Putin Türkiyənin ünvanına sərt ifadələr işlədərək deyib ki, indiki türk rəhbərliyi ilə danışıb razılaşmaq mümkün deyil.
Mediatv.az xəbər verir ki, “Türkiyədə islamlaşma prosesi gedir və yəqin ki, Atatürk buna görə öz məzarında rahat ata bilmir”-Putin deyib.
Rusiya prezidenti jurnalistlərin Su-24 təyyarəsinin vurulmasında üçüncü tərəfin əlinin olub-olmadığı haqda sualına cavab verərkən təhqirə keçib. “Siz soruşursunuz ki, bəlkə bu işdə hansısa üçüncü tərəf var? Mən sizin eyhamınızı başa düşürəm. Üçüncü tərəf varmı, bunu bilmirik. Ancaq əgər Türkiyə rəhbərliyindən kimsə amerikalıların müəyyən yerin yalamaq qərarına gəlibsə, bilmirəm bunu düz ediblər ya yox. Ümumiyyətlə amerikalılara bu hadisənin lazım olub-olmadığını da bilmirəm”-Putin bildirib.
* * *13:44
Vladimir Putin mətbuat konfransında Suriya ilə sərhəddə Su-24 bombardmançısının vurulmasından sonra Türkiyə ilə münasibətlər haqda da danışıb.
Mediatv.az saytı xəbər verir ki, Putin Türkiyə hakimiyyətini “düşməncəsinə hərəkət etməkdə” növbəti dəfə ittiham edib. Putin bildirib ki, Ankaranın təyyarəni vurmaqla nəyə nail olmaq istədiyini anlamır.
“Mən hələ də başa düşə bilmirəm ki, onlar nəyə görə belə etdilər. Nəyə nail olmaq istəyirdilər? Bəlkə gözləyirdilər ki, bundan sonra biz qorxub oradan (Suriyadan-red.) qaçaq?! Bunu görməyəcəklər! Əksinə, bu hadisədən sonra biz Suriyadakı hərbi qruplaşmamızı daha da gücləndirdik, ora əlavə döyüş təyyarələri göndərdik. O vaxta qədər orada bizim Hava Hücumundan Müdafiə vasitələrimiz yox idi, ancaq indi S-400 kompleksləri var. Üstəlik Suriya ordusunun “Buk” zenit-raket komplekslərini modernləşdirmişik, olduqca effektivdir.
Həmin hadisəyə qədər Türkiyə aviasiyası sərhəd boyu uçurdu, tez-tez Suriyanın hava sərhədlərini pozurdu. İndi hünərləri var, buna cəsarət etsinlər”- Putin deyib.
Xatırladaq ki, Su-24 təyyarəsinin vurulmasından sonra Türkiyə ABŞ-ın başçılıq etdiyi koalisiya çərçivəsində Suriyadakı reydlərini dayandırıb.
Mediatv.az
* * *13:20
Bu gün Rusiya prezidenti Vladimir Putin illik böyük mətbuat konfransına başlayıb.
Bu, Putinin keçirdiyi 11-ci belə mətbuat konfransıdır. Mətbuat konfransında iştirak sərbəstdir və bu səbəbdən Putinə sual vermək üçün minlərlə jurnalist toplaşıb. Mətbuat konfransı Rusiyanın aparıcı telekanalları ilə canlı yayımlanır.
Gözlənilir ki, sual-cavabın əsas mövzusu sosial-iqtisadi vəziyyət və beynəlxalq tematika olacaq. Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, jurnalistlər prezidenti çaşdıra və ya təxribata çəkə bilməyəcəklər. Çünki Putin ən müxtəlif sahələrdə ekspert səviyyəsində biliklərə malik olduğunu artıq sübut edib. “Həmçinin biz bilirik ki, o, çox məsuliyyətlidir və bu cür iri tədbirlərə çox diqqətlə hazırlaşır. Ona görə də çətin ki, kimsə onu təxribata çəkə bilsin”-Peskov deyib.
Mətbuat konfransı Putinin giriş sözü ilə başlayıb. Rusiya prezidentinin çıxışında ilin yekunlarına qiymət verəcəyi gözlənilir. Daha sonra jurnalistlərin sualları başlayacaq. Mətbuat konfransında vaxt məhdudiyyəti qoyulmayıb.