Dünya (11-02-2015, 21:28)
“Putin sovet dövründə ilişib qalıb” - Obama
ABŞ prezidenti Barak Obama hesab edir ki, Rusiyanın dövlət başçısı Vladimir Putin sovet dövrünün bataqlığında ilişib qalıb və buna görə də bir çox geniş imkanlardan məhrum olub.
B.Obama “Buzzfeed” internet portalına müsahibəsində belə deyib.
“Putinin kökləri öz sovet keçmişinə çox sıx bağlıdır. O, keçmişə sanki kök atıb. Putin sovet dövründə böyüyüb. KQB-yə rəhbərlik edib. Bütün bu təcrübələr onun bir şəxsiyyət kimi formalaşmasında ciddi rol oynayan amillərdir” - deyə B.Obama bildirib.
B.Obamanın sözlərinə görə, V.Putin bütün problemlərə “soyuq müharibə” prizmasından yanaşır: “Bu səbəbdən də Putin Rusiya üçün iqtisadi baxımdan faydalı olacaq bir çox imkanları əlindən qaçırdı. Putin qonşu və tərəfdaş ölkələrə köhnə sovet üslübundakı aqressiyadan başqa nəsə yeni bir şey təklif etmək imkanlarını da bu üzdən itirib”.
Bununla yanaşı B.Obama ABŞ-la Rusiyanın İranın nüvə proqramı məsələsinə dair müzakirələrdə sıx əməkdaşlıq etməsindən məmnun qaldığını da gizlətməyib. O, bu məsələdə Rusiyanın mövqeyini tərifləyib.