Sosial (16-02-2015, 19:39)
Nəcəf Nərimanov küçəsi gölmçəyə qərq olub - FOTO, REPORTAJ
Nərimanov RİH-də isə hər kəsin gözü qarşısında olan bu antisanitar vəziyyətdən xəbərsizdirlər
Bir neçə gün əvvəl yağış suları Bakının Nəcəf Nərimanov küçəsindəböyük gölməçələr yaradıb. Bu ünvandakı 36-38 binanın qarşısında isə qanunsuz poliqon yaradılıb. Sakinlərin bununla bağlı müvafiq dövlət qurumlarına müraciətlərinə isə müsbət cavab verilməyib.
Bu vəziyyətlə bağlı sakinlərin «Həftə içi»nə ünvanladığı müraciəti araşdırmaq üçün həmin ünvana baş çəkdik. Nəcəf Nərimanov küçəsi ilə Ziya Bünyadov küçəsinin kəsişməsində, yerüstü piyada keçidinin qarşısında magistral avtomobil yollarını bir-birlərindən ayıran beton sədlər arasında qurulmuş dəmir məhəccər və onun naqilləri əyilmişdi. Z.Bünyadov prospekti ilə kəsişmədən başlayaraq Azadlıq prospekti ilə kəsişməyə qədər Nəcəf Nərimanov küçəsində axmayan yağış suları süni gölməçələr yaratmışdı. Hətta Azərbaycan Kooperasiya Universitetinin yaxınlığında da su yığını vardı. Müşahidələrimiz zamanı adıçəkilən küçədə yalnız bir yağış barmaqlığına rast gəldik. Onun da içərisi torpaqla, daş-kəsəklə və zibillə dolmuşdu. N.Nərimanov küçəsində bir neçə kanalizasiya quyusu olsa da, onlar da yağış sularının axıdılması üçün heç bir rol oynamırdı. N.Nərimanov küçəsindəki 36-38 saylı binanın qarşısında isə təxminən bir sotluq ərazidə qanunsuz poliqon yaradılmışdı. Orada sərinləşdirici və spirtli içkilərin şüşə və plastmas qabları, rəngli boya qabları, kağız və karton parçaları, sellafon torbalar, taxta, kublik, daş və digər müxtəlif tikinti materialları, doğranmış ağac budaqlarına və sair tullantılar gördük. Həmin ərazinin bir hissəsində dərin çökəklikdə yağış suları gölməçə yaranıb.
Antisanitariya mənbəyinə çevrilmiş zibilxanada
Sakinlər yağış barmaqlıqları və kanalizasiya şəbəkəsinin normal işləməməsinin yaratdığı bu problemə görə çox narahatdırlar. Azərbaycan Kooperasiya Universitetinin tələbələri isə çirkab suların yığnağına çevrilmiş bu ərazilərdə nəinki nəqliyyatın, hətta piyadaların hərəkətinə ciddi maneələr yaratdığını söyləyirlər. Onların dediyinə görə, 85 saylı marşrut avtobuslarının dayanacaqlarından biri bu universitetin qarşısında yerləşir. Amma yolda gölməçələr olduğundan sürücülər avtobusu bu dayanacaqda saxlamırlar. Ona görə də tələbələr təxminən 300-400 metr aralıdakı sərnişin dayanacağında saxlayan avtobuslardan düşür və universitetə piyada gəlirlər. Avtobusa minmək üçün də həmin məsafəni piyada qət etmək məcburiyyətində qalırlar.
Nəcəf Nərimanov küçəsindəki 36-38 saylı binanın qarşısındakı zibil yığnağına gəlincə, sakinlər dedilər ki, bir neçə il əvvəl həmin ərazi hasara alınıb və orada tikinti işlərinin aparılacağı gözlənilirdi. Amma sonradan həmin ərazinin dəmir hasarları dağıdıldı və oraya zibillər atıldı. Ərazi nəzarətsiz qaldığından yaxınlıqda tikinti işləri aparılan mənzillərin və evlərin tullantıları da daşınaraq qanunsuz zibilxanaya tökülür. Şikayətçilər gileyləndilər ki, qanunsuz poliqondakı yağış sularının yaratdığı süni gölməçə bəzən yay aylarında da qurumur. Qamışlığın və gölməçənin üfunət iyi ətrafı bürüyür. Antisanitariya mənbəyinə çevrilmiş bu zibilxanada yay aylarında xeyli sayda ağcaqanad olur. Onlar insanlara hücum etməkdən və onları sancmaqdan belə çəkinmirlər.
Şikayətçilər onu da vurğuladılar ki, üzləşdikləri problemlərlə bağlı dəfələrlə Nərimanov Rayon İcra Hakimiyyətinə müraciət etsələr də, onların şikayətlərinə məhəl qoyulmayıb.
İvra hakimiyyəti problem araşdıracaq
Nərimanov RİH-in ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Hüseyn Cəfərov isə «Həftə içi»nə bildirdi ki, sözügedən ərazidəki vəziyyətdən xəbərsizdirlər. Onun dediyinə görə, vətəndaşların şikayətləri ilə bağlı təmsilçisi olduğu quruma müraciət, şikayət və ya ərizə ünvanlanması barədə rəsmi məlumata malik deyil: «Bu problemlərlə bağlı araşdırma aparmadan konkret bir fikir söyləyə bilmərəm. Həmin ünvanlardakı problemlər barədə Nərimanov RİH rəhbərliyinə və aidiyyəti dövlət qurumlarına məlumat veriləcək. Çalışacağıq ki, həmin problemlər qısa müddətdə həll olunsun».
Şöbə müdiri vurğuladı ki, N.Nərimanov küçəsində zibillənmiş ərazinin təmizlənməsi barədə yerli icra hakimiyyətinə müraciət daxil olmayıb: «Ancaq aparacağımız araşdırmalar nəticəsində faktlar öz təsdiqini taparsa, müqəssirlər mütləq cəzalandırılacaq».
Hüseyn Cəfərov əlavə etdi ki, Nərimanov RİH tərəfindən aparılacaq araşdırmanın yekunları və həyata keçiriləcək tədbirlər barədə ictimaiyyətə məlumat veriləcək.
Təbriz Vəfalı
Fotolar müəllifindir
