İqtisadiyyat (4-07-2017, 14:30)
Kənd Təsərrüfatı Nazirliyi qarpız və yemişlərin keyfiyyətindən danışdı
Azərbaycanda hazırda bazarlarda istehlakçılara təklif edilən mövsümi meyvələrin - qarpız və yemişlərin keyfiyyəti normaldır.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev deyib.
C.Quliyev qeyd edib ki, bu meyvələrin keyfiyyəti ildən-ilə yaxşılaşır:
“Bu il məhv edilən məhsulların arasında qarpız və yemişlərin çəkisi çox cüzi olub. Bu da əvvəlki illərdə həyata keçiilən məhvetmə, maarifləndirmə tədbirlərinin nəticəsidir. Fermerlər öz texnologiyalarını daha da təkmilləşdiririlər. Artıq fermerlər başa düşürlər ki, məhsullarında gübrə qalığı artıq olsa, məhsul məhv ediləcək”.
Məhsulların keyfiyyəti məsələsini daim nəzarətdə saxladıqlarını deyən C.Quliyev qeyd edib ki, səyyar laboratoriyalar tərəfindən mütəmadi olaraq, məhsullar yoxlanılır. Xidmətin yerli qurumları eyni zamanda, əkin sahələrində də yoxlamalar aparırlar:
“Biz daha çox əkin sahələrində yoxlama aparmağa üstünlük veririk ki, məhsul bazara gələnə qədər vəziyyət aydınlaşsın”.
C.Quliyev insanların bəzən yemiş və qarpızdan düzgün istifadə etmədiyini də söyləyib:
“Çox təəssüf ki, bəzi şəxslər yemişi kəsərək onun bir hissəsini yeyir, qalanını günlər keçdikdən sonra yeyirlər. Bu, yolverilməz haldır. Yemiş və qarpızdan nomal qaydada istifadə etmək əsas şərtlərdəndir. Yemiş və qarpız soyuducuda saxlamaq şərtilə, 2 gün ərzində yeyilməlidir. Məsələn, yemiş bu gün saat 12-də kəsilibsə, sabah axşama qədər o bitməlidir, ondan sonra onu istifadə etmək olmaz. Çünki məhsul qalanda onda çürümə prosesi gedir, əlavə toksiki maddələr əmələ gəlir. Bu da insan orqanizmi üçün zərərlidir. Əgər kimsə isti havada özünü narahat hiss edib həkimə gedirsə və həkimə də “qarpız yemişdim” deyirsə, o saat qarpızdan şübhələnirlər. Halbuki yay aylarında qarpız, yemiş insanı istidən qorumağın ən yaxşı şərtlərindən biridir".