Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Təhsil (12-10-2021, 19:12)
"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz" - NAZİRƏ CAVAB

"Aqrar Universitetin məzunları ilə təhsildə islahat olmaz"
"Gələcəkdə qadınların təhsildə çox olması problem yaradacaq. Amma biz kişi müəllimlərin çox olmasını istəyirik".

Bunu təhsil naziri Emin Əmrullayev deyib.

Qeyd edək nazirin səsləndirdiyi bu fikir ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb. Bu gün həqiqətən də ümumtəhsil məktəblərində çalışanların sırasında qadın müəllimlər üstünlük təşkil edir. Mövcud vəziyyət, yəni kişi müəllimlərin məktəblərdən kənarda qalması isə müxtəlif amillərlə, əsasən əmək haqqının aşağı olması ilə əlaqələndirilir.

Bəs kişi müəllimlərin ümumtəhsil məktəblərinə üstünlük verməməsinin səbəbini mütəxəssislər nə ilə izah edirlər?

Təhsil üzrə ekspert Elşən Qafarov Cebhe.info-ya bu istiqamətdə mövcud problemlərə toxundu:

“Biz Şərq cəmiyyətində yaşayırıq və tarixən bu cəmiyyətdə ailənin başında hər zaman kişi dayanıb. Bizim nənələrimiz, xalalarımız, bibilərimiz olub ki, ailə başçısını itiriblər və təkbaşına ailə saxlayıb, uşaqları böyüdüblər. Ancaq hər zaman deyiblər ki, başsız ailədir, yəni ailənin başında ata durmalıdır. Qadınların ən çox ümumtəhsil məktəblərində çalışdığı ölkə Sloveniya, Slovakiya, Pribaltika idi, ancaq biz son 6 ildə onların hamısını geridə qoyduq və hazırda Azərbaycan 1-ci yerdədir.

Bu məsələ kifayət qədər problemli məsələdir, bunun da sosial və digər səbəbləri var. Hazırda qadınların təhsildə üstünlük təşkil etməsinin əsas səbəbi müəllimlərin maaşının aşağı olmasıdır. İkinci səbəb isə bu gün müəllim işinin ancaq qadınlara aid olması ilə bağlı fikrin formalaşmasıdır. Məktəblərimiz 1990-2000-ci illərin ağır sınağından çıxıb, kişi müəllimlərin çoxu ticarət və digər sektorlara getməli oldu ki, bu da sosial vəziyyətlə bağlıdır.

Bu problemi aradan qaldırmaq üçün müəllimin maaşını artırmaq lazımdır. Ən azı indikindən iki dəfə çox olmalıdır. Azərbaycan keçmiş MDB məkanında müəllimlərin ən az əməkhaqqı aldığı ölkələrdən biridir. Eyni zamanda, ali məktəblərə, orta ixtisas məktəblərinə qəbul prosesinin tənzimlənməlidir. Bu gün istənilən kurs, kişi müəllimlərinə ümumtəhsil məktəblərindən iki dəfə çox əməkhaqqı verir.

Pedoqoji sahəni keçən kişi müəllimlər daha çox kurslarda işləməyə üstünlük verir. Bu gün ümumtəhsil məktəblərində tərbiyə mühiti dağıdılıb, konsepsiya yoxdur. Çünki istənilən bir ideologiya konsepsiya üzərində qurulmalıdır.

Bunu ölkə başçısı BDU-nun 100 illiyində də açıq şəkildə bildirdi. Bu gün məktəblərdə tərbiyə mühitinin qurulması üçün əməkhaqqının artırılması ilə yanaşı təhsilin tərbiyə konsepsiyası üzərində qurulmasını təmin etmək lazımdır. Ancaq nədənsə bu məsələdə illərdir ki, yerimizdə saymaqla məşğuluq. Əgər Təhsil Nazirliyi istəyirsə ki, problemi həll olunsun, formal, gözdən pərdə asan, islahat adı ilə kosmetik dəyişiklik aparmaqdansa sözün əsl mənasında islahatlar aparmaq lazımdır.

İslahat aparmaq üçün də təhsildə təhsil adamları olmalıdır. Bu gün Təhsil Nazirliyinin aparıcı vəzifələrini Aqrar Universitetin məzunları təşkil edir. Texnologiya, mühəndislik, hüquq, iqtisadiyyat sahəsində təhsil alanlar nazirlikdə əsas funksional vəzifələri tuturlar. Ona görə də yaxın müddətdə heç nə dəyişməyəcək və daha anormal vəziyyətin olacağını düşünürəm”.

Sovet dövründə kişi müəllimlərin ucqar kəndlərdə belə çalışmasına gəldikdə isə ekspert deyir ki, həmin dövrdə ideoloji konsepsiya vardı, kim hansı sahədə işləməsindən asılı olmayaraq ideoloji olaraq bilirdi ki, bu sahədə xidmət edir:

“Bu gün ucqar bölgələrə müəllim işləməyə gedən müəllimlər üçün biz nə edə bilirik? Təhsil Nazirliyi ucqar bölgələrdəki məktəblərə göndərdiyi müəllimlərlə heç olmasa, bir il müddətində maraqlanırmı? Xeyr. 5-15 saata 350-500, bəzən də 250 manatdan da aşağı əməkhaqqı alan müəllim orada necə qalsın? Onlar da gedib kartlarını verirlər məktəb direktorlarına, gəlib Bakıda kurslarda müəllimlik, repetitorluq edirlər. Problemin digər tərəfidə odur ki, guya gənc kadrların stimullaşdırılması ilə bağlı müəyyən tədbirlər görülür.

Onlara 50-90 manat əlavə pul verilir. Gəlin görək ucqar kəndə gedən müəllimin problemini həmin 90 manat həll edə bilirmi? Xeyr. Ona görə də guya nəsə edirik, əslində bu, heç nə etməməkdir. Nəticə etibarilə bu, müəllim nüfuzunun qaldırılmasından başlayaraq, müəllim peşəsinə axının qarşısını alır. Belə fikir səslənə bilər ki, 500 baldan yuxarı bal toplayanlar müəllimliyi seçir. Ancaq fakt odur ki, onlar repetitor adı ilə gəlirlər.

Çünki başqa bir sahədə sabit iş yeri tapmaq çətindir. “Kölgə təhsili” elə metastaz verib ki, tamamilə təhsilin üzərinə çöküb. Ona görə də bu gün müəllim işləməyə gələnlər repetitorluq üçün gəlirlər ki, dolana bilsinlər. Düşünmürəm ki, bu gün Təhsil Nazirliyi gənc kadrların qayğısına qalır”.

Ekspert bildirdi ki, təhsilə kişi kadrların cəlbi üçün sistemli addımlar atmaq lazımdır:

“Vaxtaşırı diaqnostika keçirilməlidir ki, atılan addımların hansı müsbət nəticələri oldu. Bu gün bunlar keçirilmir. Sanki bu gün ölkənin təhsilini idarə edən qurum nakauta düşmüş vəziyyətdədir. Atılan addımlarla bağlı optimist danışmaq olmur.

Gündən-günə səhv qərarların ardınca getmək ümidverici heç nə demir. Bu gün deyək ki, kütləvi şəkildə rüşvət alınmırdı, hazırda o, dövlət büdcəsi layihələrinin hesabına darmadağın edilib. Yaxın adamlarının hamısını orada oturdub, hərəsi bir layihə keçirib, bu layihələr də dövlət büdcəsinin hesabına keçirilir. Kişi müəllimlərin təhsilə gəlməsi üçün ilk növbədə məktəblərdə tərbiyə mühitini optimallaşdırmaq lazımdır. Bu sahədə də heç bir iş görülmür”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
24 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024
23 11 2024