İqtisadiyyat (3-06-2017, 11:34)
Bank sektorunda mühüm dəyişikliklər olacaq – YENİ QAYDA
Bankların fəaliyyəti ilə bağlı qanunvericilikdə edilən daha bir dəyişiklik bağlanan əqdlərlə bağlıdır.
Dəyişikliyə əsasən, son 2 ildə bankın mənafeyinə zidd bağlanan əqdlərin etibarsız elan edilməsi nəzərdə tutulur.
Mediatv.az Fins.az-a istinadən xəbər verir ki, bu müddəa daha çox maliyyə durumu pis olan və müvəqqəti inzibatçı təyin edilən banklara aid olacaq.
Yeni təyin edilən inzibatçı 45 gün ərzində bankın vəziyyətini araşdıraraq qiymətləndirəcək. Bu zaman həmin bankın vəziyyətinə mənfi təsir edən əqdlər üzə çıxarsa, onların ləğv olunması məsələsinə baxıla bilər.
Daha doğrusu, son 2 ildə bağlanan və bankın vəziyyətinin pisləşməsinə səbəb olan əqdlərə yenidən baxıla və ya ləğv oluna bilər.
Məsələn, əgər bank özəlləşdirilən zaman onun qiymətləndirilməsi həmin dövr üçün bazardakı real qiymətlərdən aşağı dəyərləndirilibsə, bu zaman həmin özəlləşdirmə əqdləri ləğv oluna bilər.
Digər məqam kreditlərin verilməsi ilə bağlı ola bilər. Əgər kreditlər aşağı faizlərlə və ya girovsuz verilibsə, girovların qiyməti şişirdilibsə və bunlar bankın müflisləşməsinə səbəb olubsa, o zaman həmin müqavilələr də ləğv oluna bilər.
Hüquqşünas Əkrəm Həsənov bunun ümumilikdə bankların vəziyyətini yaxşılaşdırılması baxımından düzgün yanaşma olduğunu deyib.
Lakin müddətin son 2 il müəyyən edilməsinin ciddi problemləri həll etməyə imkan vermədiyini bildirib.
Ekspertin fikrincə, bu müddət ən azı 5 il müəyyən edilməli idi, çünki 2015-ci ilin fevralında baş verən devalvasiyadan sonra bankların vəziyyəti pisləşməyə başlayıb. Lakin yeni qanuna görə, əqdlərin ləğvi ancaq 2015-ci ilin aprelindən sonra bağlanan əqdlərə tətbiq ediləcək. Bu da bankların mövcud vəziyyətinin nisbətən yumşaldılmasına imkan vermir.
Dəyişikliklərdə digər bir məqam bank rəhbərləri ilə bağlıdır. “Banklar haqqında” qanuna görə, müflis bankın rəhbər vəzifəli şəxsləri 3 il ərzində digər bankda rəhbər vəzifə tuta bilməz. Dəyişikliklərdən sonra həmin müddət 3 ildən 2 ilədək azaldılıb.
Ekspertlərin fikrincə, müddətin azaldılması bankirlərin məsuliyyətini də azaldır. Əgər onlar əvvəl 3 il işsiz qalacaqlarını düşünürdülərsə, qəbul etdikləri qərarları bir az götür-qoy edirdilər.
Müddətin azaldılması bu sahədə də boşluqlara gətirib çıxaracaq. İndi bankir 2 il işsiz qalandan sonra yenidən hansısa banka rəhbərlik etmək şansı qazanacaq.
Başqa sözlə, çökən bankın rəhbəri bir müddət istirahət edib yenidən iş başına qayıdacaq. Bu da bank sektoru üçün yeni risklər yaradır.