Dünya (17-09-2015, 19:39)
İtaliyalı siyasətçi: Qərbin Azərbaycanla bağlı yanlış fikrinə görə Avropaya inam itəcək
İtaliyanın tanınmış siyasətçisi, Avropa Şurası Parlament Assambleyasında (AŞ PA) Avropa Xalq Partiyasının sabiq prezidenti Luka Volonte Azərbaycanda keçiriləcək qarşıdakı seçkiləri Avropa institutları üçün ölkəyə qarşı ikili standartlarının olmadığını sübut etmək və seçkilər prosesinə müsbət töhfə vermək baxımından şans adlandırıb.
Mediatv.az-ın xəbərinə görə, bu barədə “PRNewswire” saytı “Azerbaijan Monitor”a istinadən məlumat verir. Onun sözlərinə görə, 5 milyon azərbaycanlı noyabrda parlament seçkilərində iştirak etməyə hazırdır: “Lakin Avropa institutları və mətbuatı minlərlə azərbaycanlının Ermənistanın işğal etdiyi Dağlıq Qarabağ və ətraf rayonlarda demokratik hüquqlardan məhrum olması faktına məhəl qoymur”. L.Volonte bildirib ki, hətta Avropa Şurasının rəsmi nümayəndəsi Robert Uolterin Azərbaycanın işğal edilmiş ərazilərinə giriş əldə edə bilməməsinin Avropada nəzərə çarpmaması təəssüf doğurur. Siyasətçi hesab edir ki, müşahidəçilərin Ermənistanın işğal etdiyi ərazilərə səfər edə bilməmələri əldən buraxılmış daha bir şansdır. Bundan başqa, o ehtiyat edir ki, jurnalist Xədicə İsmayılovanın həbs edilməsi nəticəsində KİV məhkəmə işləri ilə seçki prosesini birləşdirəcək: “Təəssüf ki, Qərb KİV-ində yayılan mübahisəli materiallar ikili standartları göstərir və onların yanlış qiymətləndirmələri Azərbaycan seçkiləri məsələsində istifadə edilə bilər”. L.Volonte güman edir ki, Avropa Parlamenti və AŞ PA müşahidəçilərinin 2013-cü il prezident seçkilərini azad, ədalətli və şəffaf seçki prosesi kimi qiymətləndirdiyini nəzərə alsaq, bəzi rəsmi müşahidəçilər Bakıya seçkilərə gələcəklər: “Bəzi beynəlxalq dairələrin Azərbaycanda qarşıdakı azad və demokratik seçkiləri hətta keçirilməmişdən qabaq etibardan salmağa çalışması ilə bağlı məntiqi əndişələr var. Buna görə də Avropa və beynəlxalq təşkilatlar Azərbaycanda seçki və islahatlar prosesinə müsbət töhfə vermək kimi gözəl imkanı itirirlər. Ümumilikdə Avropanın rəsmi Bakıya qarşı ritorikasını nəzərə alsaq, Qərb ölkələrinin Azərbaycana münasibətdə qabaqcadan meydana gəlmiş yanlış fikrinə görə yalnız Avropaya inam itəcək”.