Sosial (25-07-2015, 15:25)
Ali məktəblərə qəbul imtahanı keçirilib
mtahan respublikanın 11 şəhərində aparılıb.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirib.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılıb.
İmtahan saat 11-də başlanıb və 3 saat davam edib. İmtahan prosesinin idarə olunması üçün Komissiyada operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi bütün binalarla əlaqə saxlanılıb və imtahan prosesinin gedişi nəzarətdə olub.
Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, abituriyentlərin öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb. Hazırda TQDK-da müstəqil ekspertlər tərəfindən imtahanda abituriyentlərə təqdim olunmuş test tapşırıqlarının ekspertizası aparılır. Bu gün “Space” telekanalında canlı yayımlanan “Abituriyent” verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək.
İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və facebook səhifəsində yerləşdiriləcək. İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.
09:12
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün 2015/2016-cı tədris ili üçün ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirir.
TQDK-nın mətbuat xidmətindən Oxu.Az-a verilən xəbərə görə, imtahan respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 56 binada aparılacaq.
İmtahan bütün binalarda eyni vaxtda - saat 11.00-da başlanacaq və 3 saat davam edəcək.
Abituriyentlər imtahana özləri ilə şəxsiyyəti təsdiq edən sənədin əslini və “İmtahana buraxılış vərəqəsi”ni gətirməlidirlər. Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.
İmtahanda 29 582 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 15 835 abituriyent II qrup üzrə, 13 747 abituriyent III qrup üzrə imtahan verəcək.
Abituriyentlərdən 26 829 nəfəri (II qrup üzrə 14 052 nəfər, III qrup üzrə 12 777 nəfər) Azərbaycan bölməsinin, 2753 nəfəri (II qrup üzrə 1783 nəfər, III qrup üzrə 970 nəfər) isə rus bölməsinin məzunudur.
Abituriyentlərin 13 251 nəfəri (II qrup üzrə 9842 nəfər, III qrup üzrə 3409 nəfər) oğlanlar, 16 331 nəfəri (II qrup üzrə 5993 nəfər, III qrup üzrə 10338 nəfər) isə qızlardır. 28163 nəfər orta ümumtəhsil məktəblərinin, 19 nəfər ali təhsil müəssisələrinin, 1400 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 186 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1978-ci ildən, ən gənci isə 2000-ci ildəndir.
Bakı şəhərində 12765, Naxçıvanda 1458, Gəncədə 3686, Sumqayıtda 1537, Mingəçevirdə 1409, Şəkidə 1890, Ağcabədidə 1353, Göyçayda 1400, Şirvanda 1129, Lənkəranda 1837, Xaçmazda isə 1118 abituriyentin imtahan verəcəyi gözlənilir.
İmtahanların idarə olunmasına 218 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2491 nəzarətçi-müəllim cəlb olunacaq.
Mediatv.az
