Siyasət (4-04-2015, 22:08)
İran-ABŞ yaxınlaşması Azərbaycan üçün nə vəd edir? - DEBAT
Bir neçə gün öncə İranla Birləşmiş Ştatları arasında “nüvə istehsalının dayandırılması” ilə bağlı imzalanmış 25 illi müqavilə İran ictimaiyyətini sevincə qərq edib. Onlar azı 25 il ABŞ təzyiqindən qurtulduqları üçün sevinirlər. Elə ABŞ rəsmiləri də İranı sakitləşdirdikləri üçün xoşbəxt görünürlər.
Bəs Tehran-Vaşinqton münasibətlərinin istiləşməsi bizə nə vəd edir?
“Hafta.az-ın debatı” rubrikasında bu suala aydınlıq gətirməyə çalışdıq.
Politoloq Fərhad Mehdiyev hesab edir ki, İran-Qərb danışıqlarının uğurla nəticələnməsi, Rusiya və Azərbaycanın əleyhinə nəticələr verəcək:
“Bizə dəyəcək ilk zərbələr bunlardır: neftin ucuzlaşmasi və ölkənin geosiyasi önəminin azalmasına görə naz etmə gücünün azalması olacaq. Üçüncü mənfi təsir isə İranın güclənərək bizə müxtəlif məsələlərdə əngəllər çıxaracaq. Xəzər dənizinin statusundan tutaraq, Ermənistana qaz kəmərinin çəkilməsi və s. bu kimi işlərin gerçəkləşdirilmə ehtimalı böyükdür”.
Politoloq Sədrəddin Soltan isə bu razılaşmanın Azərbaycan üçün iki müsbət təsiri olacağı düşüncəsindədir:
“Bu razılaşma İran iqtisadiyyatına və siyasətinə ciddi təsir göstərəcək. Ölkə sanksiyalara görə iflic vəziyyətində idi. Son müqavilədən sonra xarici şirkətlər İrana sərmayə qoymaq haqqında düşünürlər. Bu da Tehranın iqtisadi durğunluqdan çıxmasına kömək edəcək. ABŞ İran yaxınlaşmasının Azərbaycan üçün dönəmi çoxdur. Belə ki, bundan sonra İran Azərbaycanın ABŞ-la isti münasibətlərindən dolayı narahatlıq keçirməyəcək. Çünki özü də Vaşinqtonla isti münasibətlər qurmaq arzusundadır. İranla ABŞ yaxınlaşması bizim Güney Azərbaycanda yaşayan soydaşlarımız üçün də təsirsiz ötüşməyəcək. Bu onların sosial təminatının yaxşılaşmasına təsirini göstərəcək. Onların milli haqlarının qorunması və ictimai–siyasi proseslərə təsiri də İranın iqtisadi vəziyyətinin yaxşılaşmasından asılıdır. 2002–ci ildə Avropa Birliyi ilə İran arasında iqtisadi–ticarət əlaqələrinin başlanması gündəmə gələndə ABŞ-la İsrail buna mane oldu. Bildirdi ki, siz orada insan haqlarının pozulması məsələsini unudursunuz. O zaman da AB bəyan etdi ki, nüvə məsələsini və insan haqlarının pozulmasını İranla görüşlərdə xatırladacaqlar. Ehtimal ki, İran siyasi və sosial baxımdan bu yöndə islahatların aparılmasını gözləmək olar”.