Dünya (27-02-2015, 19:53)
Separatçı bölgələrə sanksiyaları gücləndirmək vaxtıdır - AKTUAL
Rusiya iqtisadiyyatının çökməsi ərazi bütövlüyü pozulan ölkələr üçün fürsətdir
Dünya birliyi Ukraynaya görə Rusiyaya təzyiqləri artırdıqca Moskva da qisasçı ruhda cavab tədbirlərindən qalmır. Sanksiyalar nəticəsində iqtisadiyyatı donan Rusiya artıq separatçı bölgələrə qarşı bir sıra təxribatçı ssenarilər həyata keçirir. Məsələn, dünən məlum olub ki, "Qazprom" rəsmi Kiyevin iştirakı olmadan Donbas regionunu qazla təmin etməyi planlaşdırır. Yəni rəsmi Kiyev bu bölgəyə sərf olunan qaza görə pul ödəməli olmayacaq.
Xatırladaq ki, bir qədər əvvəl Rusiya hökuməti Donbasda təbii qaz kəmərlərinin zərər gördüyünü əsas gətirərək bu bölgəyə qazın nəqlini dayandırmışdı.
«Qazprom»un qaz oyunu
Maraqlıdır ki, Ukraynanın qalan hissələrinin qazla təmin olunması üçün Kiyev hökuməti "Qazprom"a əvvəlcədən ödəniş etməlidir. Hazırkı müqavilənin müddəti fevralın sonunda başa çatır. Avropa Komissiyası enerji və qaz təhlükəsizliyi məsələlərinin müzakirəsi məqsədilə hər iki ölkənin enerji nazirlərini Brüsselə dəvət edib. Rusiyanın Ukraynaya nəql olunan qazı kəsməsi, eyni zamanda, bu ölkə vasitəsilə Avropaya nəql olunan qazın 40 faizinin dayandırılması deməkdir. Göründüyü kimi, Rusiya satdığı qazın qiymətini artırır, ala bilmədikdə isə kəsir. Amma separatçı bölgələrə havayı qaz verir, bunu özünə əskiklik saymır. Özü də bu məsələdə Qərb də öz mənfəətlərini güdür. Yuxarıda qeyd olunan açıqlamaya fikir verin: Ukraynaya qazın ixracı dayandırılarsa, Avropaya satılan qazın 40 faizi kəsilər.
Bu yandan da Moskva Ukraynadan bitərəf mövqe sərgiləməyi tələb etməyə başlayıb. Kreml bunu belə şərtləndirib: ölkənin parçalanmaması və avroatlantik regionda sabitliyə töhfə vermək üçün bitərəf statusunu saxlamalıdır. Elə isə sual çıxır: ərazisi tədricən işğal olunan, iqtisadiyyatı çökdürülən Ukrayna sərhədlərində Rusiya kimi təcavüzkarın dayandığını gördüyü halda necə bitərəf qalsın? Yaxud da Ukrayna bitərəflik haqqında Moskvanın tələblərini yerinə yetirərsə, itirdiyi torpaqları geri qaytarılacaqmı? Təbii ki, ruslar bu suala cavab vermir və ya verərsə də birmənalı şəkildə «yox» deyəcəklər.
Dnestryanı yardım istəyir
Fikir versəniz, Rusiya separatçı bölgələrə qaz vermək istədiyini elan edən gün Moldovadakı Dnestryanı separatçı bölgə də maliyyə yardımı almaq məqsədilə Moskvaya, eyni zamanda, özü xarici yardımdan asılı olan Kiyevə müraciət edəcəyini açıqlayıb. İki dövlətin rəhbərliyinə ünvanlanacaq müraciətdə “həm Rusiya, həm də Ukrayna vətəndaşlarının daxil olduğu əhalinin aztəminatlı təbəqələrinə əlavə ünvanlı yardımın ayrılması” təklifi irəli sürüləcək. Daha bir müraciətin Dnestryanı münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinin iştirakçılarına (“5+2”) ünvanlanması nəzərdə tutulub. Müraciətdə “Dnestryanı Moldovanın xarici iqtisadi fəaliyyətindəki blokadanın ləğv olunması və yerli iqtisadiyyatın müstəqil resurs təminatlılığına nail olmaq üçün təcili tədbirlərin görülməsi” təklifini irəli sürmək qərara alınıb.
Rusiya yardım edə bilmir
Bu da ona işarədir ki, iqtisadiyyatı çökən Rusiya artıq sərhədindən kənardakı separatçı bölgələrə lazımi maddi yardım göstərə bilmir və bu səbəbdən də artıq həmin rejimlər səslərini çıxırmağa başlayıblar. Təbii ki, növbədə Qafqazda yaradılmış münaqişə ocaqlarıdır – Dağlıq Qarabağ, Abxaziya və Cənubi Osetiya da Dnestryanı kimi Moskvadan əlavə imtiyazlar tələb etməyə başlayacaqlar və bu zaman Rusiyada gərginlik özünü göstərəcək.
Amma deyəsən, Rusiya keçmiş siyasətinə uyğun olaraq düşdüyü vəziyyəti ictimaiyyətdən gizlətməyə səy göstərir. Qərbi ittiham edib ki, Ukraynaya münasibətdə Moskvaya qarşı blok yarada bilmədilər. Yəni dünyanın, xüsusilə də Avropanın bir çox ölkələri Rusiya ilə tam bərabərhüquqlu münasibətləri qorumağa üstünlük verir. Amma maraqlıdır ki, Rusiyanın və ya qərbin proseslərə nə ad verməsinə baxmayaraq, indi separatçı bölgələrə təzyiqləri artırmağı əsl vaxtıdır. Rusiya ilə döyüşməyin əbəs olduğunu başa düşən Qərb iqtisadi embarqolar tətbiqləməklə niyyətlərinə nail olmağa çalışdıqları kimi, separatçı bölgələrə hərbi hücum deyil, məhz iqtisadi müstəvidə mübarizə aparmaq daha effektli olardı. Elə Krım tatarlarının lideri Mustafa Cəmilovun dediyi kimi. Məsələn, o, Ukrayna prezidenti Pyotr Poroşenkonu Krımın enerjidaşıyıcı və ərzaq məhsulları ilə təchizatını tamamilə dayandırmağa çağırıb. “Rusiya Krımı işğal edib, onun düşdüyü ağır iqtisadi çətinliyə görə də məsuliyyət daşıyır”, - Cəmilov bildirib. O əlavə edib ki, hər bir separatçı bölgədə, o cümlədən, Krımda onun fikirləri ilə razılaşan böyük tərəfdarlar var. Siyasətçinin fikrincə, hazırda Rusiya inqtisadi-maliyyə müstəvisində öz canının hayındadır. Ona görə də ərazi bütövlüyü şübhə altında qalan ölkələr fürsətdən yararlanmalı, separatçı rejimlərə sanksiyaları daha da sərtləşdirməlidir. Cəmilov Krımı misal göstərir. Bildirir ki, orada yaşayan insanlar “rus Krımı” adlandırılan ərazidə heç bir perspektivin olmadığını gözəl başa düşürlər.
Bu yerdə qeyd edək ki, 2014-cü ilin iyulunda Cəmilov Avropa İnsan Haqları Məhkəməsində Rusiyaya qarşı iddia qaldırıb. Bundan əvvəl Kreml Krım tatarlarının liderinə yarımadaya girişinə qadağa qoymuşdu.
Sanksiyalara ehtiyac var
Müəllif mövqeyindən çıxış edərək xatırladaq ki, bu gün Krım heç bir sahədə, xüsusilə də enerjiyə, ərzaq məhsullarına, adi içməli və texniki suya tələbatını ödəmək iqtidarında deyil. Nəzərə alaq ki, təxminən 28 min kvadratkilometr ərazisi olan Krımda yaşayan 2 milyon insan tarlaları suvarmaq üçün tələb olunan suyu Ukraynadan kanal vasitəsilə gətirir. Üzü yaza gedirik, havalar qızdıqca əkin sahələrini suvarmaq lazım gələcək və bu zaman yarımadanın əziyyət çəkəcək sakinlərinə Rusiya ərazisində su gətirmək mümkün olmayacaq. Əlbəttə, Rusiyadan gəmilərlə Krıma ərzaq məhsulları daşımaq olar, amma orada elektrik enerjisi istehsal edən təsisatlar qurmaq xeyli vaxt tələb edir. Ona görə də Ukrayna yarımadaya sanksiyaları tam əhatəsilə gücləndirə bilərsə, hətta krımlılar ruslardan üz çevirə bilər.
Bu müstəvidə belə bir əsaslanma ortaya qoyulur ki, Krım, Dnestryanı və Qarabağ bölgələri Rusiya ilə həmsərhəd olmadıqları üçün təzyiqlərdən əzilmə imkanları da böyükdür. Məsələn, Dnestryanı Moldovanın içində anklav şəklində qaldığından Rusiyanın hava yolu ilə göstərdiyi yardımlar bölgəni istənilən səviyyədə inkişaf etməyə qoymur. Qarabağ isə Rusiyadan ümumiyyətlə, uzaqdadır və Ermənistan işğal etdiyi ərazilərlə bölgəni özünə birləşdirib. Amma Ermənistanın özü bu gün yardımla yaşadığından, sanksiyalar gücləndirildiyi təqdirdə, orada onsuz da pis olan vəziyyət daha da kəskinləşəcək. Krıma isə hansısa humanizm nöqteyi-nəzərindən Ukraynadan hələ də həm su verilir, həm enerji ilə təhciz edilir, həm də ərzaq, gündəlik tələbat malları satılır. Cəmilovun da dediyi kimi, əgər Kiyev yarımada ilə əlaqələri yerli-dibli kəssə, onda oradakı Rusiyapərəstlər səhv etdiklərini yaxşı başa düşəcəklər.
Vüsal Tağıbəyli