilərdi: nə də olsa, məhkəmənin yeknəsəqliyini alt-üst etməyə can atanları izləmək pis deyil.
Lakin Leyla Yunus aktyorluq məharətini itirib və indi yenə qəhrəman olmağa can atan, amma istəyi ilə bacarığı, imkanları arasında uçurum olan orta statistik əyalət aktrisası təsiri bağışlayır.
Stanislavski bu oyuna "İnanmıram!" deyərdi.
Elə məhkəmənin sədri də Leyla Yunusun tərcüməçi tələblərinin oyun olduğunu bilir və Azərbaycan dilinin qəflətən unudulmasına, gözlənilməz amneziyaya inanmır.
Bununla belə, Leyla Yunusun tərcüməçi tələbi də nəzərə alınıb.
Məntiqidir, gözləniləndir, çünki əks təqdirdə Leyla Yunus "başa düşmədiyim dildə mənə ittiham oxunur" söyləyərək yeni ssenarisi çərçivəsində oyuna başlayacaqdı.
Məhkəmə səhnə deyil - Leyla Yunus monotamaşalar oynayaraq benefis arzusunda olsa belə.
...Arif və Leyla Yunusların məhkəmə prosesi istənilən halda yadda qalasıdır.
İttihamların konkretliyi, məntiqiliyi qarşısında çılğın çıxışlar, absurd iddialar, məntiqsiz tələblər və ən başlıcası, qəhrəmanı olmağa çalışdıqları millətə xəyanət edən Yunuslar cütlüyünün siyasəti, hüquq müdafiəçiliyini primitiv möhtəkirliyə döndərmələri, insan haqları məsələlərini alver və gəlir mənbəyinə çevirərək onlara inanan sadəlövhləri aldatmaları ilə.
Komediyanın finalı yaxınlaşır və pərdə enməmiş səhnədə yaddaqalan nə isə söyləməyə çalışan qoca aktrisa son fəndlərindən yararlanmaq istəyir.
Az sonra Leyla Yunus məhkəmə prosesinin keçirildiyi binanın memarından, havaların isti keçdiyinə görə meteoroloqlardan, sonda da dua etdiyi tanrının onu "aldatması"ndan şikayətlənərsə, təəccüblənməyin.
Anadolu türkləri demişkən, belə məqamda "dil bilməmək bəhanə - hiyləgərlik şahanə"dir.
...1997-ci ildə çəkilən, Cim Kerrinin baş rolda oynadığı "Liar Liar" filminin qəhrəmanlarından biri deyir: "Məhkəmədə işin çətinə düşəndə başla yalan danışmağa, ən azı, söylə ki, deyilənləri anlamırsan, tərcüməçi tələb et, özünü bilməzliyə vur. Yalan danış - yalan danışmaq çox asandır. Xüsusilə də buna adət edibsənsə".
Leyla Yunus obrazının doğlunluğu baxımından Cim Kerrinin personajından geri qalır.