Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Mədəniyyyət (25-03-2014, 12:06)
Pəhləvan bacı-qardaş...

Pəhləvan bacı-qardaş...

Xalq yazıçısı Mövlud Süleymanlının “Yer üzünə məktub” yazısından bir hissəni təqdim edirik

Saz bu xalqın yaratdığı ilk musiqi alətlərindəndir...Məncə “yaratmaq” sözü burda doğulmaq kimi anlaşılsa daha dəqiq olar. Saz yaradılmaqdan daha çox  anadan olmağa, doğulmağa bənzəyir. Adicə bir musiqi aləti olsa da onunla bağlı bildiklərimiz bunu deməyə əsas verir...

Hər ağacdan saz olmaz, deyərlər. Saz ancaq tut ağacından yaranır. Tut ağacının da yalnız güney üzündən, yəni gün düşən, gün döyən üzündən. Quzey üzündən yaranan sazın səsi olmaz, ona görə də lal sazlar var, neynirsən elə, lal saz istədiyin səsi verməz, ona görə ki, ağacın gün düşməyən kölgəli tərəfindən düzəlib.

...El-oba yaddaşında, yaradıcılığında başqa ağaclarla yanaşı Tut ağacının da çox geniş yeri var... hardasa bir az da qutlu-sayalı...yəni müqəddəsliyi var... Deyərlər, tut ağacını “kəsmə, qarğışı qalır...kəssən də deynən, səni kəsmirəm, o taya aparıram... inanacaq”...  Deyərlər, “Beşiyi tutdan as, özü yırğalanacaq...” “Ən dərin yuxu tut ağacıyla söyüd ağacının altındadı...” həm də “Bəsləsən atlas olar tut yarpağınnan...Səbr ilə halva bişər ey qora səndən.” Bir də deyərlər, odunu-közünü düz versən, yəni meyvəsini arayıb-darayıb ocaqda düz qaynatsan, bəkməzi can dərmanıdı... İgid-bahadır oğlanlar üçün deyərlər, “...qolları əyilməz, elə bil gər tutdandı...” Gər tut meyvə verməz, onun meyvəsi əyilməzliyidi, ipək də onun yarpağından olur. Toxumu torpağa düşdüsə qayanı da yarıb keçəcək...Yiyəsini anlayandı; sən də onu anlasan, nə calaq etsən tutacaq...

Bütün bunlar bir yana, sazın anasıdı tut... sazın doğulduğu yerdi, sazın tellərində dil-dil ötəndi, tut ağacı...

İndinin özündə də düzəltdiyi sazlarla ad-san qazanmış sazbənd Kövrək Murad qaçqınlıqdan-köçgünlükdən sonra günlərin birində Şamaxı rayonunda yurd saldığım kənddəki qapımda günəqarşıda bitib boy vermiş tut ağacının güney üzünə  baxıb:

- Tutun boyunda saz var,- dedi.- İnan ki, bətninnən sazın səsini eşidirəm.- Əlini ağacın gün döyən üzünə sürtdü.- Ağacın gün düşməyən tərəfindən düzələn saz yaxşı dillənməz, ona görə də adına lal saz deyərlər...Sazın dillənməsi üçün günün düşməyinnən, yellərin əsməyinnən çox şey asılıdı. Saz da uşaq kimidi, ağacın gövdəsində onun da vaxtı-vədəsi var, “uşaq” kimi gərək vaxtını bilib  götürəsən...

Deyərlər, “sazın yeri dördədi”, yəni evin sayılan, seçilən yerində. Çalınsa da çalınmasa da öz yerindən asılı olar...

Daş uşaq...

Deyirlər ki, bir kişinin uşağı olmurmuş, gecə-gündüz fikir eləyir, ağrılar-acılar çəkirmiş. Çox düşünür-daşınır, günlərin birində  arvadına deyir:

- İzn ver, karvanın birinə qoşulum gedim, dərdim-qəmim dağılsın, dolanıb gələrəm. –Dönüb dördən asılmış saza baxır.- Mənim qayıtdığımı saz bildirəcək...-deyir.-Fikir verərsən, saz öz-özünə səs eləsə bil ki, mənəm, qayıdıram.

Elə də eləyir, bir karvana qoşulub gedir...

Ay keçir, il dolanır, günlərin birində arvadın qulağına saz səsi gəlir. Bilir ki, əri qayıdır. Ora vurnuxur, bura vurnuxur, bilmir neyləsin, oğul yox, uşaq yox, qabağına yüyürsün.Qaxılıb təzədən oturur, birdən nə fikirləşir, nə fikirləşmir, əriylə zarafat eləmək istəyir, yanındakı duz daşını qucağına götürür, sonra da uşaq kimi büküb beşiyə qoyur. Çıxır ki, əri qapıdadı. Əri onu görən kimi gülə-gülə:

- Niyə gec çıxdın?-deyir.

Arvad özündən asılı olmadan cavab verir:

- Uşağı əmizdirirdim!

Elə bu vaxt içəridən uşaq səsi gəlir, kişi də arvad da evə qaçırlar, görürlər ki, beşikdə ki, doğrudan da uşaqdı.

Deyilənlərə görə həmin uşaq Sarı Aşıqdı. Ona görə də Sarı Aşıq özü haqda deyir:                  

Başdan mən,

Binadan mən, başdan mən.

Nə atam var, nə anam,

Yaranmışam daşdan mən...

***

Beləcə, düşünək...!

Düzdür, hamı öz xalqının oğludur, hərə öz ailəsinin, hər ailə öz xalqınındır, amma hamı öz xalqını bir cürmü, eyni səviyyədəmi tanıyır?! Məncə yox...Xalqı tanımaq xalqı sevməkdən də asılı deyil...təəssübünü çəkməkdən daha çox asılıdır. Xalq dediyimiz anlayış mühit kimidir, nəfəs dərdiyimiz hava kimi.

Mənə elə gəlir ki, xalqdan qidalanan xalqını da yaxşı tanımalıdır. Xalqdan qidalanmaqsa anadan süd əmmək kimi başa düşülməlidir...Xalq doğrudan da təbiət kimidir; boş yerə təşəkkül tapmır. Doğulur, yaranır, özünün də xəbəri olmadan özünə lazım olanları yaradır, yəni hər yerindən tumurcuq açmağa başlayır, bu onun inkişafı-gəlişməyidir, qüdrətli xalqlar özündə boş yer qoymur ki, inkişaf etməmiş qalsın, yaşadığı və keçirtdiyi sınaqlar, təcrübələr də ona görədir...

Dediyimiz sınaqlar və təcrübələr də əslində onun yaradıcılıq məktəbidir. Xalq bütün münasibətlər üzrə “çiy yer” saxlamaz; boşluqları doldurmaqla öz möhtəşəmliyini qurur, ona görə də yaşayır və inkişaf edir...

Dədələr deyər: “Eldən əl alan dağ oynadar, dil alan yığnaq”...El dediyimiz, yurd dediyimiz əslində torpaqdır, bir ovuc darını bir batman eləyən torpaq. El diliylə desək, bəyin amanı, kasıbın imanı, yoxsulun gümanı olan torpaq.

Yağışlarımız...

Xalq düşüncəsində müxtəlif adda yağış növləri var. Belə bir ifadə işlədilir. “Elə bil durduğum yerdə gürşada düşdüm”.  “Gürşad aparsın səni...” Belə də deyərlər, “gürşad şimşəklə gələr, ildırımla gedər”. Torpaq, deyərlər, “qara gürşadda özünü sıxar ki, canına üşütmə keçməsin”. Ən qorxulusu gecə gürşadıdır. Atlara qamçı kimi dəyər, ona görə də açıqda olan atlar qaçıb canını qurtarmağa çalışar. Ona görə də deyərlər, “gürşad at bağrı çatdadar”...

Sürüləri döyüb arxacdan çıxarar...Bütün heyvanlar gürşad yağışını qabaqcadan hiss eləyir. Köhlən atlar yalman çırpar, ayaq döyər, itlər cənsiyər, qoyunlar imrənər, göy üzündə quş görməzsən. Bu dilləri bilən adamlara sərkər, baytal adamlar  deyərlər. Belə olanda baytal, sərkər adamlar səs eləyər ki, sürülər, ilxılar, sığırlar səsə  yığılsın, tütək çalınar, qamçı açılar, ya da elə belə üzünü gürşada tutub səslənərlər...Çox vaxt gürşad özüylə dolu gətirər. Dolunu qaytarmaqdan ötrü mis qablara duz doldurub dolunun altına qoyarlar. İlk beşik uşaqları qarğı ata mindirib dolu yağışının altına göndərərlər. Uşaq da qarğı atını çapa-çapa doludan götürüb dişlərinin altına qoyub oxuyar.

Mən anamın ilkiyəm,

Ağzı qara tülküyəm,

Mən kəsdim, sən də kəs,

Yığış yuvana qayıt,

Dədə, babana qayıt...

Adətən gürşad yağışlardan sonra ağyel gələr, bu vaxt deyərlər “gürşad dərd idi, ağyel dərman olacaq”. Belə bir alxış da var, “ağ yelə tuş olasan səni”, “üstünnən ağyellər əssin”....

Ağ yağış da var; bu vaxt deyərlər, “Göydən yerə nur yağır” Ağ yağışda göyün bir yanı açıq, buludsuz olur, Göyün açıq yerindən gün düşür, damcılar işığa bələnir. Buna görə də ağyağışa çox yerdə günlü yağış deyirlər...

Leysan yağışı da var; Leysan sel gətirər, deyərlər, birdən gəldiyi kimi birdən də gedər. Belə bir ifadə var; leysan getdi, sel qaldı...Sallama yağış, çiskin yağış var, çoban aldadan, qum-quma yağış, alaçalpo, çapıtma yağış növləri var.

Sallama yağış dolu olar, iri damcılı, ona görə də tez kəsər. Sallama yağışda deyərlər, “göydən yerə tel düşər...” Günlü gündə yağarsa çayları qabaran görərsən. Ona görə belə deyirlər ki, balıqlar sudan baş çıxardıb günlü-günəşli damcıları udar. Elin düşəncəsinə görə balıqların udduğu bu işıqlı damcılardan da dəniz mirvariləri yaranır...

Bir də baxarsan dərə yuxarı duman süründü, bilməzsən hardan gəldi, özüylə, daha doğrusu, içiylə də çiskin gətirdi. Ona görə də belə bir ifadə var, “Çiskin dumana bağlıdır”. Çiskində torpaq quzulayar, deyərlər, yəni qoynu- qucağı tumurcuqla dolar, bir üksüyündə beş quzuya yem olar. Birdən də duman elə qatılaşar ki, gözün ayağın altını görməz. Bir-birini səslə taparsan. Bu cür dumana “Kor duman” deyərlər. Bunu da deyərlər ki, “Kor dumanda” yamaca köbələklər gələr. Getdiyin yerdən “dabandönmə” qayıdarsan, görərsən ki, papaq-papaq köbələklərdi, balaca-balaca alaçıqlar kimi düzülüb çəhliminə. Dumanda-çiskində deyərlər, canavarın qursağı səs eləyər, yəni aclığı başlayar. Dumana bürünüb ova çıxar...

Babam deyərdi, “Kor duman” gələndə sürünün yanındasansa heç nə görməsən də özünü itirmə, gir sürünün içinə, qorxunu bidirmə, dinc səslə dindir sürünü. Sürü sənin səsinə yığışıb, topalaşıb səni də, özünü də otlaya-otlaya, qırpına-qırpına arxaca gətirib çıxardacaq...Yaylaq həyatımda mən bunu çox gördüm... 

Qarı nənə ki, dilini dinc saxlamadı, Marta barmaq elədi, sataşdı, buna görə də oglaqları borana düşdü, qırıldı. Onnan sonra da “Yarma soyrugu” (sovruq) gəldi, “Tüpü”, “Quş boranı” axırda da “Camış qıran”...Güclü olmasalar da tumurcuq qaytarandılar...

Bir də baxırsan günün gözəl, göy üzünün buludsuz, təmiz, dinc bir vaxtında  yağış başladı. Bu yağışın halına bələd olanlar heç fikir vermədi, bilməyənlərsə qaçıb gizləndilər. Naşı, xam çobanlar yapıncılarını çiyinlərinə atdılar, elə o an da yağış kəsdi. Ona görə də bu cür yağışa “Çoban aldadan” deyirlər...

Qum-quma yağış...Qum yağışı da deyirlər. Qum yağışı elə kirmişcə yağar ki, heç islandığını da bilməzsən. Əkin-biçinçün çox  xeyirlidir. Qum yağışında bütün quşlar yuvasından çıxır, göyün göylüyündə oyun oynayırlar. El arasında belə ifadələr var: “Qum yağışı cücük çıxardar”, “Qum yağışına düşdüm, cücüyüm çıxdı...” “Cücük” sözünü araşdıra bilmədim. Məncə, tumurcuq sözünə yaxındır, “cecək” sözünə də qohumluğu ola bilər Amma Ərəş mahalında Cücük adında kənd olduğu dəqiqdir.

Yuxarıda ona görə dedim ki, böyük olan Xalq hətta ən xırda münasibətlərində belə, “boş yer”, yəni çiy, işlənməmiş səmt qoymur, hər şeyi nizama salır, öz düşüncəsində düzən, səliqə yaratmasa gəlişməsi-inkişafı baş tutmaz. Bütün bunlar onun görüb-götürməyidir, onu gələcəyə alıb aparan proqramı da demək olar...

Bu mənada biz mənsub olduğumuz xalqı dərindən tanıyıb, öyrənib araşdırmalıyıq, boş yerə tərifləmədən doğrudan- doğruya fəxr etməliyik. Xalq özü bu haqda belə deyir; “Biliyini,-dərsini tərs oxumuş adam, yəni səviyyəsiz ziyalı yeri gəldi-gəlmədi xalqını tərifləyər, axmaq çoban itini tərifləyər, arvadağız kişi də arvadını...”

Bayaq dedik, bir də deyək, Xalq öz münasibətlərində “çiy yer” saxlamaz. İrili-xırdalı bütün münasibətlərə göz qoymağı bacarar...Ona görə də bu cür deyimləri var, söz deyib, yaradıb, hər yerdə də özünə, daha doğrusu bizə baş ucalığı gətirib, gətirir də. Deyərlər, “Elin dinazı ağırdı” yəni elin təənəsi... Çəkdiyi dərdlərdə, acılarda da boş yerlər qoymayıb. Dərdi sarsılmadan necə çəkməyin, dərdli, sıxıntılı anları  necə yaşamağın da yollarını işləyib hazır qoyub...Vaxt olub göz yaşını içinə axıdıb gizlədib ki, düşmənləri onun ağlamağını görməsin. Bunu özü daha dəqiq deyir.

Gülənbirdə,

Yol gedər, Güləbirdə,

Düşməni gördüm güldüm,

Ya qismət güləm bir də...

Kim sənəmdi,

Kim xandı, kim sənəmdi.

Gizli ağla, gözlərim

Bilməsin kimsə, nəmdi...

Sarı Aşığın nağılını da ona görə misal gətirdim. Bu kiçicik nağılda öz mifoloji baxışlarını ifadə etməklə Xalq həm də özünün doğma, kəndi obrazını yaradıb...

Urfanı...

1960-cı illərin sonlarıydı, Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsini bitirib Azərbaycan Dövlət Radiosunda işləyirdim. Ustad aşıq Hüseyn Saraclı Borçalıdan (Boççalı) qonaq gəlmişdi, Radionun səs yazma studiyasında üz-üzə oturmuşduq, saz havalarıyla bağlı sorğu götürürdüm. Ustadın yüzilliklərlə yaşı olan qaraçanaq sazı dizinin üstündəydi. Saza baxıb erməni kəndində oyuncaq “dar ağacından” asılan sazı xatırlayırdım, amma efirdə vaxtla bir başa üz-üzə dayandığın üçün vaxtın necə qiymətli olduğunu daha yaxşı anlayırsan, ona görə də Aşığa ayrılmış vaxtı almayım deyə o haqda danışmadım:

- Ustad, bugünkü saz dərsimizdə “Ruhani” havasından danışacayıq... Dinləyicilərimizi gözlətməyək, zəhmət olmasa...

Aşıq sözümü kəsib:

- Sən sazı bilənsən,-dedi,-  o havanın adına “Ruhani” niyə deyirsən bəs?!

Mən çaşıb qalmışdım, dar ağacından asılan saz da yaddaşımda bilmirdim nə deyəm.

- Qoy bizi indi dinləyənlər də anlasın ki, bu havanın adı

“Urfanı”dı,-dedi Aşıq.-Mollalar sazı görəndə az qalırdılar yiyəsi qarışıq dar ağacından assınlar. Bir fikirləş, saz havasının adına “Ruhani” deyərdilərmi, “Urfanı”dı bu havanın adı, bunlar eyni kök üstə olan üç qardaş havadı,; “Urfanı”dı, “Bəhməni”di, “Mansırı”dı. Ustadlar deyərdi ki, bu havaları yaradanın dərisini soydular...“Mənsuriyyə” adında muğam havası da həmin adamın  yaratdığıdı.

1940-cı ilin sonlarında “darağacından asılmış” sazı unudub X əsrin sonlaında darağacında dərisi soyulmuş Həllac Mansuru və hürufiləri  xatırladım...Bu havanın da heç şübhəsiz, Həllac Mansurun yaratdığını, onun adıyla bağlı olduğunu düşündüm...

Qodu...

Deyərlər, yaz axşamlarının düşdüyünü bilməzsən, yaz axşamları obaya durna kimi enər...Bir də yamaca çıxarsız ki, lalələr elə düzülüb ki, elə bilərsən sərgiyə gəlib, canıyanmışlar, utancaq-utancaq baş endəriblər, xalları, dəmgilləri də yanaqlarında. Lalələri belə görüb gəlinlər də yaşındılar. Nənələr də göz qoyurmiş:-Gəlinimiz lalədən yaşmaq öyrəndi,-deyərlər,-baxın, yaşmaqlandılar.

Məsəl var; “Urvan özündən olsa xəmirin küt getməz”...

Bir də baxarsan dediyimiz belə bir yaz axşamlarında “buludlar qarın bağladı”, yer aradı ki, ayağını qoysun, sonra da bir dağa dirsəklənib “yumub tökdü”. Belə yağışlar uzun çəkər, yəni ayağı yer tutmuş buludun yağışı uzun çəkər...

Hava yağışlı keçəndə kənd uşaqları yığışıb Qodu bəzəyərdik, dingəli, toqqalı bir gəlincik düzəldərdik, öz geyim-gecimimizi də dəyişib gülünc eliyərdik, düşərdik qapı-qapı...İp götürüb qırx düyün vurardıq, hər qapıda bir düyün kəsib, deyərdik:-bax, mən kəsdim, sən də kəs. Sonra da başlayardıq oxumağa:

Qodu-qodunu gördünmü,

Qoduya salam verdinmi?

Qodu itənnən bəri,

Qırmızı gün gördünmü?

Qodunun qızıl sancağı,

Günə düşdü yançağı...

Yağ gətirin yağlayaq,

Bağ gətirin bağlayaq...

Nənələr də qabaqcadan: -Qoduya patava toxuyuram, -deyə-deyə patava toxuyurdular ki, gələndə uşaqlara paylasınlar.
                   
Patavanı geyinək,

Gedək, günü gətirək.

Oyalıdı, oyalı,

Yumurtası boyalı,

Qodu ayağın sayalı,

Günün yağlı, boyalı...

Pay verməzlərin qapısında ayaq döyərdik, pay alana kimi əl çəkməzdik...

Ay çatma, çat, çatdadı,

Günün yanı çıtdadı...

Qoduya pay verməyənin

İlməsi ip tapmadı,

Ərişi üstdən addadı...

Nənələr də düşərdi əl-ayağa:-ay gəlinlər, ay qızlar, Qodunun payını verin, yoxsa:

Əllərimiz iş tutmaz,

Hanamız əriş tutmaz,

Yamağımız tikiş tutmaz.

İynəmiz gözə dəyər,

Həvəmiz dizə dəyər

Xalçasız, gəvəsiz qalarıq,

Sığırsız, dəvəsiz qalarıq...

Biz də pay alandan sonra səs-səsə verərdik:

Dediyim doğru olsun,

Pay verənin oğlu olsun,                                        

Verməyənin qızı olsun,

Yanağı qırmızı olsun...

Beləcə, Günəşi gətirib gələrdik ...

İlin belə çağında dədələr-babalar deyərdi:-ilimiz tumurcuq üstündədi, torpağa toxum atın, iliniz qalsın... Torpağa çiyid-toxum atardıq, ilimiz qalardı...      

***

Beləcə...  Varsaqdan Baxşıya, Baxşıdan Ozana, Ozandan Akına, Aşığa qalan, dildən dilə, yaddaşdan yaddaşa, dövrdən dövrə keçən, kağızlara, kitablara yox, içimizə yazılmış atüstü, ayaqüstü tariximizə sığındım...

 “Çərşənbəqovdu” mərasimləri...

Xalqda belə bir ifadə var: “Öyüdü deməsən qarğışdı, qarğışı deməsən alxışdı”. El-oba düşüncəsində hər bir günün öz sınağı var; çərşənbə günləri el arasında ağır gün sayılar. Ona görə də çərşənbə günü çöl işi başlamazdılar. Hana asmazdılar, uğura çıxmazdılar. Həmin gün adətən yarımçıq işlər görülərdi, bir də tənbəlləri çimizdirərdilər. “İşbilməzləri suya çəkin, ay tənbəl yiyələri!”  Belə deyib yarızarafat, yarıgerçək yarımçıq iş görənləri utandırardılar.

Uğura, yəni səfərə çıxmazdılar, dedik, doğrudan da belədir, indinin özündə də elə ailə var, çərşənbə günü yola çıxmaz.

Mən el, kənd, şəhər deyə bilmədim, sadəcə, bir ailə, deyə bildim. Çünki, düşünürəm ki, dediyim bu sınaq unudulub, sıxılıb bir ailə boyunda qalıb. Buna da, şükür, deyib araşdırmağımı davam etdirdim, bildiklərimi qələmə aldım.

Eldə belə bir söz var: “çərşənbə, tərpənmə”. Bu ifadələr İl-Ay günündə, yəni ilin axır çərşənbəsinin, daha doğrusu, həmin çərşənbə gününün başlanğıcında işlədilərdi, bu yeni il günündə oynalınan bir mərasim oyunu idi; tənəkə doyərdilər, qazan tovlayardılar, at üstündə kənd yollarına çıxardılar, at sürərdilər, qamçı səsləndirib tüfəng atılardı. Buna da el arasında “Çərşənbəqovdu” deyərdilər. Beləcə, el-oba öz inancına, düşüncəsinə görə Çərşənbəyə daraşmış pis ruhları  qovub çıxardardı...

Amma onu da deyim ki, xalqın minillik yaddaşında çərşənbə adı yoxdur; gün adlarını öz doğma dilimizdə bərpa edə bilsək çərşənbə sözünə rast gəlmərik. Bazarertəsi, Xas, Duz, Süd,(Tək), Adna, Adnaaxşamı, Bazar...

Bu mənada Xas günü sınanılmış ən yaxşı gün sayılır, Duz, Süd günləri həftənin ara-orta günləri olduğuna görə Elat-tərəkəmə günləri sayılırdı. Bu günlərə Həp-Hap-Xap günləri də deyilir. Qərbi Azərbaycanda, ölkəmizin qərb bölgələrində “Xap” adlanan günləri var. Bu söz məncə türk sözü olub “həp” sözündəndir; Bir, Birləşmək-bərabər olmaq mənasındadır. Həmin anlayışda erməni dilində də işlədilir... Bu söz özüylə hansı adət-ənənəni, hansı mənanı daşıyır?

Kəndlərimizdə, misalçün Şamaxı rayonunun Kərkənc kəndinə köçmüş Ermənistan türkləri bu minillik ənənəni Şirvanda da yaşatmaqdadırlar. Xapçı ailələr, yəni malqara saxlayan ona qədər ailə birləşir, həftəlik sağılan süd ara günlərdə bir ailəyə verilir. Beləliklə,- Xap kimdədi? –Filankəsdə. Duz günü sənin, Süd günü mənim... “Tək günü sənin, cüt günü mənim” ifadəsi də işlənir. Yəni on ailənin bir həftəlik yığdığı süd bir ailəyə verilir.

Tərəkəmənin minillik təcrübəsiylə kəndin Həp dediyi Birlik qış  azığını-azuqəsini düzəltmiş olur...Ərgən (yeniyetmə) vaxtlarımızda biz də belə edərdik, soruşardıq:-Xap kimdədi? Yerini öyrənib o evə qaymaq yeməyə gedərdik. Bunu ancaq yeniyetmələr edə bilərdi. Uşaqlara, yaşlılara ayıb sayılardı..

Pəhləvan bacı-qardaş...

Bir odunçunun bir oğlu, bir qızı vardı...Kasıbçılıq idi, kişi meşədən odun gətirib satıb güzəranını keçirirdi; bir qarına ac, bir qarına tox yaşayırdılar .Bu minvalla uşaqlar böyüdü, yeniyetmə  çağlarına çatdılar. Oğlu işə-gücə meylli deyildi, bacısı da onu kimi. Atası da səhərdən axşama deyinirdi :- Bu boyda boyunuzla heç oldunuz.

Günlərin birində oğlunu da özüylə meşəyə odun qırmağa apardı:

- Heç olmasa odun yarmağı öyrən,-dedi,-mən öləndə ac qalmayasan.

Oğlu dinib danışan deyildi, atası nə deyirdisə kirmişcə qulaq asırdı...Nə isə atası odunu ulağa yüklədi, meşədən çıxdılar. Bir çaya rast gəldilər. Ulaq çaydan keçə bilmədi, yük qarışıq dizlərini qatlayıb suyun içində yatdı. Ha dartındı ki, qalxsın, qalxa bilmədi. Atası bir oğluna baxdı, bir ulağa:

- Ulaqcan da olmadın,-dedi,- xeyirsiz oğul, bir işə yaramadın.

Söz oğlana necə təsir elədisə çaya girib ulaq qarışıq odunu çiyninə qaldırıb çayı keçirtdi. Odunçu qaldı baxa-baxa, mat-məətəl...

Elə-obaya söz yayıldı ki, odunçu oğluna vergi verilib. Amma odunçunun qızından hələ heç kəsin xəbəri yox idi. Bir gün qız gecə qardaşının çarıqlarını damın orta kərənini qaldırıb altına qoydu. Kərən palıd ağacından idi; iki boyun ulaq güclə sürüyüb gətirmişdi, qonum-qonşu da yığışıb damın üstə qaldırmışdı.

Səhər açıldı, oğlan çarıqlarını aradı tapa bilmədi, çıxdı bayırda axtardı, qonum-qonşunun gözü onsuz da oğlandaydı, yığışıb tamaşaya durdular. Odunçu da gəldi, çarıq tapılmadı. Bir də baxdılar ki qız qapıya söykənib gülümsəyir. Oğlan bacısına tərəf getdi:

- Sənin işindi, ver çarığımı!

Qız orta kərəni göstərib:

- Odu, ee, çarığın.

Odunçu oğlu əl atdı kərənə, qaldıra bilmədi. Qız kərəni qaldırıb,-Götür,- dedi.-İndən belə bir özündən deyəndə beş də mənnən de..

шаблоны для dle 11.2

Xəbər lenti
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
26 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024