İqtisadiyyat (21-05-2017, 21:36)
Azərbaycanın Azad Ticarət Zonasında bu il istehsalata başlana bilər
“Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC (Bakı limanı) tərkibində Azad Ticarət Zonasına ilk resipiyentlərin qəbulunu bu ilin sonuna kimi gözləyirik”.
Mediatv.az xəbər verir ki, bunu “Report”a açıqlamasında “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nin baş direktorunun müşaviri Tural Əliyev bildirib.
“Bakı limanı ərazisində Azad Ticarət Zonasında iş qurmaq istəyən iş adamlarını bu ilin sonuna kimi gözləyirik. Ələtdə olacaq Azad Ticarət Zonasına maraq böyükdür.
Həm yerli iş adamları, həm də müxtəlif ölkələr üzrə ticarət palataları, dünyada tanınmış özəl şirkətlər Azad Ticarət Zonasında öz istehsalatlarını qurmaq istəyir”, - deyə T.Əliyev əlavə edib.
T.Əliyevin sözlərinə görə, Bakı limanının məsləhətçi şirkəti seçilən Birləşmiş Ərəb Əmirliklərinin “Economic Zones World FZE” hazırda Azad Ticarət Zonası üçün tariflər, vergi, gömrük güzəştləri, bir sözlə, qanun layihəsi və baş plan üzərində işləyir:
“Bu işlər 2017-ci ilin sonuna kimi bitərsə, bu ilin sonunadək Azad Ticarət Zonasının marketinq planını da reallaşdıracağıq”.