Azərbaycan prezidenti İlham Əliyevrespublikada ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu imtahanlarının təşkilinin tənzimlənməsi ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Mediatv.az: Orta ixtisas təhsili müəssisələrinə və ali təhsil müəssisələrində ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda iştirak etmək üçün Tarif (qiymət) Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq, ümumi təhsil müəssisələrini bitirən aşağıdakı kateqoriyadan olan Azərbaycan vətəndaşlarının imtahanlarda iştirakı üçün tələb edilən məbləğin ödənilməsi Azərbaycan dövlət büdcəsinin vəsaiti hesabına həyata keçiriləcək.
1.1. ilk dəfə orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər;
1.2. ilk dəfə ali təhsilin bakalavriat (tibb təhsili üzrə əsas təhsil) səviyyəsinə tələbə qəbulu ilə bağlı imtahanda iştirak üçün müraciət etmiş abituriyentlər.
Dövlət İmtahan Mərkəzi imtahanlarda iştirak üçün ödənişi dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilməli olan abituriyentlərin siyahısını sənəd qəbulu başa çatdıqdan 15 gün müddətində hazırlayaraq Maliyyə Nazirliyinə təqdim etməlidir.
Maliyyə Nazirliyi isə Dövlət İmtahan Mərkəzi tərəfindən təqdim olunan siyahı əsasında Tarif Şurasının müəyyən etdiyi qiymətlərə uyğun olaraq hesablanmış vəsaitin həmin siyahı təqdim edildikdən sonra 15 gün müddətində “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 27 dekabr tarixli 1180 nömrəli Fərmanının 1.14.3.3.9-cu yarımbəndində (İslahatlarla bağlı xərclər) nəzərdə tutulan vəsait hesabına Dövlət İmtahan Mərkəzinə ödənilməsini, habelə 2018-ci il və sonrakı illərin dövlət büdcəsinin layihələrində sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə vəsaitin nəzərdə tutulmasını təmin etməlidir.