Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial / Karusel (5-01-2019, 12:38)
MƏHŞƏRDƏH BİR GÜN QABAQ

 














                                 MƏHŞƏRDƏH BİR GÜN QABAQ
                                                        (HEKAYƏ)
O səhər Məhəd kişi çox erkən oyandı. Ağappaq tuman-köynəkdəcə həyətə düşərək möhrənin üstündən aftafanı götürüb su başına yönəldi. Bu vaxt birdən yenə yadına düşdü ki, Nabat qarı bütün gecəni yata bilməyib, əhvalı tamam korlandı. Bildi ki, qarı bu gün də baş ağrısından gileylənəcək. O, çoxdan hiss eləmişdi ki, qarı gecələr yata bilmir və baş ağrısı da bundandır. Ancaq qarı niyə yata bilmir, Məhəd kişi bunu bilmirdi və soruşmağa da ürək eləmirdi. "Bir də ki, 45 il bir yastığa baş qoyduğun qadının hələ də ürəyini oxuya bilməyəsən, bu lap Aallahın nafəhmliyidir, Məhəd kişi. Yaxşı, bəs, qarı, onda özün de mərəzin nədi? Nəyin fikrini çəkirsən, ay Nabat? Oğlun yoxdu, oğul dərdi çəkəsən, qızın yoxdu, qız dərdi...n. Şükür Allaha, mənim kimi də şikəst deyilsən ki, deyəm, yağış yağanda ayağının kəsik yerləri sızıldayır. Onda niyə gecələr gözünü qırpmırsan? Yadına gəlirmi, Nabat, cavanlığımızda Allah bizə gözəl-göyçək bir qız bəxş eləmişdi, su sonasıydı yazıq uşaq. Ancaq tez də əlimizdən aldı. Onda nə müsibət çəkdin, ay Nabat! Həkimlər üç dəfə qarnını kəsib doğradı, amma səsini də çıxarmadın, elə indiki kimi".
Məhəd kişi beləcə fikirləşə-fikirləşə qaratikan kolluğuna çatıb aftafanı yerə qoydu. Qaratikan kollları gecə tumurcuqlamışdı. Məhəd kişi ehtiyatla barmaqlarını tumurcuqlara toxundurdu, ancaq cod barmaqlar bir şey hiss eləmədi. Kolun üstündə kiminsə keçən ildən sərdiyi uşaq köynəyi qalmışdı, qışın yağışı - soyuğu köynəyi o qədər döyəcləmişdi ki, sarı rəngli köynək bomboz bozarmışdı. Kişi köynəyi qaldırıb əlində bir xeyli o tərəf, bu tərəfə çevirdi, bu vaxt yenə yadına həmin uşaq düşdü və Məhəd kişi bir xeyli baş sındırmalı oldu ki, görəsən o uşaq sağ qalsaydı indi nəçi olacaqdı...
"Bir də axı bunun nə mənası var, Məhəd kişi... Müharibə vaxtı qolların üstündə o qədər adam keçinib ki, indi heç yuxunda da o adamları görə bilməzsən. Yəqin sağ qalsaydılar o adamlar da hardasa yazıb-yaradırdılar. Heyf ki, o adamlar indi yoxdu. O adamları indi heç kəs tanımır. Onların içində şair də vardı, rəssam da. Görəsən o şair sağ qalsaydı indiyə neçə kitabı çıxmışdı, o, rəssam hansı şəhərdə saqqalını rəngə batıra-batıra şəkil çəkirdi. Görəsən elə bu Məhəd kişinin hər iki ayağı yerində olsaydı necə olacaqdı".
Məhəd kişi evin sağ tərəfindəki, qoca tut ağacından qəribə səs eşitdi və başını qaldırıb ora baxdı. Tut ağacının lap yuxarısında bomboz bir bayquş oturub ulaya-ulaya sağa, sola baxırdı. "Tfu, lənətə gələsən, bu bədheybət səhər tezdən yenə hardan peyda oldu. Cəhənnəm ol, nə qədər ki, qarı görməyib. Belə getsə, sən də ona bir dərd olacaqsan, faydasız heyvan. Allah səni nə üçün yaradıb, bilmirəm."
"Lap axmaqlayırsan, Məhəd kişi, Allahın da işlərinə əl qatmağa başlayıbsan. Bayquş nə üçün yaranıb, o uşaq ölməsəydi nə olardı, nə bilim daha nə. Belə olmaz, kişi. Olmayıb, deməli, lazım deyilmiş, sən olanlardan danış."
Sonra qalxıb yerdən bir daş götürüb bayquşa tərəf atdı, quş pırıltı ilə ağacdan uçub uzaqlaşdı. Məhəd kişi bir xeyli onun dalınca baxa-baxa dodağının altında nəsə mızıldandı. Sonra aftafanı yerindən qaldırıb deyinə-deyinə evə tərəf gəldi. Həyətə çatanda gördü ki, Nabat qarı buzovu tut ağacına tərəf çəkir.
- Kişi, deyəsən, inək lap xarablayıb, ağzının suyu qurumur. Deyirəm, buzovu kənarda bağlayım.
- Qocalıb yazıq, neyləsin, səkkiz yaşarını da tökdü.
- Ondan döyül, kişi, deyəsən, naxıra dabaq düşüb.
"Yox, arvad, qocalıqdandır. Adam qocalanda başı əsir, inək də qocalanda ağzının suyu qurumur. Bunun buzov vaxtı yadına gəlir, həyət-baca qoymazdı bizə... Qara danaya qoşulub at kimi qaçardı. O qara dana da Allahın bəlası idi, bir dəqiqə bunsuz durmazdı, neçə dəfə örüşdən qayıdıb gəlmişdi. Bir dəfə buzov xəstələnmişdi, dalbadal 5-6 gün örüşə gedə bilmədi. Qara dana da buna görə həyətdən əl çəkmirdi ki, çəkmirdi. Axırda Əhməd kişi, məsləhət gördü ki, anasına bənd eləyin, onda qayıdıb gəlməz. İpini anasının buynuzuna bağlayıb ötürdük örüşə. Ancaq heç bir saat keçməmiş gördük ki, həmin bu qara buzov, anası da dalınca, budur dartına-dartına gəlir".
"Hə, kişi yadıma gəlir, sonra həmin qara buzov böyüyüb yaxşı buğa oldu. Ancaq o vaxt da bundan əl çəkmədi. Bu inək də yaman şey idi, ha, neyləmişdi bilmirəm, qara buğa gecə-gündüz bir addım da ondan aralanmırdı."
"Hə, qarı yadıma gəlir, sonra həmin qara buğanı fermaya döllük istədilər. Biz də vedik, getdi. Ondan sonra qızıl inək də on gün yoxa çıxdı. O da qara buğaya qoşulub getmişdi".
"Hə, kişi cavanlıq idi. İndi yəqin nə qara buğanın yadına qızıl inək düşür, nə də qızıl inəyin yadına qara buğa."
"Yox, qarı, düşür, elə buna görə də bu qızıl inək hələm-hələm ölmür, bu inək qara buğanı gözləyəcək. Buğa da gəlməlidir, arvad, harda olsa gəlməlidir”.
"Baxma kişi, o cavanlıq idi, cavan vaxtlar ayrı şeydi, qocalıq ayrı şey, elə sən də cavanlıqda pis deyildin. Yadına gəlir, tut ağacındakı hesabımız. On dörd yaşımız ancaq olardı. Qucaqlayıb məni elə öpdün ki, dişlərinin yeri üç gün üzümdən getmədi".
Məhəd kişi bir də başını qaldırıb tut ağacına baxdı. Doğurdan da, tut ağacı həmin ağac idi, ancaq bir az gövdəsi silənmişdi, budaqları uzanmışdı, yarpaqları qırışmışdı, bundan başqa tut ağacında heç bir dəyişiklik yox idi. Dəyişən isə Məhəd kişi idi, Nabat qarı idi, qızıl inəkdi. Məhəd kişi bilirdi ki, indi külli-aləm yığılsa da onu həmin ağaca qaldıra bilməz, o tut ağacının bir budağına adlaya bilməz. Bunlar hamısı olub keçmişdi. Sabah isə ayrı şeylər olası idi. Ancaq qəribə idi ki, o ayrı şeylər də Məhəd kişini nə təəccübləndirir, nə kədərləndirir, nə də sevindirirdi. Elə bil bu şeyləri haçansa görmüşdü. Elə biri qızıl inəyin orda tut ağacının altında can verməsi, Nabat qarının bugünki ölümü... Bu ölüm Məhəd kişiyə o qədər tanış gələcəkdi ki, guya o dəfələrlə Nabat qarının belə qəfilcə gözlərinin qabağında öldüyünü görmüşdü və Nabat üçün qazılmış qəbir hardasa, Məhəd kişinin gördüyü həmin qəbir idi. Kişi nə qədər fikirləşir bundan bir şey anlaya bilmirdi. Bu ömür-gün nə olan şeydi, ağlı bir şey kəsmirdi.
"Yox, Məhəd kişi yenə bir şey anlamadın. Bir də axı, kişi, bu dünyanın öz işləri var, sən niyə belə şeylərlə başını ağrıdırsan? Get, otur, rahat çörəyini ye, onsuz da bu gün, sabah başını yerə qoyacaqsan."
Məhəd kişi elə birinci tikəni ağzına aparmaq istəyidi ki, Nabat qarının qışqırtısını eşidib yerindən dik atıldı.
- Nolub, arvad?
- Kişi, inək ölür, bıçağı gətir, heç olmasa əti qələt olmasın.
- Ölməz, arvad, ölməz. Demişəm ki, qızıl inək qara buğanı görməyincə ölməyəcək.
"Kişi, ölür də.., bundan o yanası yoxdur ki..."
"Yox, arvad, var, çox şey var, bundan o yana".
Məhəd kişi həyətə bıçaqsız düşdü. Gördü ki, qızıl inək qupquru torpağın üstünə yıxılıb çapalayır. Yazıq heyvan başını yerə qoyub, ayaqları ilə torpağı eşir, böyrəkləri qarnına batıb, qabırğalarını bir-bir saymaq olur və hərdən başını qaldırıb torpağa elə çırpır ki, deyirsən, indicə başı partlayacaq.
           Qocalıb boşalmış dərisi də sinəsinin altına kimi sallanmışdı. Məhəd kişini görəndə iri qara gözlərini onun üzünə zilləyib bir xeyli ona tərəf baxdı.
"Hə, nə var, ölümdən qorxursan?  Ay sənin, şək qulaqların lap əskiyə dönüb. Qara buğanın dalınca qaçdığın günlərdən heç əsər-əlamət qalmayıb. Yadına gəlir keçən ilin sentyabr ayı burdan Qamışlı dərəyə kimi məni dalınca qaçırtdın. Nə var, nə var qara buğa orda durub səni gözləyirdi. Deyəsən, elə ondan sonra da bu ala buzovu doğdun. Qaşqanı doğanda isə lap dəli olmuşdun. Həyət-bacada özünə yer tapa bilmirdin. Qara buğanı dalınca salıb hey ora-bura vurnuxurdun. Ancaq bir dəfə sənin gözünün qabağında o qara buğanı yaxşıca əzişdirdim. Sən də bunun hayıfını məndən yaman çıxdın ha, üç gün gözə görünmədin. Qara buğa ilə birlikdə gedib ferma naxırına qoşuldun. Elə o vaxt sol qulağını deşib sırğalamaq istəmişdilər. Ancaq, özümü lap vaxtında yetirdim. Qoymadım səni sırğalasınlar".
Məhəd kişi təzədən əlini sürtüb inəyin qulağındakı həmin deşiyi tapmaq istədi. Ancaq tapa bilmədi.
           - Ay Habat, bir az ot gətir, bunun altına sərək, yazıqdır.
Nabat qarı otçəkəni götürüb tövləyə getdi. Məhəd kişi inəyin başını qaldırıb, altına üzüm çöpü qoymaq istədi. Ancaq gücü çatmadı. Birdən qızıl inək nəsə hiss eləyib özü başını qaldırmaq istədi və qaldıran kimi də az qala gözləri şişib hədəqəsindən çıxdı. Sonra şişmiş gözləri qıpqırmızı qızarmağa başladı, qızardı, qızardı, qızardı və sonra inəyin gözlərinin qarası da bu qan rəngində itib-batdı. Məhəd kişi inəyin geniş açılmış gözlərinin yerində bir cüt qan ləkəsi gördü.
        "Hə, qızıl inək, bir az da döz. Sən ki, dözümlü idin. Axırıncı dəfə o qara buğaya görə səni də yaman döydülər. Günah özündə olmuşdu. Sənin nə işin var idi o  naxırda ki, elə döyülürdün. Ancaq o qara buğa orda çox qeyrətli hərəkət elədi. Yoxsa o olmasaydı, qızılı dərin qırmancda gedəcəkdi. Bədənin necə gizildəyirdi onda. Zalım balasının da elə bil düşmənçiliyi var idi səninlə. Qırmançı hər dəfə baldırına vuranda az qala od qalxırdı. "Al, bu bir, al, bu iki, bu üç". Adamda heç insaf olmazmış. Sən böyürürdün, o vururdu. Bax, elə bu vaxt özünü yetirdi həmin qara buğa. Gözünə döndüyüm, naxırçını nə cür qaldırıb buynuzlarının arasına çırpdı yerə bilmirəm, ancaq onu gördüm ki, bir dəqiqə geciksəm, ayaqlarının altında tapdalayıb xıncım-xıncım edəcək. Elə o qaçan da naxırçılıqdan qaçdı həmin oğlan. Sən də başa düşmürdün ki, səni niyə döyürlər. Elə həmin gün qara buğa çıxdı yadından. Yıxıldın tut ağacının altına. Yaman vəfasız imiş sənin o sevgilin, bir dəfə də gəlmədi dalınca. Bu da axırın... Eh, bu səkkiz il, səkkiz saata dəyməzmiş. Heç yelənin ağarmağa macal tapmadı".
Məhəd kişi əlini inəyin yeləninə çəkdi. Hələ əzələlər canlı idi, isti idi. İnəyin dərisi möhkəm idi.
          - Ay Nabat, ay Nabat, harda itib-batdın.
Haçandan-haçana Nabat qarı əlində bir çəngə ot tövlənin yarıaçıq qapısında göründü.
          - Kişi, ot tikanlıdır götürə bilmirdim.
           - Day lazım döyül.
Haçandan-haçana Nabat qarı dayanıb yuxarıdan aşağı onun zəifləməkdə olan bədəninə baxdı.
         - Zay eləyəcəksən o boyda heyvanı.
          - Yox, arvad, ona toxunmayacağam, qoy necə istəyir elə də ölsün. Axı bu yazıq səkkiz il bu həyətdə yatıb-durub. Altı bala doğub, altısı da indi özü boydadır.
         Sonra kişi ağır-ağır ayağa qalxaraq:
       - Günortaya qurtarar,- dedi və gedib əlini arxın dupduru suyunda yuyaraq çay içməyə qalxdı.
Sonra Nabat qarı gedib damın üstündəki tut qurularını əski torbaya yığıb gətirdi. Kişi qarıya baxıb:
Gözümə birtəhər dəyirsən, ay Nabat - dedi.
Kişi, bax, qarnımın burasından bir ağrı tutub, - deyə qarı əli ilə arıqlayıb belinə yapışmış qarnını göstərdi, - Elə bil indi canım çıxacaq.
       Məhəd kişi:
       - Dərman iç də - dedi.
       - İçmişəm ancaq xeyir eləmir, - deyə qarı sızıldaya-sızıldaya dilləndi.
Məhəd kişi ömründə birinci dəfə Nabat qarını sızıldayan görürdü. Yaz-qış ayaq üstə ora- bura vurnuxan qarının canı nə qədər ağrısa da, heç vaxt gileylənməmişdi. "Görünür, daha tablaya bilmir, zəyifləyib. Yaş öz işini gördü axır".
Doğurdan da Nabat qarı son vaxtlar çox sınıxmışdı. Sifətindəki qırışlar birə - beş artmışdı. Əlləri ayaqları incəlib çöpə  dönmüşdü. Dərisi qırış-qırış olub çənəsindən aşağı sallanmışdı. Sifətində yalnız bir cüt gözləri parıldayırdı.
          "...Hə, qarı, deməli sən də gedirsən. Daha bir şey qalmayıb, bu gün-sabahlıqsan. Yazıqsan, heç olmasa axır günlərini otur, bir az dincəl". Və birdən-birə Məhəd kişinin qarıya lap yazığı gəldi.
         - Ay Nabat, bəsdir, ora-bura vurnuxdun, gəl yanını yerə qoy, - dedi.
         - Kişi, bilmirəm havadandır, nədəndir, oturanda, lap ürəyim sıxılır.
          "Havadan-zaddan deyil, ay Nabat, canın düşüb, qocalıbsan. 70 yaş az deyil. Hələ sənsən, mənəm belə qalmışıq. Bizimlə yaşıd olanların çoxu o biri dünyadadır".
        - Ay Nabat, yadına gəlir, mən davadan qayıdan ili. Sən onda gillik kimi qız idin. Gecəni gündüzə qatıb işləyirdik, gündə bir adam boyu divar hörürdük. Onda, dözüm vardı, dözüm.
          - Yox, kişi, dözüm həmin dözümdü, zamana ayrı olub. Onda sənin xrom çəkmələrinin, boz atının dövranıydı. İndi yox, kişi.
          - Hə, bunu düz deyirsən, qarı. Ürəyin lap yuxalıb, deyəsən. Heç cavan vaxtında belə deyildin. Onda mən səni ancaq bircə dəfə ağlayan gördüm. Sən biləndə ki, bizim heç vaxt uşağımız olmayacaq, onda hönkürüb ağladın, lap uşaq kimi ağladın.
Məhəd kişi bir də onda fikirdən ayıldı ki, qarı üşütmə tutmuş adam kimi ayaq üstə əsir. Sifəti ağappaq ağarıb. O, tez ayağa qalxıb qarının qolundan tutub çarpayıya uzandırdı.
          - Noldu, ay Nabat?
Qarı sol əliylə qarnını tutub çarpayıda qıvrıldı, ancaq handan-hana zərif səslə
         - Mənə bir istəkan su gətir -dedi.
         - Suyu neynirsən, zərər elər...
         - İçirəm, ciyərim yanır.
Məhəd kişi suyu gətirib çarpayının yanında kətilin üstünə qoydu, özü də çarpayının bir küncündə oturub əlini qarının alnına qoydu və hiss elədi ki, qarı tərləyib, otaq çox istidir. Qalxıb əvvəl pərdələri araladı, sonra pəncərəni açdı, ancaq otaqda hava qətiyyən dəyişmədi. Elə bil okeanın dibinə düşmüşdülər.
        - Nabat, ay Nabat!
       Qarıdan cavab gəlmədi.
Kişi gördü ki, qarı gözünü tavana zilləyib nəsə pıçıldayır, pıçıltı qurtarandan sonra əlini sifətinə çəkib nəsə mızıldandı. Məhəd  kişi heç nə anlamadı - qarı üzünü ona tərəf çevirib ağır-ağır dilləndi:
- Ürəyimə  damıb ki, bu gün o, gələcək.
Məhəd kişi yenə də bir şey başa düşmədi, ancaq "kim gələcək?" - deyə soruşmağa da ürək eləmədi, durub mat-mat qarının üzünə baxdı. Qarı isə bir azdan gözünü yumub rahat-rahat nəfəs almağa başladı.
           Məhəd kişi otaqda otura bilmədi, qalxıb həyətə düşdü. Tut ağacının yanına gəlib cibindən bir papiros çıxarıb yandırdı. Sonra sakit-sakit bir xeyli qızıl inəyə baxdı. İnək daha əvvəlki kimi əl-ayaq atmırdı, ancaq ağır-ağır nəfəs alırdı.
Məhəd kişi ordan keçib arxın üstü ilə qaratikan kolluğuna tərəf getdi və kolluğa bir xeyli qalmış hardansa qara sal daşa bənzəyən bir şeyin kolluğa çırpıldığını gördü. İki-üç dəqiqə kolluqdan səs-soraq çıxmadı, sonra kollar aralandı, sağa-sola əyildi. Daha sonra oradan qara buğanın ildrım kimi çıxdığçnı gördü və onu da gördü ki, qara buğa düz onun üstünə şütüyür. Məhəd kişi tez çığırdan kənara atdı. "Axır ki, gəldin.., axır ki, gəldin, qara buğa. Qızıl inək üç gündür can döyüşdürür, sən indi gəldin. Ağ südünü, ağ döşünü yada salıb gəldin, eybi yox, əsas odur ki, gəlib çıxdın, qara buğa. Qaç, qara buğam, qaç."
Qara buğa onsuz da var gücü ilə həyətə tərəf qaçırdı. Məhəd kişini vecinə almadan qaçırdı.
Məhəd kişi isə yerindəcə donub qalmışdı, qara buğanın dalınca baxırdı. Sonra sanki birdən-birə ayıldı. O da tələsik geri çevrilib həyətə doğru qaçdı. Ancaq buğanın ardınca yox, hasarın dibi ilə. Tut ağacının yanından keçib yalnız gözucu qızıl inəyə tərəf baxdı. Gördü ki, qızıl inək daha tərpənmir, ancaq qara buğa burnunu onun yaş burnuna söykəyib dayanıb. Məhəd kişi ordan qaça-qaça keçib evə girdi. Evdə isə Nabat qarı çarpayıda uzanıb dərin yuxuya getmişdi və görünür,bir də heç vaxt ayılmayacaqdı.шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024