İqtisadiyyat (12-06-2017, 15:43)
Dövlət Neft Fondu hansı banklara depozit yatırıb?
2016-cı ilin sonuna Dövlət Neft Fondunun (ARDNF) depozitlərə investisiyaları 2015-ci illə müqayisədə 2,1 dəfə və ya 1 mlrd. 965,42 mln. manat artaraq 3 mlrd. 758,908 mln. manata çatıb.
Mediatv.az ARDNF-nin 2016-cı il üzrə audit hesabatına istinadən xəbər verir ki, qurum 1 Azərbaycan və 4 Türkiyə bankına depozit yatırıb.
Ötən ilin sonuna Fondun "Azərbaycan Beynəlxalq Bankı" ASC-də yerləşdirdiyi depozit məbləği 1 mlrd. 773,75 mln. manat təşkil edib.
Hesabat ilinin sonuna ARDNF Türkiyənin "Ziraat Bankası A.Ş."-də yerləşdirdiyi depozitin məbləğini 429,025 mln. manat çatdırıb. Bu da 2015-ci illə müqayisədə 10,46% və ya 40,629 mln. manat çoxdur.
İl ərzində ARDNF "Akbank T.A.Ş"-a əlavə olaraq 46,424 mln. manat yatıraraq depozitin məbləğini 280,168 mln. manata çatdırıb.
2017-ci ilin yanvarın 1-ə Fondun "Türkiye İş Bankası A.Ş."-da 637,977 mln. manat məbləğində depoziti olub. Bu da 2016-cı ilin əvvəli ilə müqayisədə 53,812 mln. manat çoxdur.
Hesabat dövrünün sonuna ARDNF "Türkiye Garanti Bankası A.Ş."-də depozit portfelini 637,988 mln. manata çatdırıb. Beləliklə, il ərzində Fond adıçəkilən banka 50,805 mln. manat əlavə depozit yatırıb.