Gündəm (11-07-2016, 21:21)
“Bu danışıqlar ən dinamik danışıqlardır” - İlham Əliyev
Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.
Mediatv.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Bakıda Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edərkən deyib.
Dövlət başçısı il ərzində keçirilmiş görüşləri xatırladıb və qeyd edib ki, bu, iki ölkə arasında əlaqələrin necə inkişaf etdiyini göstərir.
Azərbaycan Prezidenti Rusiyanın Prezidenti Vladimir Putin və xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə səylərinə dəyər verdiyini və buna görə təşəkkür etdiyini bildirib.
İlham Əliyev danışıqlar prosesinin fəallaşdığını vurğulayıb: “Bu danışıqlar ən dinamik danışıqlardır”.
Azərbaycan Prezidenti, həmçinin ümid etdiyini bildirib ki, Dağlıq Qarabağ üzrə danışıqlarda müsbət dinamika davam edəcək.
Dövlət başçısı qeyd edib ki, Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında maraqlıdır.
İki ölkənin müxtəlif sahələrdə qarşılıqlı əlaqələrinə toxunan Prezident İlham Əliyev deyib ki, əsas vəzifə bu münasibətlərin möhkəmləndirilməsindən ibarətdir.
Azərbaycan Prezidenti Rusiya ilə münasibətləri dostluq və tərəfdaşlıq münasibətləri adlandırıb.