Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Dünya (5-12-2023, 13:01)
NAZARBAYEVİN MDB-dəki “BACANAQLARI”...

       
NAZARBAYEVİN MDB-dəki “BACANAQLARI”... –
Qazaxıstanın ilk Prezidenti, 1989-2019-cu illərdə ölkəyə rəhbərlik etmiş Nursultan Nazarbayevin “Mənim həyatım” adlı avtobioqrafik kitabında öz şəxsi həyatı barədə etirafları böyük əks-səda doğurub.

Kitabda Nazarbayev yazıb ki, onun ikinci arvadı və ondan iki oğlu var. Həmçinin, sabiq Prezident ikinci həyat yoldaşıyla 1999-cu ildə, yəni özünün 59 yaşı olanda tanış olduğunu bildirib: “Bir gün mənim Taldıkorqana getmək şansım oldu. Dövlət başçısının bölgələrə işgüzar səfərləri zamanı onu təyyarənin pilləkənlərində gül-çiçək dəstələri ilə qarşılayırdılar. Məlumdur ki, belə bir mərasimdə iştirak etmək üçün ən gözəl yerli qızlar seçilir. Çoxdandır adət etdiyimiz gözəl bir ritualdır. Amma həmin hadisə xüsusi təəssürat yaratdı. Hava limanında mənə gül verən qız heyrətamiz dərəcədə gözəl idi. Sonralar uzun müddət alovlu, zərif görünüşü ilə diqqəti cəlb edən, heyrətamiz gözəlliyə malik o qız yadımdan çıxmırdı”. Keçmiş Prezidentin dediyinə görə, o, 1999-cu ildə mətbuatda qızın “Miss Qazaxıstan” gözəllik müsabiqəsinin Qran Prisini qazanması xəbərini görəndən sonra Aseli tapa bilib.

Qeyd edək ki, söhbət Asel İsabayevadan gedir. Bu xanımın həmin vaxt cəmi 18 yaşı olub. Yəni Nazarbayevdən 41 yaş(!) kiçik... Hər halda, aradakı yaş fərqinə baxmayaraq, görünür Nazarbayevlə Asel xanımın hisləri qarşılıqlı olub və yəqin, Nazarbayev Prezident olmasaydı belə, bu izdivac “mütləq baş tutacaqdı”...

Ancaq maraqlı və bəlkə də təbiidir ki, dünyada Nazarbayev kimi “aşiq hökmdarlar” az deyil. Elə MDB məkanının özündə Nazarbayev bu “xüsusiyyətinə” görə tək deyil. Onun “köhnə dostları” arasında olan Belarus Prezidenti Aleksandr Lukaşenko hələ ki, şəxsi həyatı barədə kitab yazmasa da, bu məsələdə xüsusi seçilir. Lukaşenkonun şəxsi həyatı haqqında rəsmi mənbələrdə nəsə tapmaq çətindir. Amma bilinən odur ki, o, hələ də orta məktəbdən sevdiyi Qalina Lukaşenko ilə rəsmi evlidir və bu münasibətdən iki oğlu var - Viktor və Dmitri. Lakin onun başqa bir sevimli uşağı, “kiçik beşiyi” də var - oğlu Nikolay.

Heç bir rəsmi qaynaqda oğlanın anasının kim olduğu göstərilmir və ehtimal olunur ki, uşaq doğulduqdan sonra anasından alınıb. Müstəqil mənbələr mətbuatdakı çıxışlarında iddia edirlər ki, Kolyanın anası İrina Abelskayadır. O, Lukaşenkonun keçmiş şəxsi həkimidir. Çoxları bu qadının Nikolay Lukaşenkonun anası olduğunu düşünür, xüsusən də oğlan görünüşünə görə ona çox bənzəyir. İrina bir neçə il həkim kimi Lukaşenkonu bir çox səfərlərdə müşayiət etsə də, 2007-ci ildə qalmaqallı şəkildə baş həkim vəzifəsindən qovulub. Bir neçə il sonra o, vəzifəsinə qaytarıldı və indi tez-tez müxtəlif tibbi tədbirlərdə fəxri qonaq kimi çıxış edir, həmçinin Lukaşenkonun qatıldığı rəsmi tədbirlərdə iştirak edir. Lakin İrina heç vaxt oğlu Kolya ilə münasibətini və ümumiyyətlə onunla bağlı hər hansı məlumatı şərh etmir və çox güman ki, ona bunu etmək qadağandır.

Əvəzində, Belarus Prezidenti müsahibələrinin birində açıq şəkildə deyib ki, o, uzun illər arvadı Qalina ilə yaşamır, lakin ondan boşanmağın da “məntiqini görmür”. Həmçinin, Lukaşenkonu tez-tez müxtəlif tədbirlərdə gənc qızların əhatəsində, onlarla rəqs edərkən görmək olar. Mətbuatın Belarus Prezidentinin “aktivinə yazdığı” ilk məşuqəsi müğənni İrina Dorofeyeva olub. Belarus müğənnisinin Lukaşenko ilə 2007-ci ildə yaxından tanış olduğu ehtimal edilir. O, həmin vaxt Prezidenti Soçiyə səfəri zamanı müşayiət edib, “Slavyan bazarı” festivalı zamanı onun iqamətgahında görünüb. Lakin Dorofeyeva heç vaxt Lukaşenko ilə münasibətlərini rəsmi olaraq təsdiqləməyib. Buna baxmayaraq, Dorofeyeva ad günlərində Lukaşenkoya mahnı bağışlayır, Prezident isə buna cavab olaraq müğənnini televiziya ekranından ad günü münasibətilə təbrik edir...

Ancaq Prezidentdən cəmi 23 yaş kiçik olan Dorofeyeva Lukaşenkonun yeganə və “əsas” seçimi sayılmır. Lukaşenkonun adı ən çox 2018-ci ildə "Miss Belarus" müsabiqəsində qalib gələn Mariya Vasileviçlə hallanır. Bu Belarus gözəli ilə Lukaşenko sözügedən müsabiqədən sonra tanış olub. Deyilənə görə, həmin vaxt 21 yaşı olan qız məhz bu tanışlıq sayəsində daha sonra tez-tez müxtəlif tədbirlərdə Lukaşenkonu müşayiət etməyə başlayıb, universiteti bitirdikdən sonra televiziya aparıcısı və daha sonra isə hətta Belarus parlamentinin deputatı olub. Qeyd edək ki, bu məsələdə aradakı yaş fərqinə görə Lukaşenko dostu Nazarbayevi də keçib. Belə ki, Lukaşenkonun Vasileviçlə tanış olanda 64 yaşı olub, onların arasındakı yaş fərqi 43(!) ildir...

MDB məkanında ən çox özündən söz etdirən isə sözsüz ki, Vladimir Putinlə məşhur idmançı, bədii gimnastika üzrə Olimpiya çempionu Alina Kabayeva arasındakı izdivacdır. 1983-cü ildə Daşkənddə doğulan Kabayeva Putindən cəmi 31 yaş(!) kiçikdir. Bu göstərici üzrə Rusiya başçısı belaruslu və qazaxıstanlı həmkarlarından sonra yalnız “bürünc medala” layiq görülə bilər. Putinlə Kabayevanın 2001-ci ildə tanış olduğu bildirilir. Həmin vaxt Putinin 49, Kabayevanın isə cəmi 18 yaşı olub... Son olaraq məşhur “The Wall Street Journal” ötən ilki məqaləsində iddia edib ki, Rusiya Prezidentinin Alina Kabayevadan üç övladı var və ABŞ Kabayevaya qarşı sanksiya tətbiq etməyi düşünüb, lakin son anda bu ideyadan vaz keçib.

Putin birinci arvadı Lyudmila Şkrebneva ilə 30 ilə yaxın rəsmən evli olub və ondan iki qızının olduğu məlumdur. Yeri gəlmişkən, Putindən boşandıqdan sonra Lyudmila da “bekar qalmayıb” və özündən 20 yaş(!) kiçik iş adamı Artur Oçeretnıya ərə gedib...

Kabayevaya gəlincə, atası milliyyətcə tatar olan bu xanımın 2002-ci ilə qədər müsəlman olduğu, 2003-cü ildən etibarən isə xristianlığı qəbul etdiyi deyilir. Qərb mətbuatı onun 2015-ci ildə İsveçrədə ilk övladını dünyaya gətirdiyini yazır. Deyilənə görə, Kabayevanın artıq Putindən 3 oğlan övladı var...

Əlbəttə ki, bu siyahını uzatmaq da olar. Lakin məhz MDB məkanındakı dövlət başçılarını qeyd etməyimiz təsadüfi deyil. Necə deyərlər, “Sovet şineli”ndən çıxan və SSRİ-nin mənəvi-ideoloji tezisləri ilə böyümüş yuxarıda adları çəkilən ölkə başçılarının məhz öz vəzifə, hakimiyyət imkanlarından istifadə edərək 30-40 yaş kiçik xanımlarla rəsmi, yaxud qeyri-rəsmi izdivac qurmaları düşündürücüdür. Deməli, belə görünür ki, dünya, elm, mədəniyyət, incəsənət və s. hər nə qədər inkişaf etsə də, hökmdarların həyat tərzi, əyləncələri və zehniyyəti dəyişmir, onların adları prezident, baş nazir olsa da, mahiyyət etibarilə orta əsrlərin çarlarından, sultanlarından heç nə ilə fərqlənmirlər...

Cəlal Məmmədov

“AzPolitika.info”
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024