İqtisadiyyat (18-01-2017, 09:53)
Tikinti bazarında qiymətlər dollardan da sürətlə qalxır
Manatın devalvasiyası işbazların əl-qolunu açıb; ekspert: “Ölkədə rəqabətli mühit olmasa...”
Mediatv.az: Manatın dollara nisbətdə dəyər itirməsi dəmir bazarında da kəskin qiymət artımına səbəb olub. İddialara görə, vəziyyətdən istifadə edən işbazlar süni qiymət artımına getməklə bərabər materiallarının keyfiyyətini də aşağı salıblar. Dərnəgül yolundakı dəmir bazarında olduğumuz zamanı maraqlı faktların şahidi olduq.
Öncə topdansatış qiymətlərlə maraqlandıq. Öyrəndik ki, diametri 25 mm olan borunun qiyməti bir ay öncə 2.60 AZN olduğu halda, hazırda 2.90 AZN-dir. 32 mm-lik boru bir ay öncə 3.30 AZN-ə satıldığı halda, hazırda 3.80 AZN-ə satılır. 50 mm-lik borunun qiyməti isə bir ay ərzində 70 qəpik bahalaşaraq 5.70 AZN olub. O da bəlli oldu ki, birinci devalvasiyadan öncə bu materialların qiyməti təxminən indiki dəyərinin yarısı qədər imiş. Misal üçün, birinci devalvasiyadan öncə 50 mm-lik boru 2.90 AZN-ə satılıb.
Armaturun qiymətində də nəzərəçarpacaq artım var. Belə ki, təxminən bir ay öncə tonu 760 AZN olan armatur hazırda 800 AZN-ə satılır. Dəmir lövhələrin bir ədədinin qiyməti əvvəl 9 AZN-ə olduğu halda, hazırda 11.80 AZN-ə satılır. Topdan satış yerlərində söhbət etdiyimiz alıcılar bildirdilər ki, son vaxtlar qiymətlərin artması bir yana, keyfiyyət də xeyli aşağı düşüb. Onların sözlərinə görə, topdansatış yerləşində alıcılar aldadılır: “Hər ay qiymətlər dəyişir. Dolların bahalaşmasını bəhanə etsələr də, bunlar dolların bahalaşma tempindən də sürətlə qiyməti qaldırırlar. Qiymət artımlarının geri dönüşü də yoxdur. Borulara gəlincə, bazarda qalınlığı 3 mm olan boru tapmaq olmur. Şirkət olaraq qalınlığı 3 mm-lik boru sifariş edirik, ancaq istifadə edəndə görürük ki, keyfiyyət çox aşağı salınıb. Bunun da səbəbi odur ki, topdansatış yerləri özləri sifariş verdikləri zaman deyirlər ki, borunun qalınlığı 3 mm-dən aşağı olsun. Ancaq müştəriyə həmin borunu 3 mm-lik adı ilə satırlar. Yəni bazarda bu cür özbaşınalıq baş alıb gedir. Vəziyyət o yerə çatıb ki, dəmir lövhələrin də qalınlığını 0.5 mm-lik olmaq əvəzinə, 0.3-0.4 mm çıxır. Bunların da qalınlığını, keyfiyyətini azaldıb, qiymətini isə qaldırıblar”.
Tikinti materialı bazarında digər materialların da qiymətləri ilə maraqlandıq. Öyrəndik ki, digər növ materiallarda bir o qədər də qiymət artımı yoxdur. Misal üçün, tamet daşların qiyməti əvvəllər olduğu kimi, indi də 5-7 manat arasında dəyişir. Satıcı Vüqar Hüseynov bildirdi ki, qiymətləri artırmaq istəsələr də, bunu edə bilmirlər: “Əslində sementin qiyməti bahalaşdığı üçün qiymətləri artırmaq məcburiyyətindəyik. Ancaq alıcılar heç indiki qiymətlə materiala yaxın durmurlar. Müştəriyə qiymət deyirsən, az qalır ki, adamı döysün. Ona görə də qiyməti qaldıra bilmirik”.
Taxtanın qiymətində isə ötən aylarla müqayisədə müəyyən qədər artım var. Belə ki, hazırda taxtanın 1 kubu 290 AZN-ə satılır. Halbuki ötən aylarda qiymət 270 AZN olub. Hazırda taxta bazarında 270 AZN-ə yalnız işlənmiş və keyfiyyəti aşağı olan taxta tapmaq olar. Taxtadan hazırlanan tikinti materiallarının da hamısının qiymətində artım var. Məsələn, dikd deyilən materialın qiyməti 18 manatdan 21 manata qalxıb.
Bazarda xırdavat mallarının da qiymətində son aylar 20 -25 faiz artım var. Satıcılar deyir ki, qiymətləri manatın məzənnəsinə uyğun olaraq qaldırırlar və bu hal hələ ki davam edəcək. Çünki manat durmadan ucuzlaşır.
İqtisadçı Natiq Cəfərli tikinti bazarındakı vəziyyətlə bağlı bunları bildirdi: “Xaricdən gətirilən materialın bahalaşmasının məntiqi aydındır. Bu, dolların məzənnəsi ilə bağlıdır. Yerli istehsalın bahalaşması isə müxtəlif səbəblərlə əlaqəlidir. Ola bilər ki, xammalın maya dəyərində müəyyən qiymət artımı olub. Bir məsələ də var ki, Azərbaycanda əvvəllər metal məmulatlarının böyük əksəriyyəti ikinci dərəcəli materialdan hazırlanırdı. Yəni yığılan dəmirlər təkrar istehsala gedirdi. İstehsal olunan məhsulun keyfiyyəti isə müəyyən qədər aşağı idi. İndi ola bilər ki, bu bazar da darlaşıb və təkrar istehsala gedəcək metal qalmayıb. Bu isə qiymət artımına səbəb olur. Eyni zamanda son zamanlar vergi qanunvericiliyinə çoxsaylı dəyişikliklər edilib. Bu dəyişikliklər də istehsalda maya dəyərinin artmasına səbəb ola bilər. Ölkədə rəqabətli mühit olmasa, stabil qiymətə nail olmaq çətin olacaq. Xarici şirkətlərin bazara birbaşa daxil olmasına imkanlar yaradılsa, istehsalçı şirkətlərin sayı artarsa, düşünürəm ki, rəqabətli mühit şəraitində qiymətləri tənzimləmək olardı. Azərbaycan hökuməti və cəmiyyəti dövlətin bütün sahələrdə qiymətə müdaxilə etməli olduğu düşüncəsindən əl çəkməlidir. İnzibati yollarla qiymətin tənzimlənməsi effektiv deyil”.(Musavat.com)
Reklam
Ən çox oxunanlar
• Sorğu
Saytımızı bəyəndiniz?
Xəbər lenti
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
27 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024