Siyasət / Slayd (23-07-2015, 13:43)
"Naxçıvandan Yerevanı istənilən anda darmadağın etməyə imkanımız var"
"Ermənistan mətbuatının məlumatına əsasən, bu ölkənin müdafiə naziri Seyran Ohanyanın cəbhə xəttində, o cümlədən bir neçə dəfə Naxçıvan istiqamətində olması, oradakı mövqeləri yoxlaması düşmən tərəfinin narahatlığının bariz nümunəsidir". Bu barədə Trend-in sorğusuna cavab olaraq Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.
Mətbuat xidmətindən bildirilib ki, qonşu dövlətin ekspertləri və şərhçilərinin də etiraf etdikləri kimi Ermənistanın hərbi rəhbərliyinin cəbhənin müxtəlif istiqamətlərinə tələsik səfərləri erməni ordusundakı nizam-intizamsızlıq və özbaşınalığın qarşısını almağa cəhd etməklə yanaşı, müdafiə xəttində boşluqların olmasının sübutudur: "Silahlı Qüvvələrimizin bölmələri ermənilərin canlı qüvvəsini itkiyə məruz qoymaqla və mühəndis-istehkam texnikasını sıradan çıxarmaqla düşmənin öz müdafiə xətti boyu səngərlərini möhkəmləndirmək cəhdlərinin qarşısını dərhal alır. Müdafiə nazirinin göstərişinə əsasən, mövqelərimizin möhkəmləndirilməsi ilə yanaşı, qarşı tərəfin qoşunların təmas xətti boyu hərəkəti tam nəzarətimizdə saxlanılır və hər an düşmənə itki verilməsi ilə onların istənilən hərəkətinin qarşısı atəşlə alınır. Elə son günlərdə bölmələrimiz iriçaplı silahlar və kalibri daha iri minaatanlardan istifadə etməklə düşmənə xeyli ziyan vuraraq onun cəbhədə fəal olmaq cəhdlərinin qarşısını dərhal alıb".
Eyni zamanda qeyd olunub ki, Yerevanın hərbi-siyasi rəhbərliyini hərbi cəhətdən narahat edən istiqamətlərdən biri də Naxçıvandır: "Muxtar Respublikanın ərazisinin strateji əhəmiyyəti nəzərə alınaraq orada Əlahiddə Ümumqoşun Ordusunun yaradılması haqqında Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən verilən qərar Naxçıvanın müdafiəsini yüksək səviyyədə təşkil etməyə imkan verib. Qorxu və vahimə içərisində olan Seyran Ohanyan və ümumilikdə Emənistan tərəfi artıq anlamağa başlayıb ki, müasir silah-sursat, döyüş texnikası, aviasiya vasitələri, raket-artilleriya qurğuları, həmçinin "Smerç" reaktiv yaylım atəş sistemləri ilə möhkəmləndirilən, hərbi cəhətdən üstün Naxçıvandan Ermənistan ərazisində yerləşən hərbi obyektləri, o cümlədən Yerevanı nəzarətdə saxlayaraq istənilən anda darmadağın etməyə imkanımız var".
Mediatv.az