Gündəm / Slayd (2-11-2016, 16:13)
XOCA FƏTULLAH GÜLƏNİN HÖRÜMÇƏK TORUNDAKI AZƏRBAYCAN
Azərbaycan Parlamentində 47 Millət Vəkili ölkədən kənara çıxa bilmir.
(Xoca Fətullah Gülən: “...Mən və Camaatım hakimiyyətə gələrsə, birinci növbədə Şəhid qəbirlərini devirib, alt-üst edəcəm...”)
Oxuculara kiçik müraciət: “...Azərbaycanın hüquq-mühafizə orqanları cənab Prezidenti Gülənçilərdən qoruya bilmədilər... Heç olmasa, Sizlər cənab Prezidenti və onun ailəsini Gülənçilərdən qoruyasınız...
Elə bir əclaf hakimiyyət gələ bilər ki, o hakimiyyət... xanımlarınızı və qızlarınızı fahişəxanalaradək sürükləyə bilər...”
Mediatv.az: Hörümçək dünyada yeganə canlıdır ki, ovuna hücum edəndə onu boğmur, iynəli “xortumunu” onun beyninə sancıb iliyinədək sovurub, çəkib çıxarır... Fikrimcə Xoca Fətullah Gülən bu gün həyatımızda, içtimai-siyasi mühitimizdə onun canlı timsalıdır. İstər-istəməz düşünürəm; görən Azərbaycan dövlətinin strategiyasında, taktikasında hansı boşluqlar göründü ki, Xoca Fətullah Gülən o boşluqlara öz tikanlı xortumunu asanlıqla sancıb, nüfuz etdi, ora girə bildi. Bakıda oğulu anası ilə evləndirib Pensilvaniyadan xeyir-dua verən o olmadımı? Və yaxud “Fahişəxanalar sizin evinizdir”, adı ilə Lənkəranda, Gəncədə, Sumqayıtda, Bakıda... layihələr işləyən, gəncləri ona həvəsləndirən Xoca Əfəndi olmadımı?
Araşdırma materiallarına görə, 2010-cu və 2014-cü illərdə ABŞ MKİ Azərbaycanda mövcud quruluşu devirmək, onun əsasını sarsıtmaq üçün regionlara “Xüsusi araşdırıcılar” göndərdi. Məqsəd ölkənin ekstremal mənbələrini axtarıb, tapmaq və istənilən vaxtda rəhbəri devirmək... öz istəyinə uyğun “Paralel Respublika” qurmaq... idi. Məzhəbləri özgə olan Gülənçilər üçün Azərbaycan anlayışı yoxdur.
Beynimizə batmış Fətullah iynəsi iliyimizədək işləyib, içimizi sovurmaqda davam edir. Ulu Öndər Heydər Əliyevin qurduğu müstəqil Azərbaycanda hər şeyi devirərək, alt-üst etmək, əvəzində Paralel Respublika layihəsini həyata keçirmək üçün Xoca Fətullah Gülən ABŞ MKİ-nin taktikasına uyğun addımlar atmağı üstün tutur. Regionlarda kəşfiyyat xidmətlərinə uyğun bazaların qurulması, işləmək məqsədiylə ayrılmış pulların bölünməsi istiqamətində tərtib olunmuş sənədlər... artıq əlimizdədir. Sənədlərə baxanda inanmaq olmur: Doğurdanmı Ulu Öndərimiz Heydər Əliyevin qurduğu Müstəqil Azərbaycan didilib, tökülür? Doğurdanmı Xoca Fətullah Gülən şəhid qanı üstündə ucalan Azərbaycan Bayrağına bürünüb? Doğurdanmı Müstəqil Azərbaycan Xoca Fətullah Gülənin hörümçək torunda can verir?..
Azərbaycandan Pensilvaniyaya, Fətullah Gülənin Baş Qərargahına ünvanlanmış maliyyə sənədlərinə baxın. Onu Bakıdan Pensilvaniyaya “Mustafa T” adlı birisi göndərir. (Mustafa Əfəndi Bakıda Fətullah Gülənin maliyyə bazarına başçılıq edir.) O, yazır: “...Möhtərəm Fətullah Gülən Xoca Əfəndim! Allahdan Sizə sağlıq və səhhət diləyirəm. İnşaallah afiyətdəsiniz. Dualarınızda bu yazıq qulu unutmamağınızı təmənna edirəm... Mənə həvalə etdiyiniz Azərbaycandakı maliyyə sənədinin 2013-cü il tarixdəki raportuna əməl edib, Sizə göndərirəm. (Bax: imzalanmış maliyyə sənədinin surəti)...”
Bakıda Xoca Fətullah Gülənin qurulacaq Paralel Respublikası üçün ayrılmış maliyyə bölgüsü insanı düşündürməyə bilmir. Belə çıxır ki, ölkənin bütöv hüquq-mühafizə və təhlükəsizlik sistemi Pensilvaniyadan möhürü basılmış və hər il 53 milyon dollar və ondan artıq maliyyə vəsaitinin önündə aciz qalıb, iflic olublar. (Mən burada ölkənin Daxili İşlər Nazirliyini bütöv şəkildə kənara qoyuram. Cənab nazir R.Usubovun başçılıq etdiyi nazirliyin qoşun kontingenti, dövlətinə, vətəninə sədaqət andı içən general və zabitləri Xoca Fətullah Gülənin siyasətini həmişə alt-üst ediblər. Və apardığımız araşdırmaların nəticəsi olaraq, etiraf edirəm: Azərbaycanın müstəqilliyi Azərbaycan polisinin əlindədir, onun əxlaqında, vicdanındadır. Məhz bütün bunlara görə ABŞ MKİ-si, onun Pensilvaniyadakı emissarı Xoca Fətullah Gülən Azərbaycan Daxili İşlər Nazirliyinə girə bilmədi... polis orqanlarında Ulu Öndər Heydər Əliyevə içilən sədaqət andı, müqəddəs bir And olaraq qalır.)
Bir də cənab nazirin yadına salım ki, sıralarınızı bərkitmək üçün boylu-buxunlu gənclər axtarmayın. Yaxın gələcəkdə siz onlar üçün heyfslənəcəksiz. Çünki siz axtaran boylu-buxunlu gənclərin böyük bir qismi Aprel döyüşlərində (2016-cı il) Fətullah Gülənin güdazına getdilər...
Azərbaycan dövlətini parçalamaq üçün, cənab prezident İlham Əliyevi devirmək üçün MKİ-nin Gülən Camaatı arasındakı maliyyə bölgüsünə baxın. Bu maliyyə bölgüsü hər il belə davam edir:
1. Xəzər TV və Burc FM – 2 milyon ABŞ dolları,
2. Araz kursları üçün – 756 min ABŞ dolları,
3. Hizmət hərəkatı üçün (Paralel Respublikanı təbliğat məqsədi ilə) – 367 min ABŞ dolları,
4. “Zaman Azərbaycan” qəzeti üçün – 413 min ABŞ dolları,
5. Pərdəarxası simpoziumlar, konfranslar, toplantılar üçün – 210 min ABŞ dolları,
6. “Çağ öğretim” üçün – 8 milyon 435 min ABŞ dolları,
7. Azərbaycandakı nəzərdə tutulan adamlar üçün (onların arasında nazirlər, nazir müavinləri, rütbə sahibləri, regionlardakı təhsil sistemləri, tanınmış ziyalılar, elm və incəsənət xadimləri... də var) – 732 min ABŞ dolları,
8. Azərbaycanın bölgələrindəki (Gəncə, Qazax, Ağstafa, Şəmkir, Tövuz, Cənub regionları, Şimal Regionları) təbliğatçı emissarlar üçün – 184 min ABŞ dolları,
9. Hökumət və Dövlət aparatlarında, qanunverici orqanlarda çalışan qardaşlarımız üçün nəzərdə tutulan məsrəflər – 3 milyon 565 min ABŞ dolları,
10. Ümumən emissarların ayrı-ayrı yerlərdə Paralel Respublikanın təbliği üçün – 165 min ABŞ dolları.
ABŞ-a, Pensilvaniyaya göndərilən bu məxfi hesabat məktubunun surətini də dərc edirik.
Amma düşünməyə bilmirəm: Necə ola bilər ki, əsli-zatı bilinməyən, lakin rəsmi sənədlərdə erməni kimi hallanan Fətullah Gülənin ianələrilə öz ölkəsini, millətini, xalqını... (ən nəhayət... daha gerisini demirəm) hərraca çıxaranlar əldən getmiş Qarabağı qaytara bilərlərmi? Çünki Xoca Fətullah Gülən deyir:“Qarabağı düşünən... məndən deyil...” Bəlkə elə bütün bunlara görədir ki, Respublika Dövlət Gömrük Komitəsinin rəhbərliyi Qarabağdakı erməni terroru ilə bağlı kitabın çapına görə tanınmış bir şəxs haqqında Dövlət Təhlükəsizlik Xidmətinə rəsmən müraciət edib ki, bu adamı tutun... Yaxşı ki, Yasamal Rayon Prokurorluğu bu iyrənc oyuna qol qoymadı... Ölkənin MN-yi isə, sanki Fətullah Gülən qorxusundan Qarabağ döyüşlərini əks etdirən fundamental bir əsər hələ də ortaya qoymayıb. Mən bütün bunları müqayisə üçün dedim. Yəni, erməni terroru ilə bağlı kitab çap etdirməyin sonu... həbsdir. Çünki başımız üstündə (o şəxs məni bağışlasın) Azərbaycanı “Əclaflar yığını” adlandıran Xoca Fətullah Gülənin kölgəsi hələ çəkilib getməyib.
Amma araşdırmalarımız bizi daha uzaqlara apardı. Sənədlərə, məxfi məktublara baxdıqca düşünməyə bilmirsən; - Sanki bu məmləkətdə hakimiyyət olmayıb. Sanki bu məmləkət Ulu Öndər Heydər Əliyevdən qalan məmləkət deyil...
Cənab Prezidentə mesajım var:
- Bəs nə üçün ətrafınızdakı sadiq və sədaqətli adamların sırası seyrəlir? Nə üçün cəsarətli adamları ətrafınıza cəlb edə bilmirsiniz? Nəticədə onların böyük bir qismi ölkəni tərk edib gedirlər? Sağlam beyinlərin axınının qarşısını alın. Ətrafınızdakı çürük, milləti bezdirən, həyat tərzlərini satmış beyinlərdən xilas edin.
Qarşımdakı məxfi məktuba baxıb, düşünürəm. Necə ola bilər ki, 2011-ci ildə yazılmış “Çevrilişə cəhd” məktubundan sizin xəbəriniz olmayıb... (Mən hələ başqa məqamları açıqlamıram). Axı sizin yaxşı qoruyucularınız var. Və mən bu ara onlardan xahiş edərdim ki, Türkiyənin Fətullah Gülənçi şirkəti olan “Babil” elektrik şirkətinin Şüvəlandakı (Prezidentin iqamətgahı) ərazidə gördüyü işləri yenidən yoxlasınlar, nəzarətə götürsünlər. Çünki şirkət Fətullah Gülən planı ilə oraları “Ekranizasiya” etməyib... Məktubu imzalayan “Qafqaz” Universitetinin rektoru Əhməd Sanıç Pensilvaniyadakı Xoca Fətullah Gülənə yazır ki, Azərbaycanda camaat hakimiyyəti İlham Əliyevdən alıb, tanınmış siyasətçi – musavatçı İsa Qəmbərə verməyə hazırlaşır. (Yalansa atana lənət – müəllif.)“...Nə edək Xoca Əfəndi?... Biz bu istiqamətdə gənclərimizə “Facebook” – səhifələri vasitəsilə gizli məktublar göndəririk. Əlavə tövsiyyələrinizi verin. Təkliflərinizi verin...”
Pensilvaniyadan MKİ-nə sığınan Fətullah Gülən isə tövsiyyə verdi ki, onun haqqında söz deyən, tədqiqat aparan siyasətçini, politoloqu ya tutdurub həbs edin, ya da öldürün... yolumuz açılsın. Maneəni götürün... Amma həm ölkənin mənəvi aşınmaya uğramış müxalifəti, həm də Xoca Fətullah Gülənçilər nəzərdə tutulan siyasətçini öldürə bilmədilər, maşınla vurmaqla kifayətləndilər... Amma düşüncələrim mənə imkan vermir.
Cənab Prezident!
Necə ola bilər ki, vicdansızcasına yazılan bu məktubdan xəbəriniz olmasın. Sizə heç kəs haqq verməz ki, Şəhid qanı üzərində qurulmuş, Ulu Öndər Heydər Əliyevin cəsarətli addımları və siyasəti ilə parçalanmadan dayanmış Müstəqil Azərbaycanı “Məzhəb fərqi (yəni dini-imanı olmayan) Musavat rəhbərinə - İsa Qəmbərə...” (məktubda belə yazılıb) təhvil verəsiniz. Buna Sizin haqqınız yoxdur.
Amma nə etdiniz... “Yeni Musavat” qəzetinin redaktoruna orden verdiniz... Səbəb?.. Redaktora gəlincə, bütün bunlardan sonra aldığı ordeni könüllü Prezident Admnistrasiyasına qaytarmalıdır. Ordeni qaytar, cənab Rauf Arifoğlu! O, sizə haramdır və sizə başıucalıq gətirməz...
Azərbaycanı qarış-qarış gəzib keçən, qatı Gülənçi, Azərbaycanı “bayquş yuvası” hesab edən professor Ənvər Özərən ABŞ-ın Pensilvaniya 100-də məskunlaşan MKİ-nə sığınan Xoca Fətullah Gülənə ünvanladığı məktubda bir az da irəli gedir. Elə məsləhətlər verir ki, sanki bu dövləti bunlar idarə edirlər.
Xoca Fətullah Gülənin Azərbaycandakı emissarı Ənvər Özərən Pensilvaniyaya göndərdiyi məxfi məktubunda yazır: “...Möhtərəm Əfəndim!.. Mənim irəli sürdüyüm fikirlərə rəğmən, tövsiyyə və məsləhətlərinizi deyin. Məsələn biz qərara gəlmişik ki:
1-3. Mənim və digər qardaşlarımızın təklifi belədir ki, Azərbaycanda daha gənc kadrları irəli çəkək. Bunun böyük faydası olar. (Söhbət bacarıqdan, səriştədən, peşəkarlıqdan getmir)
2-4. Azərbaycandakı iş adamlarından, din xadimlərindən, məmur qardaşlarımızdan, “Camaat”ın üzvlərindən diplomat və siyasətçilərdən, elm xadimlərindən... rütbə sahiblərindən topladığımız ianələri daha banklarda yatırmayaq. Daha təhlükəsiz yerlərdə saxlayaq. Bunun üçün xüsusi adamlarımız var...”
Təhlillərimizə görə Xoca Fətullah Gülənin tövsiyyələri Azərbaycanda yavaş-yavaş həyata keçir. Pərdənin görünməyən tərəflərindən təcrübəli, peşəkar kadrların yerinə Fətullah Gülən demişkən “...daha cavan kadrlar...” irəli çəkilir.
Məsələn son illər ayrı-ayrı nazirliklərə, mərkəzlərə qoyulan kadrlara nəzər salın. Nə səriştə var: nə peşəkarlıq, nə cəsarət, nə hünər, nə də sədaqət...
Azərbaycan hələ də Xoca Fətullah Gülənin hörümçək torundadır. Bu zəhərli tordan ölkəni xilas etmək lazımdır cənablar! Biz hələ Xoca Fətullah Gülənin Gəncə, Şəmkir, Qazax, Tovuz, Ağstafa, Şəki, Quba, Şamaxı, Biləsuvar (bütövlükdə cənub regionlarındakı) təhsil müəssisələrindəki “Fətullah Gülən konseosiyaları”ndan söz açmırıq. Bu barədə növbəti yazılarımızda geniş açıqlama verəcəyik.
Rövşən Novruzoğlu.
Milli Təhlükəsizlik üzrə ekspert, politoloq.
Xeberinfo.com