Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (25-12-2014, 11:56)
“Putin böyük bəlalarla üz-üzədir”

Eldar Abbasov: “Krım Rusiya dövlətinin təməlinə qoyulan saatlı bombadır”

 

Uğursuz Ukrayna siyasətinə görə Qərbin sanksiyaları ilə üzləşən Rusiyada iqtisadi durum sürətlə ağırlaşır. Rusiya rublunun 100 faiz dəyərdən düşməsi ölkə iqtisadiyyatı üçün nə zaman çözüləcəyi bəlli olmayan çoxsaylı problemlər yaradıb. Putin iqtidarının rublin məzənnəsini saxlamaq üçün gördüyü heç bir tədbir nəticə vermir.
Çıxış yolu həm iqtisadçılara, həm də siyasətçilərə görə “çox sadədir”: Rusiya iqtisadi böhranı durdurmaq üçün Ukrayna siyasətində köklü dəyişiklik etmək məcburiyyətindədir. Mövcud durumla bağlı Türkiyənin “Koç Holding” şirkətlər qrupuna aid Rusiyadakı “BEKO” MMC şirkətinin hüquq məsələləri və rəsmi qurumlarla iş departametinin rəhbəri Eldar Abbasov “Yeni Müsavat”ın suallarını cavablandırıb.
- Rusiya iqtisadiyyatı, sizcə, niyə belə tez çökməyə başladı? Hakimiyyət ölkənin imkanları ilə bağlı çox şişirdilmiş təsəvvürə malik idimi?
- Əslində Rusiya çox həssas bir iqtisadiyyata sahibdir. İqtisadiyyatın həssaslığının səbəbi onun enerji qaynaqlarına - neft və təbii qaza bağlı olmasındadır. Belə bir hal Rusiyanı dünya bazarındakı neft və təbii qaz qiymətlərinin əsirinə çevirir. Bu çox riskli bir haldır. Dünyada iqtisadiyyatı neft və təbii qaza bağlı ölkələrin sayı az deyil - Səudiyyə Ərəbistanı (illik neft hasilatı 542 mln. ton), İran (illik neft hasilatı 178 mln. ton), Birləşmiş Ərəb Əmirlikləri (illik neft hasilatı 160 mln. ton),  İraq (illik neft hasilatı 150 mln. ton), Küveyt (illik neft hasilatı 140 mln. ton), Nigeriya (illik neft hasilatı 130 mln. ton), Venesuela (illik neft hasilatı 125 mln. ton), Azərbaycan (illik neft hasilatı 47 mln. ton)... İyul ayından ehtibarən dünya bazarlarında neft qiymətlərində durmadan düşüşlər yaşanır.  Son 4-5 ayda neft qiymətləri hər barel üçün 120 dollardan 60 dollara enib. Bu hal, təbii,  iqtisadiyyatı neftə ve təbii qaza bağlı ölkələrin valyuta gəlirlərinin düşməsinə səbəb olur və həyatın hər istiqamətinə təsir edir. 
Amma Rusiyadan başqa iqtisadiyyatı neft ve təbii qazla nəfəs alan ölkələrin heç biri Rusiyada yaşanan fəlakətin və sarsıntıların yüzdə birini görmədi. Demək, Rusiyanın milli pul vahidi rublun ABŞ dolları qarşısında diz çöküb imdad diləməsi heç də dünya bazarlarında neft və təbii qaz qiymətlərinin aşağı düşməsilə bağlı deyil. Daha doğrusu, bu, yan səbəblərdən biridir, ana səbəb deyil. Rusiyada yaşanan iqtisadi böhran ölkənin uğursuz Ukrayna siyasəti nəticəsində ortaya cıxan siyasi böhranın uzantısıdır. Rusiyanı məngənə arasında sıxan ABŞ, Kanada, Avropa Birliyi, Yaponiya və Avstarliyanın ona qarşı tətbiq etdiyi sanksiyalardır. Bu sanksiyalar içərisində ən ağırı və ən təsirlisi - Rusiyanın böyük bank və maliyə quruluşlarının dünya maliyə qaynaqlarından faydalanmak - ucuz kredit almaq imkanlarından məhrum edilməsidir. Belə bir vəziyyətdə Rusiya Anadolu türklərinin təbirincə “kendi yağında kavrulmak” məcburiyyətindədir. Böyük banklar və “Rosneft” kimi nəhəng şirkətlər 2014-cü ili sonuna qədər Qərbdən almış olduqları kreditlərin geri ödənməsi və ya təkrar maliyyələşdirilməsini təmin etməlidirlər. Valyutaya olan yüksək tələbat birjada bir panika yaradaraq rublun ABŞ dolları qarşsında sürətli dəyər itirməsinə yol açır. Ekspertlərin fikrincə, 15 dekabr “Siyah Bazarertəsi”nin səbəbi məhz “Rosneft” şirkətinə istiqrazları qarşılığında Rusiya Mərkəzi Bankının kredit olarak verdiyi 623 milyard rublun valyuta birjasına girməsi olub. Sanksiyalar davam etdiyi müddətdə neft və təbii qaz qiymətlərinin dünya bazarlarında yüksəlməsi belə Rusiya iqdisadiyyatını yaşamaqda olduğu bu böhrandan xilas edə bilməyəcək. 
- Ukraynaya qarşı hərbi müdaxilə başlanandan Putinin reytinqi ilə bağlı müxtəlif versiyalar səslənir. Sizcə, Putin toplumdakı etibarını çoxmu itirib? Yoxsa ruslar hələ də liderlərinə Ukrayna ruslarına dəstək verdiyi üçün haqq qazandırır?
- Mart ayında ABŞ və Qərbin bütün müdaxilələrinə, eyni zamanda məkik diplomatiyasına baxmayaraq Krımın Rusiyaya ilhaqı, Rusiyanın patriotları və millətciləri tərəfindən Vladimir Putinin möhtəşəm bir zəfəri kimi qiymətləndirildi, cəmiyyət həqiqətən bir eyforiya, çoşqu, heyranlıq içərisində idi. Amma son bir ayda milli pul vahidi rublun 100% devalvasiyaya uğraması, vətəndaşların mal varlıqlarının dəyərini ciddi şəkildə itirmələri, mal və xidmət qiymətlərinin durmadan yüksəlməsinə görə insanların həyat standartlarının ağırlaşması cəmiyyətdə müəyyən bir narazılığa səbəb olub. Bütün bunlara baxmayaraq, yaxın zamanlara qədər vətəndaşların Vladimir Putinə inamı çox yüksək idi. Məncə, bu inamın qırılma nöqtəsi 18 dekabrda V.Putinin keçirdiyi mətbuat konfransı oldu. Bu, Ukrayna ilə gərginllik başlanandan bəri keçirilmiş 10 mətbuat konfransının ən zəifi və ən rəngsizi oldu. Putin Rusiyanın qarşılaşdığı bütün bəlaların ABŞ və Qərbdən qaynaqlandığını vurğuladı, bununla da cəmiyyətin diqqətini özünün uğursuz Ukrayna siyasətindən, ölkənin zəif və problemli iqtisadiyyatından uzaqlaşdırmağa çalışdı. Ancaq bu, uğursuz cəhd idi. Vətəndaşlar artıq prezidentlə bağlı düşüncələrini dəyişdirməyə, güncəlləşdirməyə başlayıblar.  
"Sanksiyalar içərisində ən ağırı və ən təsirlisi - Rusiyanın böyük bank və maliyyə quruluşlarının dünya maliyyə qaynaqlarından faydalanmaq - ucuz kredit almaq imkanlarından məhrum edilməsidir”
- Ara-sıra Rusiya ziyalılarından hakimiyyətə “durmaq lazımdır” çağırışları eşidilir. Aydınların, cəmiyyətin düşünən kəsiminin Kremlə təsir imkanları hələ qalıbmı?
- Ukrayna olayları başladıqda müxalif qüvvələr, müxalif aydınlar Vladimir Putinin Krım və Donbasla bağlı mövqeyinə sərt reaksiya verdilər. Lakin prezident onları  “beşinci kolon” adlandıraraq aqressiv patriotların, millətçilərin hədəfinə çevirə bildi. Populyar müğənni və bəstəkar Andrey Makareviç, ünlü jurnalist Ksenya Sobçak və digər müxalif düşüncəyə sahib vətəndaşlara qarşı təşkil olunmuş kampaniyalar buna parlaq misaldır. Vladimir Putinə “durmaq lazımdır” çağırısıyla müraciət etmək istəyən aydınlar təbii, var.  Amma onlar “beşinci kolon” olaraq qiymətləndiriləcəklərindən çəkinərək ön plana çıxmaq istəmirlər. Üzülərək onu da deyim ki, onların təsir gücü çox zəifdir.
- Biznes dünyası yaşananlardan təbii ki, daha çox etkilənib. İş adamları kapitallarını qorumaq üçün nəsə edə bilirlərmi?
- İş adamları, iş dünyası gerçəkdən də çox böyük sarsıntı, çox ciddi sıxıntılar yaşayır. Xüsusən xarici dünyaya bağlı sektorlar, avro və ABŞ dolları ilə mal idxal edən şirkətlərin itkiləri çox böyükdür. Amma bütün hallarda Rusiya böyük bir bazara sahib ölkədir. Ruslarınsa istehsalçı olmaqdan daha çox istehlakçı olduqlarını nəzərə alsaq, bu şok dönəmi atlatdıqdan sonra hər halda, bu insanların yeni şərtlərə alışıb alış-verişlərinə davam edəcəklərinə inanıram. Bu səbəbdən bütün cətinliklərə baxmayaraq bazardan çəkilmək yanlış qərar olar. Çünki bazarın vəziyyəti normala döndüyündə  təkrar bazara girmək daha böyük yatırımlar tələb edir.
 
- Daşınmaz əmlak, ərzaq bazarında durum necədir?
- Devalvasiya şəraitində mal və xidmətlərin dəyəri devalvasiya nisbətində arta bilməz. Rublun 100% səviyyəsində bir devalvasiyaya uğramasına baxmayaraq nə qida məhsullarının, nə tekstilin, nə elektron və məişət texnikasının, nə də daşınmaz əmlakın qiymətlərində 100% artım olmadı.  Bu gün qiymət artımı 10-50% arasında dəyişir. Əslində bank hesablarındakı vəsaiti ABŞ dolları və avro olaraq saxlayan vətəndaşlar üçün daşınmaz əmak almaq zamanıdır. Bu səbəbdən mənzil satışları, elektron və məişət texnikası, kompüter və smartfon satışlarında tam bir partlama yaşanmaqdadır. Moskvada bu malların satıldığı M-Video, Eldorado ve Media Market kimi iri ticarət şəbəkələrinə girmək mümkün deyil. Mağazalardakı insan qələbəliyi, kassalardakı növbələr “inkişaf etmiş” sosializm dönəmində mağazalarda “Doktorskaya kolbasa” almaq üçün gördüyümüz insan dənizini xatırladır.  İnsanlar ehtiyacları olub-olmamasından asılı olmayaraq əllərinə keçən hər cür malları alaraq ölməkdə olan, daha doğrusu, ölmüş rubllarından qurtulmağa çalışırlar.
 
- Eldar bəy, sizcə, belə davam etsə, Azərbaycandan və digər postsovet ölkələrindən olan əməkçi miqrantların vətənlərinə dönüşü kütləvi hal ala bilərmi?
- Tacikistan, Özbəkistan, Moldova və  Azərbaycan əməkçi miqrantlar, Vətənlərində onlardan pul gözləyən ailələri üçün çox ağır və acınacaqlı bir dönəm başladığını vurğulamaq istəyirəm. Bu insanlar gecə-gündüz işləyib rublla olan maaşlarını aldıqdan sonra onu ABŞ dollarına çevirib ailələrinə göndərirdilər. Rublun 100% devalvasiyaya uğrayıb ABŞ dollarına təslim olmasından sonra bu insanların gəlirləri yarıbayarı azalıb. Bu, əməkçi miqrantlar və onların ailələri üçün tam bir fəlakətdir. Amma adını çəkdiyim ölkələrdə iş imkanları çox məhdud olduğu və yaxud heç olmadığı üçün onların geri dönmək istədiklərini düşünmürəm.
- İqtisadçılar bildirir ki, böhrandan çıxış yolu siyasi qərarlardan asılıdır. Sizcə, Putin Qərbə yönəlik siyasətində yumşalmalara gedə bilərmi?
- Rusiyanın yaşadığı bu iqtisadi böhran heç şübhəsiz siyasi böhranın ortaya qoyduğu bir haldır. Bu böhranın həlli ilk növbədə Ukraynanın Donbas bölgəsində Rusiyanın dəstəklədiyi separatçıların Minsk Anlaşmasına riayət etməsinə bağlıdır. 2 noyabr tarixində oyuncaq Donetsk və Luqansk xalq respublikarı Ukrayna seçki qanuna zidd olaraq Rusiyanın dəstəyi ilə öz “seçki qanunlarına” görə Ukrayna mərkəzi hakimiyyəti və Qərbin tanımadığı seçkiləri keçirməklə Minsk Anlaşmasını kobud şəkildə pozub. Qərb buna cavab olaraq sanksiyaların genişləndiriləcəyini bildirib. İki gün əvvəl Avropa Birliyinin Krıma yönəlik elan etdiyi yeni sanksiyalar bunun parlaq nümunəsidir. Rusiya ən azından Donbasla bağlı mövqeyini gözdən keçirmək məcburiyyətindədir. Bu istiqamətdə sanki buzlar əriməyə başlayıb. Dekabrın 14-də  Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ dövlət katibi Con Kerri ilə görüşdükdən sonra - dekabrın 16-da Fransanın 24 TV kanalına verdiyi müsahibədə Rusiyanın Ukraynaya federallaşma təklif etmədiyini deyib. Rusiya XİN-in rəhbəri bildirib ki, buna Ukrayna özü qərar verməlidir. 
Buna qədər isə V.Putinin gündəmə gətirdiyi Ukraynanın federallaşma prinsipi S.Lavrovun Qərblə olan bütün diplomatik görüşmələrində ən önəmli silahlarından biri idi. V.Putin dekabrın 21-də Fransa prezidenti Fransua Ollandla zəng edərək Normandiya formatında - Olland, Merkel, Poroşenko, Putin  - Ukrayna məsələsini müzakirə etməyə hazır olduğunu bildirib. V.Putin Ukrayna məsələsində daha öncədən hesaba almadığı və ya ağlından belə keçirmədiyi çox böyük bəlalarla üz-üzədir. Rusiyanın Qərb dünyasından “cüzamlı xəstə” kimi təcrid edilməsi, böyük, sivil və demokratik dövlətlərin yer aldığı G-8 topluluğundan uzaqlaşdırılması Rusiyanın tənhalığına yol açır. Putinin millətlərin öz müqəddəratlarını təyin etmə hüququna əsaslanaraq Krımı Rusiyaya ilhaq etməsi Rusiya Federasiyasının təməlinə yerləşdirilmiş bir saatlı bombadır. Bu bomba bir gün partlayacak. 
- Rusiyaya sanksiyaların tətbiqi Qərbin iqtisadi düzəninə də təsir edir. Enerji asılılığı faktoru da bir tərəfdən. Sizcə, Qərblə Rusiya hər hansı formada anlaşa bilərmi? Anlaşmanın predmeti nə ola bilər?
- Təbii, anlaşa bilərlər. Qərbin Rusiya ilə anlaşması üçün  Rusiyanın Donbasdan çıxması və savaşın durdurulması şərtdir. Bunun ardınca müzakirələr, danışıqlar başlaya və hər iki tərəfi razı salan nəticələr əldə edilə bilər. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024
18 04 2024