"Bu günə qədər olduğu kimi bundan sonra da Türkiyə Fələstin xalqının arxasında olacaq". ANS PRESS-in məlumatına görə, bunu Türkiyənin baş naziriBinali Yıldırım İsrail-Türkiyə barışığını elan edərkən deyib.
Yıldırım jurnalistlər üçün təşkil etdiyi mətbuat konfransında bildirib ki, iki ölkə arasında əldə edilən razılaşmaya əsasən, Fələstinə qarşı tətbiq edilən sanksiyaların böyük bir qismi aradan qaldırılır, “Mavi Mərmərə" hücumu zamanı həyatını itirən insanların ailələrinə təzminat verilir. Həmçinin İsrailin Türkiyədən üzr istəməsi təmin edilir.
O qeyd edib ki, ən qısa zaman ərzində Türkiyə İsrailə səfir təyin edəcək. "Bununla da Türkiyə və İsrail arasında münasibətlər normallaşır. Xeyirli olsun!”.
İsrailin baş naziri Benyamin Netanyahu da eyni zamanda verdiyi açıqlamada bu razılaşmanın Yaxın Şərqdə sabitliyə səbəb olacağını açıqlayıb. Nazir Romada keçirilən mətbuat konfransında deyib ki, humanitar yardımlar İsrail limanlarından keçməklə Qəzzaya çatdırılacaq.
O həmçinin qeyd edib ki, bu razılaşma İsrail təbii qazını Türkiyə üzərindən Avropaya çatdırmağa imkan verəcəyini də bildirib.
Baş nazir deyib ki, İsrail Türkiyəyə 20 milyon dollar təzminat ödəyəcək. "Bu, beynəlxalq razılaşmadır. Təzminat şəhid olanların ailələrinə veriləcək".
Əldə edilən razılığa görə, Türkiyə Fələstinə yeni yardım gəmiləri göndərəcək. 6 illik fasilədən sonra ilk gəmi cümə günü Türkiyənin Mersin limanından Qəzzaya doğru hərəkət edəcək. Gəmilərdə Qəzza şəhərinin bərpası üçün tikinti materialları və digər ləvazimatlar olacaq.
Türkiyə və İsrail arasında razılaşma isə cümə günü imzalanacaq.
Nə baş vermişdi?
- 31 may 2010-cu il - İsrail hərbçiləri "Mavi Mərmərə" gəmisinə hücum ediblər. Nəticədə biri ABŞ vətəndaşı olmaqla 9 nəfər ölüb.
- 1 sentyabr 2011-ci il - BMT "Mavi Mərmərə" hesabatında İsrailin gücdən istifadəsini təsdiqlədi.
- 2 sentyabr 2011-ci il - Türkiyə İsraillə diplomatik münasibətlərini ikinci katib səviyyəsinə endirdi. İsrailin Ankara səfiri Gabbi Levi Türkiyəni tərk edərək ölkəsinə getdi.
- Noyabr 2012-ci il - Türkiyə və İsrail münasibətlərin bərpası üçün danışıqlara başladı.