Dünya (23-05-2016, 20:18)
Türkiyədə anti-İŞİD əməliyyatı; Azərbaycanlılar həbs olundu
Türkiyədə İŞİD terror qruplaşmasına qoşulmaq istəyən şəxslər saxlanılıb və çox sayda silah-sursat ələ keçirilib.
Mediatv.az xəbər verir ki, Anti-terror əməliyyatları ölkənin Qaziantep şəhərində keçirilib. Hüquq-mühafizə orqanlarının əməkdaşları şəhərdə yerləşən evlərə baxış keçiriblər.
Baxış zamanı oradan müxtəlif növ partlayıcı maddələr, “Kalaşnikov” silahı, kustar üsullarla hazırlanan tüfənglər, mərmilər və bomba hazırlamaq üçün lazım olan ləvazimatlar ələ keçirilib. Həmçinin əməliyyatlar zamanı bomba hazırlamağı öyrətmək üçün nəzərdə tutulan videolar müəyyən edilib.
Məlumatlara görə, qrup Türkiyədə böyük terror hadisələri törətməyi planlaşdırıb.
Polis həmçinin sərhəddən Suriyaya keçməyə hazırlaşan 10 nəfəri həbs edib. Onlardan 9 nəfəri xarici ölkə vətəndaşıdır. Həbs olunanlar arasında Azərbaycan vətəndaşları da var.
Həmçinin İran, Tacikistan və Qırğızıstan vətəndaşları da Suriyaya keçməyə hazırlaşarkən saxlanılıb (ans press).