Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (22-05-2014, 09:28)
Muğanın mərkəzi Salyan tərəqqi yolu ilə inamla irəliləyir

 Muğanın mərkəzi Salyan tərəqqi yolu ilə inamla irəliləyir

 

 

 

May ayı bütün Azərbaycandakı kimi, Salyan rayonu üçün də ümummilli lider Heydər Əliyevin anadan olmasının yüksək səviyyədə qeyd olunması ilə əlamətdar oldu. Ulu öndərin adını daşıyan parkda və digər ünvanlarda Gül bayramı, konsert proqramları, idman yarışları və bu silsilədən olan başqa tədbirlər keçirilmişdir. Başda Salyan Rayon İcra Hakimiyyətinin başçısı cənab Tahir Kərimov olmaqla rayonun bütün tərəqqipərvər vətəndaşları Heydər Əliyev siyasi kursuna sadiqliklərini təkrar-təkrar hər fürsətdə sübuta yetirirlər. Çünki bu kurs bütün respublikaya olduğu kimi, Salyana da tərəqqi gətirmiş, bütün xalqımıza, eləcə də salyanlılara firavanlıq bəxş etmişdir. Bu tərəqqini əks etdirən göstəricilərə nəzər yetirə bilərik.

Rayonda məhsul buraxılışının həcmi xidmətlərin, pərakəndə ticarət dövriyyəsi, əsas kapitala yönəldilən investisiya, bir nəfərə düşən orta aylıq əmək haqqı, bir nəfərə düşən gəlir və başqa makroiqtisadi göstəricilər keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli artıb. Əhalinin işlə təmin olunması istiqamətində müvafiq tədbirlərin həyata keçirilməsi nəticəsində xeyli iş yeri yaradılıb ki, bunların da çoxu daimidir. İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun kreditləri və sahibkarların vəsaiti hesabına yeni istehsal və emal sənayesi sahələrinin yaradılması istiqamətində iş aparılıb. Şəhər ərazisində abadlıq və quruxuluq işlərinə diqqət daha da arrırılıb. Küçələr təmir olunaraq üzlük daşları döşənib, səki kənarına bardürlər düzülüb, istinad divarları çəkilib, mişar daşı ilə hörgü işləri aparılıb, kommunal evlərin fasadları və çoxmərtəbəli yaşayış evlərinin dam örtüyü əsaslı təmir olunub.

 

Maliyyə vəsaitləri təyinatı üzrə və səmərəli xərclənir

 

Təbiidir ki, bütün bu və sadalamadığımız digər işlərin vaxtında və keyfiyyətlə görülməsi üçün dürüst maliyyələşdirmə siyasəti həyata keçirilməlidir ki, bunun da öhdəsindən Salyan Rayon Maliyyə İdarəsi layiqincə gəlir.Maliyyə mütəxəssisi Mahir Kərimovun rəhbərlik etdiyi Salyan rayon maliyyə idarəsində iqtisadiyyatın inkişafı üçün vacib şərtə olan maliyyə intizamına ciddi riayət olunur. Rayonun gəlir və xərci üzrə proqnozları qənaətbəxş səviyyədə yerinə yetirilir. Xərclərin icrası zamanı vəsaitlər birinci növbədə müvafiq olunan xərc maddələrinin (əmək haqqı, əmək haqqı üstəliyi və onlara bərabər tutulan xərclər) icrasına yönəldilib. Bunun nəticəsidir ki, 2014-cü ilin birinci rübü üzrə yerli büdcədən maliyyələşən təşkilatlar üzrə xərclər tam ödənilib.

Rayonda uçot işləri təlimata uyğun qurulub. Milli mühasibat uçotu standartları və yeni hesab planı üzrə təlimatlar büdcə təşkilatlarına paylanılıb. Təftiş və yoxlamalar zamanı aşkar edilmiş nöqsanlar aradan qaldırılıb. İdarənin kollektivi bu daxil olmuş vəsaitin büdcə təsnifatına uyğun ödənilmə ardıcıllığı gözlənilməklə, təyinatı üzrə səmərəli xərclənməsini təmin edir.

 

Salyanlıların sosial-müdafiəsi etibarlı təmin olunur

 

Təcrübəli mütəxəssis Vahid Vahidovun rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Salyan rayon Şöbəsi rayon ərazisində sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və hüquqi şəxslərin uçota alınmasını, onlardan məcburi dövlət sosial sığorta haqlarının toplanmasını, eləcə də qanunda nəzərdə tutulmuş digər tədbirləri uğurla həyata keçirir. Şöbə rayon ərazisində qeydiyyatda olan əmək pensiya hüququ yaranmış vətəndaşlara pensiyaların təyin edilməsi, pensiya və pensiyalara əlavə olunan müavinət təminatı ilə əlaqədar olaraq müraciətlərinə baxılmasını, pensiyaçılara pensiya və müavinətlərin ödənilməsini, əmək qabiliyyətini müvəqqəti itirmiş işçilərə işəgötürənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsini müvəffəqiyyətlə təmin etmişdir. Şöbə tərəfindən hər bir sahibkarın, eləcə də onların işçilərinin, pensiyaçıların fərdi uçot sistemində qeydiyyata alınmasını, onlar barədə məlumatın vahid informasiya bazasına işlənməsini həyata keçirir.

Bu il martın 12-də DSMF sədri Elman Mehdiyev Fondun Saatlı rayon Şöbəsində zona üzrə rayonların sakinlərini qəbul etmişdir. Bu məqsədlə qəbulda iştiraka yazılan Salyan rayon sakinlərinin DSMF Salyan Şöbəsinin inzibati binasının qarşısından xüsusi ayrılmış nəqliyyatla Saatlıya aparılıb-gətirilmələri təmin olunub. «Açıq qapı» şəraitində keçirilən qəbulda məcburi dövlət sosial sığorta ödəyiciləri və pensiyaçılar iştirak ediblər. Sədrin vətəndaşlarla görüşü zamanı sosial sığorta və pensiya təminatı, o cümlədən sosial sığorta stajının müəyyənləşdirilməsi, başqa dölətlərin ərazisində qazanılmış iş müddətlərinin sığorta stajına daxil edilməsi, pensiyaların məbləğinin yenidən hesablanması, əlillik dərəcəsinin müəyyən edilməsi,

həmçinin əmək pensiyası növünün dəyişdirilməsi və digər məsələlərlə bağlı təklif və şikayətlər dinlənilib. Qaldırılan məsələlərin həlli üçün lazımi tədbirlər görülüb, eləcə də Fondun səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı vətəndaşlarla lazımi izahat işi aparılıb, aidiyyati orqanlara müraciət edilib.

 

Torpaqların suvarma təminatı və meliorativ vəziyyətinin yaxşılaşdırılması aqrar sahədə uğurların rəhnidir

 

Kür çayının Salyan rayonundan keçməsinə baxmayaraq, əhalinin içməli, əkin sahələrinin suvarma suyu ilə təminatı vəziyyətinin yaxşılaşdırılması daim Salyan rayon rəhbərliyini qayğılandırmışdır. Yeni suvarma kanalı tikilib. Suyu əkin sahələrinə ötürən nasos stansiyaları əsaslı təmir olunub. Bu işlər hazırda da davam etdirilir. Tahir Yusifovun rəhbərlik  etdiyi Salyan Suvarma Sistemləri İdarəsinin kollektivi üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlir. Suvarma kanallarının lildən təmizlənməsi, bəndlərin bərkidilməsi işləri vaxtında və keyfiyyətlə yerinə yetirilir. İdarə rayonda təxminən 45 min hektarlıq ərazidə meliorasiya və su təsərrüfatı sahəsində dövlət xidmətləri göstərir. SSİ daşqın və sel sularına qarşı mübarizə tədbirlərini uğurla həyata keçirir. Fermerlər, şəxsi təsərrüfat rəhbərləri, su istifadəçiləri SSİ-nin göstərdiyi xidmətlərdən razıdırlar. İdarənin balansında olan texnika, avadanlıq və mexanizmlərin qaz vəziyyətdə qalması daim diqqət mərkəzindədir. Torpaq sahələrinin meliorativ vəziyyətinin yaxşılaşdırılması məqsədilə kollektor dren şəbəkəsi təmizlənir, elektrik mühərriklərinin, nasos aqreqatlarının, hidrotexniki qurğuların, nasos stansiyalarının, hidropostların əsaslı və cari təmiri həyata keçirilir.

 

 

Əhaliyə göstərilən tibbi xidmətin keyfiyyəti davamlı yaxşılaşdırılır

 

Hüseynağa Həsənovun rəhbərlik etdiyi Salyan rayon Mərkəzi Xəstəxanasi işini günün tələbləri səviyyəsində qurub. Beləki Salyan rayonunda əhalinin sağlamlığının təzminatına, vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılmasına ciddi fikir verilir.

2013-cü ildə rayonda 7 xəstəxana, 24 həkim, 21 tibb məntəqəsi, Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyası, Gigiyena və Epidemiologiya Mərkəzi əhaliyə səhiyyə xidməti göstərmişdir. İl ərzində 1860 uşaq doğulmuş, səhiyyə müəssisələrinə 6460 stasionar, 137493 ambulator müraciət olmuş, 1223 cərrahi əməliyyat aparılmış, 1 yaşa qədər 5 uşaq ölümü qeydə alınmış, ana ölümü olmamışdır. Uşaq ölümü üzrə göstərici respublika üzrə göstəricidən aşağıdır.

Keçən il rayonlararası Şorsulu Psixiatriya Xəstəxanası üçün 100 çarpayılıq korpus tikilib istifadəyə verilmiş, Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən böyrək xəstəliyindən əziyyət çəkən xəstələrin müalicəsi üçün Mərkəzi Xəstəxanaya 10 ədəd dializ aparatı verilmiş və dializ şöbəsi açılmış, yeni flüoqrafik rentgen apparatı, 159152 manatlıq yumşaq, 171225 manatlıq bərk inventar, 162340 manatlıq tibbi avadanlıq alınmış, 115540 manatlıq əsaslı, 44845 manatlıq cari təmir işləri aparılmışdır.

2013-cü ildə idarə olunan infeksiyalara qarşı 1882 uşağa hepatit B, 1847 uşağa BSJ, 4281 uşağa AKDT, 4320 uşağa OPB, 1927 uşağa QPM, 1605 uşağa ADT, 4281 uşağa GDT HİB hepatit B peyvəndi, 16318 şagirdə mantu sınağı aparılmışdır.

Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən 380000 kv.m sahədə dezinfeksiya, 260000 kv.m sahədə dezinfeksiya və 1200 kv.m sahədə delarivasiya işləri aparılıb. Qida sənayesi və ərzaq ticarəti obyektlərin də sanitar-gigiyenik müayinələr aparılmış, qaydaları pozduğu aşkarlanmış sənaye və ticarət obyektləri sahibləri inzibati qaydada cərimə olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən 2014-cü ilin fevral ayının 17-sindən Salyan rayonunda başlanılan əhalinin tibbi müayinəsi az öncə uğurla başa çatdırılmışdır. Tibbi müayinənin aparılması üçün mərkəzi xəstəxanada 4 həkim komissiyası fəaliyyət göstərmişdir. Tibbi müayinədən keçənlərin bir qismi ambulator və stasionar müalicəyə cəlb edilmiş, bir qismi də Bakı şəhərinə göndərilmişdir.

 

Muğan bölgəsinin maarif mərkəzi

 

Qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Salyanda təhsil həmişə xüsusi diqqət verilən sahələrdən olub. İqtisadi baxımdan daim inkişaf etdiyi üçün Salyan hələ də uzun müddət Muğan

bölgəsinin maarif-mədəniyyət mərkəzi olub. 1860-cı illərə aid mənbələrə əsasən, Salyanda 4 ibtidai məktəb, 19 mədrəsənin (15 kişi, 4 qadın) olması məlumdur.

1880-ci ilin 22 sentyabr tarixində isə indiki Salyan ərazisində ilk Avropa təmayüllü orta təhsil məktəbinin açılması dəqiq tarixi faktlarla təsbit edilib. Bu məktəbin ilk 49 şagirdindən 47 nəfəri milliyyətcə azərbaycanlı, 2 nəfəri isə rus olub. Məktəbin ilk müəllimi Koloşov idi. Tədris müəssisəsinin direktorunun adıyla məktəbə el arasında «abramın məktəbi» kimi tanınırdı. Məktəbin ilk məzunlarından bir neçə nəfəri Bakı Realnı Məktəbinə, 2 nəfəri isə Qori Müəllimlər Seminariyasına müəllim təyin olunub. Hazırda bu məktəbin bazasında Salyan şəhərindəki Aşıq Pənah adına 1 saylı humanitar fənnlər təmayüllü məktəb-lisey fəaliyyət göstərir.

Hazırda Salyan rayonu ərazisində 54 ümumtəhsil məktəbi, 16 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir. Bundan əlavə, ümumtəhsil məktəblərinin 37-si tam orta, 15-i ümumi orta, 2-si isə ibtidai təhsil verir. 54 ümumtəhsil məktəbində 18000-dən artıq şagird təhsil alır. Şagirdlərin təlim-tərbiyəsi ilə 2300-dən çox müəllim məşğul olur. Rayonda 16 məktəbəqədər, 5 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.

2013-cü ildə rayonun orta məktəblərində 1169 nəfər attestat alımşdır. Bunlardan 368 məzun ali, 77 məzun isə orta ixtisas məktəblərinə daxil olaraq tələbə adını qazanmışdır. Ali məktəblərə qəbul olunanlardan 18 nəfər 600-dən çox bal toplamışdır. Şəhər 2 saylı tam orta məktəbin məzunu Səidə Ələsgərova Prezident təqaüdünə layiq görülmüşdür. Ə.Kürçaylı adına şəhər 7 saylı tam orta məktəbin riyaziyyat müəllimi Allahverdi Piriyev «Respublikanın Əməkdar Müəllimi» fəxri adına layiq görülmüş, şəhər 4 saylı tam orta məktəbin kimya müəllimi Rəcəb Əsgərov «Tərəqqi» medalı ilə təltif olunmuşdur.

Hər tədris ilinin sonunda respublikanın ali və orta ixtisas məktəblərinə tələbə qəbulu barədə TQDK-nın yekun statistikasında Salyan rayonu həm ümumi nəticələr üzrə, həm də ayrı-ayrı fənlər üzrə nəticələrə görə respublikada öncül yerlərdə olur. Bütün bunlar və sadalamadığımız digər göstəricilər belə deməyə əsas verir ki, təcrübəli pedaqoq Əbülfət Bədəlovun rəhbərlik etdiyi Salyan Rayon Təhsil Şöbəsi və rayonun təhsil müəssisələri ümumən vəzifələrinin öhdəsindən layiqincə gəlir. Azərbaycan Müəllimlər İnstitutunun Salyan filialı, Salyan Peşə Liseyi də təqdirəlayiq fəaliyyət göstərirlər.

 

Qədim mədəniyyət məskəni, perspektivli turizm məkanı

 

Toğrul Cavadovun rəhbərlik etdiyi Salyan rayon mədəniyyət və turizm şöbəsində  mədəniyyət sahəsinin inkişaf etməsi və mədəniyyət obyektlərinin fəaliyyətinin günü tələbləri səviyyəsində təşkili üçün bir çox işlər görülüb. Belə ki, Qarabağlı kənd mədəniyyət evi yenidən tikilib. Rəsm qalereyası və 4 kənddə yeni kitabxana binası inşa edilib. 1 tarixi abidə və 12 mədəniyyət müəssisəsi əsaslı təmir edilib. Ümummilli lider Heydər Əliyev adına muzey tikilib. Uzun illər bərbad vəziyyətdə olan XIX əsrin yadigarı «Cümə» Məscidi də yenidən bərpa edilib. Tarix-diyarşünaslıq muzeyində Heydər Əliyev guşəsi yaradılıb. Bunlardan əlavə, mədəniyyət müəssisələri yeni inventarlarla da təchiz olunub. Əhalinin mədəni istirahətinin səmərəli təşkili üçün rayonda yeni park və istirahət guşələri salınıb. Heydər Əliyev parkında, akademik Zərifə Əliyevanın adını daşıyan parkda, o cümlədən «Gənclər» parkında sakinlər üçün əlverişli şərait yaradılıb. Şəhərin girəcəyində «Heydər Əliyev bulağı» kompleksi və daha 4 abidə kompleksi inşa olunub.

Salyan rayonu ölkəmizin zəngin irsə malik qədim yaşayış məskənlərindən biridir. Rayonun əlverişli coğrafi mövqeyi, əsrarəngiz, zəngin təbiəti və zəngin tarixi mədəniyyət abidələri burada turizmin inkişafı üçün potensial imkanlar yaradır. Təkcə Şirvan Milli Parkı və onun ərazisindəki gəzməli-görməli yerlər, eləcə də rayon ərazisindəki müalicəvi suların tanıdılması üçün səmərəli işlər görülsə, mövcud turizm marşrutları bir qədər də zənginləşdirilsə, turizm üçün münbit imkanlar yaraar. Bəndovan qədim yaşayış məskəni, palçıq vulkanları, Kürsəngi və Kürovdağ dağlarındakı mağaralar, dadı damaqlardan getməyən ləziz təamlar, xüsusən balıqdan hazırlanan yeməklər buralara bir gələnin, yenidən gəlməsinə zəmin olur. Kür çayının sahilini bəzəyən Tuqay meşələri, bu yerlərdəki istirahət mərkəzləri, eləcə də Xəzərin Salyan ərazisindəki sahillərindəki ayaq dəyməmiş çimərliklər daxili və xarici turistlərin yolunu gözləyir. Səhərlər Bala Kür (Akuşa) çayının dumanlı sahili də bambaşqa, əsrarəngiz mənzərələr vəd edir. dünyanın ən şor bulağı, müalicəvi əhəmiyyətli Şır-şır da Salyandadır.

Bütün bunlar və sadalamadığımız digər nailiyyətlər belə deməyə əsas verir ki, çox hörmətli cənab Tahir Kərimovun başçılığı altında Salyan Rayon İcra Hakimiyyəti rayonun tərəqqipərvər qüvvələrini səfərbər edə, bölgənin potensial imkanlarını üzə çıxara, onları inkişafa doğru məqsədyönlü şəkildə istiqamətləndirməyi bacarmışdır. İnanırıq ki, Salyanlılar bundan sonra da daha şövqlə çalışacaq, həm öz doğma rayonlarının, həm də vətənimiz Azərbaycanın çiçəklənməsinə daha sanballı töhfələr verəcəklər.

шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024