Karusel (5-01-2016, 22:37)
İlqar Əliyev intihardan öncə kimlərlə üzləşib? - İLGİNC İDDİA
Ləğv olunmuş MTN-in Antiterror Mərkəzinin rəis müavini vəzifəsində çalışmış polkovnik İlqar Əliyevin saxlanıldığı Bakı İstintaq Təcridxanasında (BİT) intihar etməsi ətrafında söz-söhbətlər səngimək bilmir.
Belə ki, MTN-nin "açar" fiqurlarından biri kimi tanınan İlqar Əliyevin müəmmalı intiharı cəmiyyətdə mövzu ilə bağlı şübhələr yaradıb.
Olayın baş verməsindən bir müddət keçməsinə baxmayaraq, Arqument.Az-a etibarlı mənbələrdən ilginc məlumat daxil olub.
Məlumatda bildirilir ki, intihardan bir neçə gün öncə İlqar Əliyev sabiq MTN şefi Eldar Mahmudov və Akif Çovdarovla üzləşdirilib. Amma İlqar Əliyev Mahmudovun üzünə durmaqdan imtina edib. Bundan bir neçə gün sonra isə İlqar Əliyevin intihar xəbəri yayılıb.
Mənbənin sözlərinə görə, ehtimal olunur ki, İlqar Əliyev məhz sonrakı proseslərdə Mahmudovun əleyhinə ifadə verməmək üçün özünə qəsd edib və ya hansısa gizli məlumtlara malik olduğu üçün aradan götürülüb. Hər halda mövzu yenə də müəmmalı və aktual olaraq qalır. İlqar Əliyevin qısa bir zamanda dəfn edilməsi də olayla bağlı şübhələri artırıb və maraqlı suallar doğurub.
İddia ilə bağlı İlqar Əliyevin vəkili Rəşad Mehdizadə isə Arqument.Az-a açıqlamasında məlumatın doğru olmadığını bildirib: "İlqar Əliyev iki ay həbsdə olub, bu müddət ərzində də heç kimlə üzləşdirilməyib”.
Akif Çovdarovun vəkili Sadiq Rəsulov da belə bir üzləşmənin olmadığını deyib: "Məlumat həqiqəti əks etdirmir”.
Gündəmdə isə polkovnik İlqar Əliyevin Bakı İstintaq Təcridxanasında (BİT) özünü asmasını şübhə altına alan çoxsaylı məlumatlar dolaşır. Belə ki, polkovnikin mələfəni haradan alması, özünü haradan və necə asması, BİT nəzarətçilərinin həmin vaxt harada olmaları, həmçinin kamera yoldaşının kimliyi və sonradan intihar etməsi və s. digər suallar cavabsız qalıb. İlqar Əliyev intiharı ilə bağlı mövzunun bu qədər aktual olmasına gəlincə, o, MTN-də sıradan bir işçi olmayıb. Adı illərlə ictimai-siyasi fəallara qarşı qanunsuz əməliyyatlarda, qanunsuz dinləmələrdə, qanunsuz gizli çəkilişlərdə hallanan Əliyevin sahibkarlara qarşı etdiyi qanunsuzluqlar haqda isə saysız-hesabsız məlumatlar mövcuddur.
"Yeni Müsavat" qəzeti də olayla bağlı maraqlı bir məlumat yayıb. Belə ki, İlqar Əliyevin meyiti BİT-dən çıxandan 2 gün sonra - 2015-ci il dekabrın 22-də orada saxlanılan digər məhbus Manaf Paşayevin də meyiti aşkar olunub. Rəsmi məlumatda onun da özünü asdığı bildirilib. M.Paşayevin İlqar Əliyevin kamera yoldaşı olduğu haqda məlumat vardı. Belə ehtimallar da irəli sürülür ki, M.Paşayev İ.Əliyevin ölümü haqda məlumatlara malik olub və bu üzdən o da eyni üsulla aradan götürülüb.
Qeyd edək ki, ötən ilin oktyabr ayında İlqar Əliyevin barəsində Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdi. O, Cinayət Məcəlləsinin 308.2(Vəzifə səlahiyyətlərindən sui-istifadə), 309.1(Vəzifə səlahiyyətlərini aşma) və 302.2-ci (Əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma) maddələri ilə təqsirləndirilirdi
