Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (2-08-2018, 17:00)
“İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq?”

 

 

 

“ABŞ-İran və ABŞ-Türkiyə münasibətlərinə eyni çərçivədən baxmaq olmaz. Əvvəla onu qeyd edim ki, Türkiyə prezidenti Ərdoğan uzaqgörən, öz sözünü deyən praqmatik siyasətçilərdən biridir. O imkan verməz ki, münasibətlər qərginləşsin”.

Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov bu fikirləri ABŞ-ın İran və Türkiyəyə yönəlik mövcud siyasətini “Yeni Müsavat”a şərh edərkən söylədi. Onun fikrincə, R.T.Ərdoğan türk bayrağını, türk xalqının mənafeyini hər şeydən üstün tutan bir rəhbərdir, lazım gəldikdə, bu mənafe baxımından siyasətini həyata keçirir: “Son vaxtlar Rusiya ilə siyasətdə qəflətən müharibə əhval-ruhiyyəsinin yaranması və eyni sürətlə qəfil iki ölkə arasında dostluq və əməkdaşlığın bərpa olunması, siyasətlə məşğul olmaq istəyənlər üçün gözəl praktiki nümunə sayıla bilər. Bəs Ərdoğanın uğurunun mənbəyi haradadır? Xalqla dövlətin birliyində! Bu günlərdə bəyanat verdi ki, bu il Türkiyə 6 milyon rus turisti qəbul etməyə hazırlaşır. Bilirsiniz valyutaya çevirəndə bu nə qədər edir? Bura digər Avropa ölkələrindən gələnləri də əlavə etsək, ciddi bir rəqəm alınır. Üstəgəl, keçmiş sovet respublikalarına ixrac edilən kənd təsərrüfatı məhsulları. Təkcə Rusiya bazarının 65%-ni təmin etməyi öz üzərinə götürüb. Məhz buna görə də xalq 15 iyul hadisələri zamanı dövlətini qorumaqdan ötrü özünü tankın altına atdı”.

A.Mütəllibov ABŞ-ın avqust ayında İranı bombalayacağı barədə xəbərlərə münasibət bildirərkən dedi ki, İranla bağlı məsələ ciddidir: “İran artıq öz sərhədlərindən xeyli irəli gedərək demək olar ki, 5 və ya daha çox ölkəni öz nüfuzu altına alıb. Demək olar ki, İran ara-sıra baş verən kiçik narazılıqları çıxmaq şərti ilə, 30 ildir öz ərazisində siyasi kataklizmlər, çevrilişlər, müharibələr yaşamayıb. Hətta sağında - solunda baş verən çevrilişlər, dağıntılar belə onları büdrətmədi. SSRİ boyda nəhəng qonşunun parçalanmasından digər qonşularımız kimi onlar da məharətlə istifadə etdilər. Təbii ki, öz iqtisadi və hərbi potensialını gücləndirmək baxımından. Öz rəqiblərini, o cümlədən Səddam kimi düşmənlərini şərqlilərə məxsus müdrikliklə yola saldılar. Yenə də xalq və dövlət birliyi! Narazılıqlara baxmayaraq, İran xalqının yarıdan çoxu indiki hakimiyyəti dəstəkləyir. Həyati vacib məsələlərdə, istər xaricdə, istərsə də daxildəki vətəndaşları dövlətin yanında dururlar, milli birlik nümayiş etdirirlər. Demək olar ki, İran Qərbin Tunisdə başladığı ”ərəb baharı" inqilablar silsiləsinin qarşısını Suriyada “İran payızı” ilə dayandırmağa nail oldu.

Bir daha sübut olundu ki, Yaxın Şərq Şimali Afrika deyil. Xarabazara çevrilən isə Suriya oldu. Bir vaxtlar qədim mədəniyyətin nadir nüsxələrinin mövcud olduğu bir ölkə viran, Suriya xalqı isə parça-parça oldu. Bunun qarşısını almaq olardımı? Bəli, insan əli ilə törədilən fəlakətlərin qarşısını almaq mümkündür. Amma əksi baş verdi. Səbəbi çox bəsit - Bəşər Əsədin tərəddüdləri, ikibaşlı oyunlar qurması, kimlərəsə öhdəsindən gələ bilməyəcəyi barədə vədlər verməsi, qüvvələr balansını düzgün qiymətləndirməməklə realliqdan uzaq olması və sairə və nəhayət, ərəblərin birliyinin olmaması. İndi Əsəd sərhədləri olmayan, ordusu dağılmış, xalqı pərən-pərən olmuş bir dövlətin prezidentidir. Kimə lazımdır bu cür prezidentlik? Hətta özü və ailəsi də bu siyasətin qirovuna çevrilib, daimi nigarançılıq, dəhşət altında, gələcək taleyi qeyri-müəyyənlikdə. Bir ömürdə 2 milyondan artıq insanın qətlə yetirilməsində cavabdehlik və vicdan yükü də var".

Eks-prezident dedi ki, diplomatiyanın yerini söyüş və müharibə, qarşılıqlı təhdid və təhqir ritorikasının tutduğunu nəzərə alsaq, sonrakı proseslərin necə davam edəcəyini yalnız təxmin etmək olar: “İrana hücum arzuolunmaz nəticələrə gətirib çıxara bilər. Bir onu qeyd etmək kifayətdir ki, Ermənistan tərəfindən faktiki blokadaya alınan qədim yurdumuz Naxçıvanla quru yolla əlaqə məhz İranın razılığı əsasında onun ərazisi vasitəsilə həyata keçirilir. Vətəndaşlarımız bu yolla öz doğma yerlərinə gedib-gəlirlər. Əgər müharibə başlasa, bu yolun aqibəti necə olacaq? Öz güzəranını, çörəyini bu xəttin vasitəsilə təmin edən sadə naxçıvanlıların, digər insanların vəziyyəti adamı düşünməyə vadar edir. Digər tərəfdən, İranda bizim 30 milyona yaxın qardaş və bacılarımız yaşayır, onların taleyi necə olacaq? İranla uzun bir sərhədə malikik, sərhədyanı bölgələrimiz hansı təhlükə ilə üzləşəcək? ABŞ-a nə var, okeanın o başındadır. Bombanı atanda məgər ayıracaqlar ki, bu farsdır, bu azərbaycanlıdır və yaxud da talış? Ya da ruhanidir, molladır, sadə iranlıdır? Müharibələrin ən böyük fəsadı sadə köməksiz əhaliyə, ələlxüsus qadın və uşaqlara dəyir. Allah göstərməsin! Bütün bunlar hamısı sual doğurur. Mən danışıqlar və sülh yolunun tərəfdarıyam. Müharibələr sadə insanlara əzab-əziyyət, faciədən başqa bir şey gətirmir”.

A.Mütəllibov durumun təhlükəli olduğunu qeyd etdi və konkret misallar çəkdi: “Dünya sürprizlərlə dolub, heç kimə inam qalmayıb. Kimin ağlına gələrdi ki, İraq kimi bir dövlətin tən yarısını bir dəstə oradan-buradan yığılma, heç bir ölkəyə tabe olmayan insanlar xaraba qoyardı və 21 əsrdə atom və kosmos əsrində dünyanın siyasi xəritəsində orta əsrlər qanunları ilə idarə olunan, gül alveri ilə məşğul olan yeni dövlət peyda ola bilərdi. Özü də haradasa küncdə-bucaqda yox, dünyanın demək olar ki, mərkəzində, sivilizasiyanın beşiyi sayilan Mesopotamiyada, sərhədlərimizin bir neçə min kilometrliyində. Dünyanın demokratik dəyərlərinin, insan hüquqlarının qorunmasında liderlik edən yekə-yekə dövlətlərin gözünün qarşısında. Həm gülməlidir, həm də acınacaqlı. Xeyr, biz taleyimizi heç kimə etibar edə bilmərik! Öz müqəddəratımızı özümüz təyin etməliyik. Götürək elə qardaş Türkiyəni, xalqa necə sərf edir o cür də hərəkət edirlər. Daha gözləmirlər ki, kiminsə xoşu gələcək, ya yox!” 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024