Karusel (15-10-2020, 22:18)
Vaqif məqbərəsi Şuşanın işğalından əvvəl və indi... - FOTO
Azərbaycan ordusunun işğal altındakı torpaqlarımızı düşmən tapdağından azad etməsi fonunda erməni vandalizminə məruz qalan bir sıra tarixi abidələrimizin əvvəlki və indiki görüntüsünü əks etdirən paylaşımlar yayılır.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, onlardan biri də Azərbaycan şairi Molla Pənah Vaqifin muzey-məqbərə kompleksidir.
Paylaşımlardan məlum olur ki, bir zamanlar Şuşanın gözəlliyinə xüsusi çalar qatan bu yer işğal müddətində vəhşicəsinə dağıdılıb.
Qeyd edək ki, məqbərənin açılışı 1982-ci ildə baş tutub. Açılışda o zaman Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi olan Heydər Əliyev də iştirak edib.
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 5-də “TRT Haber”ə müsahibəsində bu hadisəni belə xatırladı:
“Mənim xatirəmdədir, 1982-ci ildə mərhum atamla birlikdə Dağlıq Qarabağa - Şuşaya getmişdik. Bizim böyük şairimiz Vaqifin məqbərəsi açılırdı. Bu məqbərənin açılışı mərasimində erməni və Azərbaycan şairləri şeirlər deyirdilər, Azərbaycan dilində, erməni dilində. O bir dostluq bayramı idi. Yəni, o, mənim şahidi olduğum mənzərədir”.
Kompleks Şuşa şəhərinin ən səfalı yeri olan Cıdır düzünə yaxın bir ərazidə - dahi şairin məzarı üzərində inşa edilib. Burada M.P.Vaqifin Şuşa həyatını əks etdirən dövrlərə aid olan 80-ə yaxın eksponat da nümayiş etdirilirdi.
1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən Şuşa şəhərinin işğal edilməsi nəticəsində kompleksin binası və burada sərgilənən onlarla eksponat məhv edilib, daşınması mümkün olan eksponatlar isə Ermənistana aparılıb.