Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (11-06-2021, 13:55)
ABŞ Qarabağa niyə gəlir?

ABŞ Qarabağa niyə gəlir?
“ABŞ-ın sadəcə Liviya və Suriya məsələlərində deyil, Aralıq dənizindən Qara dənizə və Qafqazadək bir çox regionda bizimlə əməkdaşlıq etmək arzusunda olduğunu görürük”.

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu “TRT Haber” kanalına müsahibəsində belə deyib.

Nazir qeyd edib ki, ABŞ Türkiyə ilə bir çox bölgələrdə, o cümlədən də Qafqazda əməkdaşlıq etməkdə maraqlıdır. M.Çavuşoğlu Rusiyadan əldə olunan “S-400” zenit raket kompleksləri ilə bağlı ABŞ-ın narazılığına dair fikir bildirib. XİN rəhbəri bu işlərin bir tərəfin təkidi ilə həll olunmadığını, Qərbin təminat verəcəyi təqdirdə, eyni tipli silahların onlardan da alınacağını bildirib.

Türkiyə və ABŞ prezidentlərinin iyulun 14-də keçiriləcək görüşü ərəfəsində cənab Çavuşoğlunun belə açıqlama verməsi Ərdoğanla Baydenin gündəliyində Cənubi Qafqazdakı geosiyasi vəziyyətin, əsasən də Qarabağ məsələsinin əsas yer tutacağını bir daha təsdiq edir.

Qeyd edək ki, bu yaxınlarda ABŞ Prezidentinin Milli təhlükəsizlik məsələləri üzrə müşaviri Ceyk Sallivan da danışıqlarda Qarabağdakı vəziyyətin müzakirə olunacağını bildirmişdi.

Co Baydenin rusiyalı həmkarı Vladimir Putinlə görüşündən iki gün öncə Ərdoğanla Qafqaz məsələsini müzakirə etməsi ABŞ-ın xarici siyasətində bu regionun prioritet istiqamətlərdən birini təşkil etdiyini göstərir.

İkinci Qarabağ müharibəsindən sonra Rusiyanın Cənubi Qafqazda geosiyasi və hərbi təsirinin artması ABŞ-ın regional proseslərdə rolunu azaldıb. Ona görə də ABŞ-ın Cənubi Qafqazda, o cümlədən Qarabağda mövqelərinin güclənməsi üçün Bayden administrasiyasının Türkiyə ilə yaxınlaşması müşahidə olunur.

Rəsmi Vaşinqton Ermənistanda Paşinyan hökumətinə də dəstək verməklə bölgədə Rusiyanın hərbi-siyasi fəallığının qarşısını almağa çalışır. Ancaq Rusiyanın Ermənistan hakimiyyətinə təsir imkanları güclü olduğundan, Paşinyan hökuməti oyunu ABŞ-ın maraqlarına uyğun şəkildə pozmaq iqtidarında deyil.

İyunun 20-də Ermənistanda keçiriləcək növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın rəhbərlik etdiyi “Mənim addımım” bloku qalib gələrsə, yenidən siyasi dayaqlarını gücləndirən hökumət Rusiya üçün arzuolunmaz addımlar ata bilər.

Lakin Cənubi Qafqazdakı geosiyasi balansı dəyişə biləcək alternativ güc mərkəzi hazırda Türkiyədir. Yəqin bunu nəzərə alan Ağ Ev Türkiyə ilə Qafqazda strateji əməkdaşlığı gücləndirməyə qərar verib. Prezident Baydenin bununla bağlı hansı təkliflər verəcəyi məlum olmadığından, Türkiyə tərəfinin reaksiyası barədə də bəri başdan danışmaq çətindir. Təbii ki, rəsmi Ankara yalnız maraqları üst-üstə düşdüyü halda, ABŞ-la Qafqazda birgə əməkdaşlığa razı ola bilər.

Politoloq Natiq Miri hesab edir ki, Bayden administrasiyası strateji müttəfiqləri ilə yaranmış anlaşılmazlıqları ortaq maraqlarla inkişaf etdirmək kursunu seçib.

Ekspert “Cümhuriyət” qəzetinə bildirib ki, bu siyasət Türkiyəyə də aiddir:

“Artıq ABŞ-da bir çox beyin mərkəzləri Türkiyənin əvvəlki ölkə olmadığını anlamağa başlayıb. Yəni Türkiyəni artıq dirijor çubuğu ilə idarə etrmək mümkün deyil. Bunu anlamaq həm ABŞ-ın, həm də NATO-nun xeyrinə olar. Təəssüf ki, hələ də ABŞ Türkiyə ilə təzyiq dili ilə danışmağa çalışır. Co Bayden və Rəcəb Tayyib Ərdoğan arasında görüş ərəfəsində mafiya başçısı Sedat Pekar Türkiyədə xaos yaradacağı barədə fikirlər söyləyir. O, bu açıqlamanı Birləşmiş Ərəb Əmirliklərində versə də, əsas sifarişçi ABŞ-dır.

Bununla mesaj verirlər ki, Türkiyənin ABŞ-la anlaşmaqdan başqa yolu yoxdur. Ancaq bu, alınmır. Çünki Türkiyənin güclü siyasi lideri və ona inanan cəmiyyəti var. Yəni getdikcə güclənən bir Türkiyə modeli var. Ona görə də ABŞ Türkiyə ilə münasibətləri yeni model əsasında qurmalıdır. Belə bir model Barak Obama ABŞ-ın yeni prezidenti seçiləndə irəli sürülsə də, sonradan unuduldu və anti-Türkiyə siyasəti dövriyyəyə girdi. İŞİD terror təşkilatının yaranması ABŞ-Türkiyə münasibətlərini gərginləşdirdi. NATO-da strateji müttəfiq olan bu iki dövlət arasında bir çox “körpülər yandırılıb”.

Ona görə də ABŞ Türkiyə ilə razılaşa biləcəyi sahələrdə birgə hərəkət etməyi təklif edir. ABŞ Cənubi Qafqazda Türkiyə ilə strateji tərəfdaşlığa can atır. Çünki bu regionda ABŞ-ın öz mövcudluğunu təmin etməsi üçün bu bölgənin ən güclü oyunçuları ilə birlikdə olmalıdır. Bölgənin ən güclü oyunçuları isə qalib Azərbaycan və onu dəstəkləyən Türkiyədir.

ABŞ Ermənistanı nə qədər müdafiə etsə də, geostrateji planın həyata keçirilməsinə nail ola bilməyəcək. Ona görə də Cənubi Qafqazda, öz Azərbaycanda və Ermənistanda ABŞ öz varlığını təsbit etmək istəyirsə, Azərbaycan və Türkiyə ilə anlaşmalıdır. Bundan başqa, Qara dənizdə də Rusiyanın dominantlığının qarşısını ala biləcək yeganə güc Türkiyədir. Ona görə də ABŞ-ın Qara dənizdə Türkiyəni dəstəkləməyə ehtiyacı var. Türkiyə ilə əməkdaşlıq ABŞ üçün istək deyil, məcburiyyətdir. Buna baxmayaraq, ABŞ Türkiyə ilə təzyiq dili ilə danışmağa üstünlük verir. Bu günlərdə Türkiyəyə satılmalı olan yeni nəsil “F-35” qırıcılarının Yunanıstana satılması barədə ABŞ Konqresinə layihə təqdim edilib. Bu, Türkiyəyə təzyiq vasitəsidir. Yəni bir tərəfdən Türkiyədə siyasi xaos yaratmaqla digər tərəfdən, AKP hakimiyyətindən təzyiqlər yolu ilə güzəştlər əldə etmək istəyirlər. Ona görə də ABŞ öz maraqlarını təmin etmək üçün Türkiyəyə münasibətini kökündən dəyişməlidir. Yalnız bundan sonra strateji müttəfiqlikdən danışmaq mümkündür”.

O bildirib ki, əks təqdirdə, ABŞ-ın Suriyanın şimalında PKK-nı, FETÖ terror təşkilatını dəstəkləməsi, Baydenin Qarabağla bağlı yanlış siyasəti davam edərsə və qondarma erməni soyqırımını tanımasını da buna əlavə etsək, belə bir əməkdaşlıq reallaşa bilməz: “Vaşinqton ciddi nəticələr əldə etmək istəyirsə, vasitələr dəyişməlidir. Türkiyə ilə münasibətlər yenidən qurulmasa ciddi anlaşmanın olacağı şübhə doğurur”.

Natiq Miri bildirib ki, ABŞ-Türkiyə münasibətlərində yeni konfiqurasiyanın qurulması Cənubi Qafqaza və 44 günlük Vətən müharibəsindən sonra Qarabağda yaranmış vəziyyətə də aiddir: “Zəngəzur dəlizinin strateji əhəmiyyətini nəzərə alan ABŞ bu ərazidə özünün iştirakını təmin etmək istəyir. Amerika bu gün Ermənistanın dəstəyi ilə Rusiyanın və İranın qarşısında buna nail ola bilməz. Çünki Ermənistanın özü özünə kömək edə bilmir. Bu siyasəti həyata keçirə, Rusiya və İrana qarşı dayana biləcək yeganə iki qüvvə var. Bunlar Azərbaycan və Türkiyədir. ABŞ-ın Dövlət katibinin müavini Filip Riker Baklıya səfəri zamanı belə bir ifadə işlətdi.

O qeyd etdi ki, Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşməsi prosesində SSRİ-nin hazırladığı xəritədən istifadə vacibdir və ABŞ bununla razıdır. Riker bunu hələlik sözdə deyir. Amma ABŞ bölgədə mövcudıluğunu təmin etmək üçün Azərbaycan və Türkiyə ilə maraqlarını uyğunlaşırmalıdır. Yalnız bundan sonra Amerikanın bu prosesdə yer alması mümkün ola bilər. Əslində, belə bir əməkdaşlığa Azərbaycanın və Türkiyənin də ehtiyacı var. Çünki Qarabağda Rusiyaya qarşı qoyula biləcək qlobal güc ABŞ-dır. Vaşinqton bizim maraqlarımızı ifadə edərsə, Rusiyaya qarşı mövqelərimizi gücləndirərik”.
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024
25 04 2024