Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq rəisi Rəşad Məmmədov, İsfəndiyar İsfəndiyar Arzu Məmmədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Mediatv.az xəbər verir ki, Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Əlövsət Abbasov sədrlik edib. Prosesdə təqsirləndirilən İsfəndiyar İsfəndiyarov dövlət ittihamçısının suallarını cavablandırıb. O, Zabil Salmanova 236 kvadratmetr qeyri-yaşayış sahəsi üçün 4 milyon 700 min pul verdiyini deyib.
Təqsirləndirilən Arzu Məmmədov da prosesdə ifadə verib. O, elan olunmuş ittihamla özünü təqsirli bilmədiyini deyib. Məhkəmə prosesi iyunun 10-da davam etdiriləcək. Qeyd edək ki, Dövlət Bayrağı Meydanı Kompleksinin sabiq sədri Rəşad Məmmədov, onun təqsirli bilindiyi işlə əlaqədar İsfəndiyar İsfəndiyarov və Arzu Məmmədov həbs edilib.
Bir müddət əvvəl həmin cinayət işi üzrə zərərçəkmiş şəxs kimi tanınan Zabil Salmanov ərizə ilə istintaq orqanına müraciət edib və təqsirləndirilən şəxslərə qarşı hər hansı şikayətinin olmadığını bildirib.
Martın 4-də Arzu Məmmədovun barəsində seçilmiş həbs-qətimkan tədbirinin dəyişdirilməsi barədə Səbail rayon Məhkəməsinə etdiyi müraciətə baxılıb. Müraciətdə o, həyat yoldaşının ağır xəstəlikdən əziyyət çəkdiyini qeyd edib. Səbail rayon Məhkəməsi onun xahişini nəzərə alıb və barəsində seçilmiş həbs-qətimkan tədbirini dəyişdirib. Ondan başqa yerə getməmə haqqında iltizam alınıb və azadlığa buraxılıb.
İ.İsfəndiyarov və A.Məmmədov Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham olunurlar. R.Məmmədov isə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.2-ci (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə, bu əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə) maddələi ilə ittiham olunur.