Sosial (16-02-2015, 22:50)
Heç bir qadın təcavüzəlayiq deyil
Sosial şəbəkələrdə “sən də anlat” haştağı altında təcavüzə məruz qalan insanların həyat hekayələri anladılır. Gözəl kampaniyadır, ictimai qınaq üçün vacib addımdır. Amma təəssüf ki, təcavüzə məruz qalanlar, zorakılıqla üzləşənlər arasında çox az adam tapılar ki, sosial şəbəkədən yararlansın, yaxud da bunu yazmağa cəsarət etsin.
Bununla belə, bir yerdən başlamaq lazımdır. Əgər gecə küçədə görünmək qadın üçün təhlükəlidirsə (bugünlərdə iki kişi gecəyarısı küçədə qadına təcavüz ediblər), deməli, ictimaiyyət reaksiya verməli, təhlükənin qarşısını almaq üçün addımlar atılmalıdır. Necə ki, Türkiyədə bu etirazın şahidi oluruq.
Təəssüf, Azərbaycan da o ölkələr sırasındadır ki, orada əksər qadınların həyatında cinsi, iqtisadi və mənəvi zorakılıq var. Bizdə cinsi zorakılıq təkcə küçədə olmur, bunu həm də əzizlərimizin əli ilə həyata keçirirlər. Bizdə qızları daha çox toy-düyünlə, valideynin razılığı ilə zorlayırlar.
Məsələn, əksər rayon və kəndlərdə zorla qız qaçırmaq adəti hələ də var. Bu, qanunla adam oğurluğu hesab olunsa da, hələ də qızı zorla qaçırmaq, geri qayıtmağa üzü olmasın deyə təcavüzə məruz qoymaq adəti var.
Yadımdadı, tələbəlik illərində universitetimizin ən gözəl qızı laçınlı bir oğlan tərəfindən qaçırılmışdı. İki dəfə qızı oğlanın əlindən aldılar, yenə fürsət tapıb qaçırdı və elə maşındaca...
Bundan sonra “heç vaxt onunla yaşamaram” deyən qız polis bölməsində “öz istəyi” ilə qaçdığını söylədi.
Başqa bir tanışım isə bir gün oğlanın evində qalmışdı, valideynləri yerini öyrənə bilməmişdilər, ona görə geri qaytarılmadı. Bu lənətə gəlmiş mentalitetdə qaçırılan qızı geri qaytarmaq ayıb, töhmət sayılır. Qızın fikri, günahsızlığı kimin nəyinə lazımdır ki?
Bu ölkədə analar var ki, 15 yaşlı qızını 40 yaşlı kişinin var-dövlətinə “ərə verir”. Özü də döyə-döyə. Bu ölkədə atalar var ki, qızını yarımçıq təhsildən ayırıb qıfıl altında saxlayır. Sonra da zorla, rəyi belə soruşulmadan bir əşya kimi başqasına verir. Azyaşlıların, yeniyetmələrin ərə verilməsi faktı azdırmı? Bunlar zorakılıq hesab olunmurmu? Sadəcə bir fərqi var, bu qızlar zurna-qaval sədası altında təcavüzə məruz qalır, səsləri “ər evi gor evi” deyimi ilə susdurulur. İstəmədiyin adam ya zorla yatağına girdi, ya küçədə rastına çıxdı, nə fərqi var axı?
Bu ölkədə zorakılığa məruz qalan qadın bütün hallarda günahkardı. İnanmırsız, polis bölmələrindən soruşun. Əgər zorlayan ərdirsə, ondan şikayət edən qadın “yaxşı qadın da ərindən şikayət etməz. Yaxşı arvad kişinin istəyinə “yox” deməz” tənəsi ilə qarşılaşar. Yox, əgər qadın küçədə təcavüzə məruz qalarsa, o zaman yenə ilk deyilən fikir “gecənin o vədəsində küçədə nə işi vardı? Qısa yubka geyinəndə düşünəydi”-deyilir.
Amma bu düşüncədə olanların heç ağlına da gəlmir ki, onlar bunu deməklə elə kişiləri aşağılayırlar, “tut, parçala” təfəkküründə yaşayanların əslində heyvandan fərqlənmədiyini göstərirlər.
Təcavüzə məruz qalan qadınlar arasında başına gələnləri ən gözəl şəkildə Leyla anladıb. Alexandra Caveliusun qələmə aldığı “Leyla”dan danışıram. Əsər gerçək həyatdan götürülmüş bir bosniyalı qızın yaşantılarını əks etdirir. Əsir düşərgələrində olmazın məşəqqətlərini yaşayan Leylanın həyatı adamı çox sarsıdır. Əsərdə bir epizod var, Leyla deyir: “... Buradan sağ çıxmayacağam deyə düşünürdüm və əmindim. Artıq başqa bir düşüncə gəlmirdi ağlıma. Kişilər mənə zibil qutusu, oyuncaq, pislikmişəm kimi baxırdılar. İyrənc əhvalatlar anladanda “gül!” deyə emr edirdilər. Amma buna halım yox idi. O zaman biri qollarımı tutar, digəri təcavüz edərdi. Yarı ölü halda gülürdüm. Öldürmək onlara yetərincə maraqlı gəlmirdi. Mənə işgəncə verməyin keyfini yaşayırdılar...”
Leyla kimi işgəncə və təcavüz görmüş qadınlarla hələ Bosniya və Hersoqovinada olanda rastlaşmışdım. O insanların nələr yaşadıqları haqqında təsəvvürlərim yetərincədir. Bizdə də erməni təcavüzünə məruz qalan onlarla qadın var. Amma mental təpki bu insanların səsinin beynəlxalq aləmə çatdırılmasına imkan vermir. Hələ indiyədək biri açıq şəkildə ortaya çıxıb “baxın, erməni vəhşətinin bu cür qurbanı olmuşam” deməyib. Çünki ona pis nəzərlər baxacağından qorxub. Günahsız olduğu halda günahkar olacağından ehtiyatlanıb, dərdini içində basdırıb.
Mənə görə dünyanın ən böyük bəlaları təcavüz qarşısında heç nədir. Təcavüz qadını təkcə özündən deyil, bütün dünyadan iyrəndirə, onu çox rahatlıqla qatilə çevirə bilər. Ona görə də heç bir qadının təcavüzə layiq olmadığını insanlara anlatmaq, təcavüz olunanın deyil, təcavüzkarın ictimai qınağa tuş gəlməsinə çalışmaq lazımdı.
