Karusel (9-04-2015, 10:04)
“Düşmənlə dostluq, hərbi xidmətdən yayınma”
İcmalar insanları necə xristianlaşdırırlar
Ötən əsrin sonlarında respublikamıza ayaq açmış, hətta bir müddət fəaliyyətlərini aktivləşdirmiş bəzi missioner təşkilatlar yenidən hərəkətə keçiblər.
Son günlər ölkəmizdə qeyri-ənənəvi dini icmalara üzv olan vətəndaşların sayı durmadan artır. Redaksiyamıza bununla bağlı daxil olan məlumatda bildirilir ki, qeyri-islami dinləri təbliğ edən “Yeni həyat“ xristian-yevangel kilsəsinin filialına qoşulanlar çoxalmaqdadır. Bununla bağlı əldə etdiyimiz xəbərdə bildirilir ki, icma üzvləri son vaxtlar Bakıda bir ailəni tamamilə xristianlaşdırıb. “Yeni həyat”a qoşulma təsadüfən baş versə də, davamlı hal alıb. Belə ki, bir müddət əvvəl həmin ailə üzvlərindən birinin səhhətində problemlər yaranıb. Müalicə olunan qıza iynə vuran tibb bacısı isə “Yeni həyat”ın üzvlərindən imiş. Tibb bacısının ailəyə ayaq açması xəstənin həmin şəxsin təsiri altına düşməsinə, sonda onun “Yeni həyat”a qoşulmasına səbəb olub. İcma üzvləri əvvəlcə həmin qızı işlə təmin ediblər. Təbii ki, bundan sonra onu ələ alaraq icmaya üzv ediblər. Az müddət sonra ailənin ikinci qızı da “yeni həyat”çılara qoşulub. Daha sonra ailə başçıları olan ər-arvad da “Yeni həyat”a üzv olublar. Üstəlik, onlar öz yaxınlarını da bu icmanın üzvləri ilə tanış ediblər. Maraqlı cəhət odur ki, indi həmin ailənin işləyən üzvləri hər ay gəlirlərinin 10 faizini icmaya ödəyirlər. Bütün bunlar bir daha sübut edir ki, son vaxtlar bir sıra dini icmalar ölkəmizdə fəaliyyətlərini daha da aktivləşdiriblər.
Həmin qurumların fəaliyyətləri ilə bağlı araşdırma aparmağa qərar verdi.
Təhlükəli dini cərəyanların aqibəti necə oldu?
Ötən əsrin 90-cı illərinin əvvəllərində - respublikamız müstəqillik qazandıqdan sonra fəaliyyətlərini genişləndirən missioner təşkilatlar ölkəmizdəki dini tolerantlıqdan istifadə edərək əl-qol açdılar. “Həyatverici lütf”, “Ümumdünya Kilsəsi”, “Yehova şahidləri”, “Gideon qardaşlığı”, “Yeni Apostol” kilsəsi, “Ümid səsi”, “Yeddinci günün advinistləri”, “Bakı Bibliya İnstitutu”, “İxtus” Kilsəsi, “Neqeniya Xeyriyyə Cəmiyyəti” və digər dini icmalar, sektalar ölkəmizdə əhatə dairələrini genişləndirdilər. Xüsusən “Bakı Bibliya İnstitutu” paytaxtda geniş dayaqlara malik idi. Həmin təşkilatın “Keşikçi qülləsi” jurnalı Almaniyadan Bakıya gətirilirdi. “World Vision” təşkilatının üzvləri isə əhalinin diqqətini cəlb etmək üçün pulsuz ingilis dili kursları təşkil edirdilər. Təşkilatın üzvləri ödənişsiz kurslara gələn gəncləri icmalara cəlb edir, onlara ingilis dili öyrətmək adı altında xristianlığı təbliğ edirdilər. Həmin sektalar təhlükəli dini cərəyanlar idi. Buna görə də onların fəaliyyətlərinə qadağa qoyuldu.
Avropa ölkələri və ABŞ-ın bəzi missioner təşkilatları tərəfindən maliyyələşdirilən dini sektaların əsas məqsədi vətəndaşlarımız arasında dini ayrı-seçilik, dözümsüzlük yaratmaq, ekstremizm toxumları səpmək idi. Habelə missioner təşkilatların rolunun artırılmasını dəstəkləməklə müsəlmanlara qarşı mübarizə aparmaq, İslamı ləkələyən fikirlər formalaşdırmaq, həmçinin bu qurumların fəaliyyətinin gücləndirilməsi ilə Azərbaycanı dini zəmində müharibə meydanına çevirmək əsas hədəflərdən idi. Bu cür təşkilatların rolunun artırılmasında hətta erməni terror təşkilatları da mühüm rol oynayırdılar. Yeri gəlmişkən, bəzi sektaların indi də ölkəmizdə dayaqları mövcuddur. Məsələn, “Yehova şahidləri”nin dövlət qeydiyyatı ləğv olunsa da, əldə etdiyimiz məlumatlara görə, icmanın üzvləri hələ də məxfi fəaliyyət göstərirlər. Sektanın üzvləri gizli şəkildə xüsusi evlərdə toplaşırlar.
İcmanın milli maraqlarımıza zidd ideyaları mövcuddur. “Yehova şahidləri” ermənilərin bizə düşmən olmadığını iddia edərək bildirirlər ki, düşmənə güllə atmaq olmaz.
Bu arada bir maraqlı faktı da diqqətinizə çatdıraq: - Avropanın əksər ölkələrində “Məhd Kilsəsi”, “Yehova şahidləri”, "Yeddinci Günün Adventistləri"nin fəaliyyətləri qadağan edilib. Bütün bunlar bəzi dini icmaların fəaliyyətlərindəki təhlükəli tendensiyalardan xəbər verir.
İcmalar daha çox kimləri ələ alırlar?
Hazırda respublikamızda rəsmi qeydiyyata alınan dini cərəyanlar təhlükəsiz icmalardır. Onların dövlətimizə və dövlətçiliyimizə qarşı, habelə gənclərimizin başqa dini cərəyanlara qoşulması yönümündə fəaliyyətləri əvvəllər zəif idi. Bəzilərinin təhlükəli fəaliyyətləri isə yox dərəcəsindəydi. Qeydiyyatdan keçmiş “Asif Ata ocağı”, “Krişna şüuru” Dini İcması (İcmanın sədri Ramil Əliyevdir), Bəhai Dini İcması təhlükəli cərəyanlar deyil. Onların paytaxtda ofisləri mövcuddur. Bəhailər “Azad qadın” heykəlinin, “Nizami” metrostansiyasının yaxınlığında, krişnaçılar “Qara Qarayev” metrostansiyasının yaxınlığında bir araya gəlirlər. Lakin qeyd etdiyimiz kimi, son günlər icmalardan bəzilərinin aktivliyi müşahidə edilir.
Araşdırmalarımız zamanı məlum oldu ki, dini icmalar əsasən savadsız insanları tora salırlar. Çünki xəbərsiz mövhumatçıları, cəmiyyətin savadsız insanlarını asanlıqla ələ almaq mümkündür. İcmalar əsasən bu ideyaları təbliğ edirlər – hərbi xidmətə getməmək, düşmənə nifrət etməmək, “qardaşlıq” – düşmənçilik etməmək. Xatırlayırsınızsa, bir müddət əvvəl ABŞ-da təhsil almış gənclərdən biri respublikamıza qayıtdıqda hərbi xidmətdən boyun qaçıraraq, “Mənim əqidəm buna yol vermir” bəhanəsi ilə əsgərlikdən boyun qaçırdı. Dini sektanın təsiri altına düşmüş həmin gəncin söylədikləri onun xaricdə təhsil aldığı vaxt təsir altına düşdüyünü göstərirdi. Bununla bağlı ölkəmizdə digər xoşagəlməz hallar da aşkarlanıb.
Bəs nə üçün bu icmaların zərərli fəaliyyətinin qarşısını almaq olmur? İcmaların zərərli fəaliyyətlərinin qarşısı alındıqdan sonra onlar internet vasitəsilə təbliğatlarını davam etdirir, sosial şəbəkələrdə ayrı-ayrı insanları öz təsirləri altına salırlar.
Artıq bir sıra dini icmalar təbliğatlarını xüsusi internet səhifələr vasitəsilə aparır. Hazırda Azərbaycan Krişnaçılar Şüurlu Cəmiyyətinin xüsusi səhifəsi, Bəhailər İcmasının, habelə digər dini icmaların internet səhifələri fəaliyyət göstərir. Lakin onların təbliğat fəaliyyətləri bununla yekunlaşmır. İcmaların üzvləri paytaxtın bəzi rayonlarında, Bakıətrafı qəsəbələrdə fəaliyyətlərini genişləndirərək, üzvlərin sayını xüsusi kitabların satışı ilə artırıblar. Sabunçu rayonlarının sakinləri bildirirlər ki, bir müddət əvvəl ayrı-ayrı şəxslər onların qapılarını döyərək kitab, broşur satdıqlarını deyiblər. Belə hallar Suraxanıda da aşkarlanıb. Broşurlarda insanın özünü necə “təmizləməsi” göstərilir.
Bakıda kurs keçib, xarici ölkələrə göndərirlər
Missioner təşkilatların Azərbaycanda pastorlar yetişdirmək planlarının qarşısı alınsa da, təəssüf ki, ölkəmizdə hələ də pastorlar mövcuddur. Hətta belə şəxslər arasında hüquq müdafiəçisi də var. İcmalar ələ aldıqları şəxslərə Bakıda kurs keçib, sonra onları xarici ölkələrə göndərirlər. Pastorların bu məsələdə əsas işi onları hazırlaşdırmaqdır.
Qeyd edək ki, məsihçilər də öz təbliğatlarını daha çox elektron KİV və cəmiyyət arasında aparmağa üstünlük veriblər. Bunun təsiri nəticəsində son illər 600-dən çox azərbaycanlı İsa Məsihin varlığını “başa düşdüyünü” deyib. Amma araşdırmaçı Cavid Şahverdiyev bildirir ki, bu rəqəm əslində 5 mindən artıqdır: “Məsihçiliyi qəbul edənlər arasında xristianlar da var ki, onlar əvvəllər İsanı başqa formada qəbul edirdilər. Araşdırmalar göstərir ki, məsihçilərlə, daha doğrusu, “Yeni həyat“ın ardıcılları ilə “Yehova şahidləri“ arasında böyük fərq var. “Yehova şahidləri“ Allahın 3 şəxsdə bütövlük tapdığını qəbul etmirlər. Həzrəti İsanın onun tabeliyində olan oğlu olduğunu deyirlər. Düzdür, bu təriqətin üzvlərinə də məsihçilər deyirlər. Onlar Həzrəti İsanın başqa xristianlardan fərqli olaraq dekabr ayının 25-də deyil, oktyabrın 1-də doğulduğunu iddia edirlər. Məsihçilərin fikrincə, İsa heç vaxt onun ad gününü xatırlamağı deməyib, əksinə, bildirib ki, şagirdləri onun ölüm gününü yad etsinlər. “Yeni həyat“ın ardıcılları “Yehova şahidləri“ni öz arxalarınca aparmağa cəhd göstərir. Onların məqsədi İsaya müxtəlif aspektlərdən iman gətirən digər missioner təşkilatlarını parçalamaqdır. Ona görə də “yeni həyat“çılar daha çox güclərini informasiya müharibəsinə sərf ediblər”.
Kim, harada, necə?
Araşdırmalarımız zamanı məlum oldu ki, “Yeni həyat”a üzv olanlar bura özlərinin qohumlarını, tanışlarını, dostlarını da cəlb edirlər. İcmaya daha çox üzv gətirən burada xüsusi imtiyazlara malik olur. Yeri gəlmişkən, icmanın əsas məqsədi guya insanlara əsl həyatı tapmalarına kömək etməkdir. Başqa sözlə desək, günahkar dünyaya Allahın necə xilas verməsi və əbədi həyatı əldə etməsi barədə məlumat verməkdir. Üzvlər özlərini daha çox “yeni həyat”ın ardıcılları sayırlar. “Yeni həyat“ın ardıcılları heç bir missionerlik fəaliyyəti ilə məşğul olmadıqlarını, sadəcə, İsa peyğəmbərin varlığını, əbədi həyatın mövcudluğunu insanlara çatdırdıqlarını iddia edirlər. “Yeni həyat“ kilsəsinin mərkəzi ofisi Minskdə, Kovalyov küçəsi - 72 ünvanında yerləşir. İcma dünyanın müxtəlif ölkələrində filiallara malikdir. Ölkəmizdə isə filialın Bakıdakı rəhbəri - pastoru Lyudmila İbrahimovadır.
Azərbaycan Bəhai İcmasının rəhbəri isə Azər Cəfərovdur. İcma üzvləri müxtəlif strukturlarda çalışırlar. Onlar arasında hətta AMEA-nın əməkdaşı da var. Bir qədər əvvəl mətbuatda icmanın dövlətdən maliyyə yardımı almaqdan imtina etməsi haqda məlumat yayıldı.
Ümumiyyətlə, hal-hazırda ölkəmizdə fəaliyyət göstərən qeyri-müsəlman dini icmaları Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Bakı şəhəri Dağ Yəhudiləri, Azərbaycan Yəhudiləri, Bakı “Molokan ruhani-xristian”, Avropa və gürcü yəhudilərinin Bakı icmaları, Xilaskar Yevangelik Lüteranların Bakı, “Azərbaycan Respublikasında Katolik kilsəsinin Apostol Prefekturası”dır.
Ölkəmizin üçüncü böyük şəhəri olan Sumqayıtda da bir neçə dini icma fəaliyyət göstərir - “Molokan ruhani-xristian”, “Sumqayıt yəhudiləri” və Sumqayıt şəhəri Bəhai Dini İcması. Lakin bu icmaların fəaliyyətləri əvvəlki kimi nəzərəçarpacaq qədər aktiv deyil. Rəsmi qeydiyyatdan keçən həmin icmalar öz fəaliyyətlərini qanun çərçivəsində qursalar da, son vaxtlar baş verənlər vətəndaşların maarifləndirilməsi, o cümlədən din barədə məlumatlandırılmaları istiqamətində bir sıra işlərin görülməsi vacibliyini ortaya qoyur. Əks təqdirdə, icmaların təsiri altına düşənlərin sayı daha da artacaq.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı aprelin 8-də radikal xristian sektaları ilə bağlı açıqlama verib. O bildirib ki, bəzi xristian radikal qruplar Azərbaycanda yayılmağa cəhd edir:
“Biz buna imkan verməyəcəyik. Bu qrupları heç xristian kilsələri, xüsusilə də Azərbaycandakı xristian dininin təmsilçiləri də qəbul etmir. Biz onların bu cəhdlərinə imkan verməyəcəyik”.