1 may günü dünyanın əksər ölkələrində zəhmətkeşlərin beynəlxalq həmrəylik bayramı kimi qeyd edilir. Bu bayramın tarixi fəhlələrin ABŞ-da keçirdiyi etiraz aksiyasından başlayır.
Mediatv.az xəbər verir ki, 1896-cı ildə mayın 1-də Amerikanın Çikaqo şəhərində 300 mindən çox fəhlə hər gün 10-15 saat işləmələrinə etiraz edərək nümayişə çıxıb, 8 saatlıq iş günü və istirahət hüququ tələb edib. Tətil qısa müddətdə Amerikanın digər sənaye mərkəzlərinə də yayılıb. Sonralar Avropanın iri şəhərlərində, o cümlədən Rusiyada da fəhlə tətilləri başlayıb.
Üç il sonra, 1889-cu ildə fəhlə partiyalarının beynəlxalq birliyi - İkinci İnternasionalın iştirakçıları Paris konqresinə toplaşaraq 1 may gününü bütün dünya fəhlələrinin həmrəylik günü elan ediblər. Dünyada ilk dəfə 1890-cı ildə bu bayramı qeyd ediblər. Bununla da fəhlələrinin tətil elan etdiyi 1 may tarixi zəhmətkeşlər günü kimə tarixə düşüb.
Azərbaycan SSRİ-nin tərkibində olduğu dövrlərdə, 1920-1991-ci illərdə 1 may ölkəmizdə də rəsmi bayram kimi qeyd edilib. 1992-ci ildə Azərbaycan hökuməti bu bayramı totalitar quruluşun ideoloji atributu kimi ləğv edib.
Hazırda 1 may dünyanın 67 ölkəsində işçi bayramı günü kimi qeyd edilir. Türkiyədə də Beynəlxalq Əmək Günü Taksim meydanında böyük coşqu ilə qeyd olunur.