Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə Suriya Azadlıq Ordusu Dabık qəsəbəsini terrorçu İŞİD silahlılarından geri alıb.
Mediatv.az-ın məlumatına görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı xəbər yayıb.
Xəbərdə bildirilir ki, Hələb əyatləinin Soran bələdiyyəsi də İŞİD terrorçularından təmizlənib.
Xatırladaq ki, Dabık Suriyanın şimal-qərbində Hələb əyalətinin Azez rayonunun qəsəbəsidir. Qəsəbəni Mercidabık da adlandırırlar. 5 min nəfərlik əhalisinin çoxu türkməndir. İŞİD qəsəbəni 2014-cü ilin avqustunda Süleyman bin-Əbdülməlik türbəsini məhv etdikdən sonra ələ keçirmişdi.
Ekspertlər bildirirlər ki, Dabıkın qaytarılması İŞİD-in Suriyada Rakka şəhərindən sonra ikinci əsas mərkəzi sayılan Əl-Bab şəhərinin azad edilməsi əməliyyatına başlanılması üçün böyük önəm daşıyır.