Gündəm (13-07-2018, 10:08)
Gəncədə polis zabitlərini qətlə yetirən şəxslərdən biri məhv edilib
Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Gəncədə polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin zərərsizləşdirilməsi ilə bağlı rəsmi məlumat yayıb.
Mediatv.az-a daxil olan məlumatda bildirilib ki, cinayətin iştirakçılarının müəyyən edilərək tutulması istiqamətində Dövlət Başçısının şəxsi nəzarəti altında intensiv surətdə davam etdirilən əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşlarını qətlə yetirməkdə şübhəli bilinən Rəşad Böyükkişiyevin Şəmkir rayonunun Moranlı kəndindəki gizləndiyi yer müəyyən edilmiş və tutulması üçün iyulun 13-ü səhər saatlarında keçirilən əməliyyat zamanı silahlı müqavimət göstərdiyindən o, yerində məhv edilib.
Gəncədə asayişin pozulmasının qarşısı alınarkən polis əməkdaşlarına ilk hücum edənlərdən biri - Samir İbrahimovun da gizləndiyi yer müəyyən edilmiş və keçirilmiş əməliyyat tədbirləri ilə yaxalanıb.
Bütövlükdə qeyd olunan cinayətin fəal iştirakçılarından 11 nəfərin tutulması təmin olunmuş, biri isə məhv edilib.
Törədilmiş qanlı cinayətin bütün iştirakçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları məqsədilə zəruri istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.
Görülən işlərin gedişi barədə əlavə məlumat veriləcəkdir.