Dünya (17-07-2016, 21:20)
TSQ-nın Baş Qərargahından açıqlama – “Xainlər məqsədlərinə çata bilmədi”
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı ölkədə baş verən hərbi çevrilişə cəhdlə bağlı rəsmi məlumat yayıb.
Mediatv.az həmin açıqlamanın mətnini təqdim edir:
“15 iyul 2016-cı il tarixdə, axşam saatlarında Türkiyə Silahlı Qüvvələri daxilində kök salmış qeyri-qanuni şəbəkə mənsubu olan terrorçu xainlərin cəhdləri Türkiyə Silahlı Qüvvələrinin qəhrəman mənsublarının böyük əksəriyyətinin anında verdiyi reaksiya və qəhrəman təhlükəsizlik qüvvələrimizin göstərmiş olduğu dayanıqlılığı ilə rədd edilmiş və xainlər məqsədlərinə çata bilmədən təsirsiz hala gətirilmişlər.
Hərbi çevriliş cəhdi başladıqdan dərhal sonra hadisəni eşidən qədirbilən xalqımız öz bağrından çıxmış Türkiyə Silahlı Qüvvələrinin həqiqi övladlarını qorumaq və demokratik hüquq sistemimizə vurulacaq zərbənin qarşısını almaq məqsədi ilə küçələrə çıxmış və bu xainlərə ən gözəl və ən böyük dərsi verib. Edilən xain cəhdin əngəllənməsində ən böyük rol uca millətimizindir. Qeyri-qanuni quruplaşma yaradan üsyançılar hazırda tamamilə zərərsizləşdirilib və hüquqi çərçivədə ən ağır şəkildə cəzalanacaqlar”.