Gündəm (5-04-2017, 18:32)
Rusiya XİN-dən aprel hadisələrinin ildönümü ilə bağlı bəyanat
Rusiya Xarici İşlər Nazirliyi (XİN) ötən ilin aprel ayında Dağlıq Qarabağda münaqişənin eskalasiyasının ildönümü ilə bağlı bəyanatla çıxış edib.
Mediatv.az-ın məlumatına görə, Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ATƏT-in Minsk qrupu həmsədrləri və beynəlxalq təşkilatlar tərəfindən Dağlıq Qarabağ regionunda, Ermənistan-Azərbaycan sərhədində qoşunların təmas xəttində aprel eskalasiyasından sonra vəziyyətin stabilləşməsi üçün aktiv səylər göstərildiyini bildirib.
Onun sözlərinə görə, həmsədrlər və digər vasitəçilər tərəflərin danışıqlar prosesinə qayıtması üçün əllərindən gələni ediblər: “2016-cı ilin Vyana və Sankt-Peterburq sammitləri bu münaqişənin nizamlanmasına həsr olunub. Ümid edirik ki, tərəflər danışıqlar masasına qayıdacaq, dayanıqlı nizamlanmaya istiqamətlənən dialoqu bərpa edəcəklər”.
M. Zaxarova bu istiqamətdə işin davam etdirildiyini də bildirib.