Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (18-12-2014, 12:32)
Müsavatla YAP arasında gizli sövdələşmə olub?

Siyavuş Novruzov detalları açıqladı

 

Siyavuş Novruzov: “Dialoq məsələsi yeni seçilmiş sədrlə, Arif Hacılı ilə razılaşdırılmışdı. Danışılmışdı ki, o, müzakirədə iştirak edəcək”
Siyasi proseslərin ən aktiv iştirakçısı, müxalifətə qarşı barışmamazlığı ilə seçilən YAP icraçı katibinin müavini,millət vəkili Siyavuş Novruzov "Unikal” qəzetinə ekskuliziv müsahibə verib. Müsahibəni nəzərinizə çatdırırıq.
- Məğlub olmaq üçün nəyi bacarmaq lazımdır?
- Məğlub olmaq xüsusi bacarıq tələb etmir. Əgər işlərini düzgün qurmursansa, məsələyə planlı şəkildə yanaşmırsansa, səbrin çatmırsa, məğlubiyyət qaçılmazdır. 
- İllər boyu qələbə qazanmağın özü yorucu deyilmi?
- Bunun özü çox böyük zəhmət tələb edir. Bəzi adamlara elə görünür ki, qələbə hazır vəziyyətdə gətirilib çatdırılır. Əslində isə elə deyil, bunun üçün çox saylı işlər görməlisən, islahatlar aparmalısan,yeni fikir gəlməlidir. Bu kimi məqamlar olmayanda hər bir siyasi təşkilat öz dayaqlarını itirməyə başlayır və tədricən də çökür. Bəzi hallarda tarixi dəyişmələr dönəmində təsadüfi qələbələr qazanılır, amma bu, hər zaman baş vermir. Yəni, hər bir qələbə çətinliklə əldə olunur. Əsas şərt ondan ibarətdir ki, rəqibinə qarşı həmişə mübarizəyə hazır olasan. Onu da unutmaq lazım deyil ki, rəqibin böyüklüyü, kiçikliyi yoxdur. Rəqibin gücünü nəzərə almalısan, o zaman qələbəyə gedən yollar daha açıq olur. Laqeydlik edəndə axırda çox pis nəticələrə gətirib çıxarır. Tarixdə də belə faktlar çoxdur. Dara ilə Makedoniyalı İsgəndərin qarşılaşmasını yada salaq. Dara böyük qüvvəyə malik hökmdar idi, amma Makedoniyalı İsgəndər kiçik bir qüvvə ilə gəlib onun üzərində qələ çaldı. Səbəb isə odur ki, zamanında rəqibinin gücünü qiymətləndirməmişdi, ciddi qəbul eləməmişdi. Ona görə də hər bir siyasi təşkilat qarşısındakı zəif olsa da, onu güc kimi qəbul etməlidir ki, qələbə çala bilsin.
 
- Müsahibələrinizə diqqət edirəm, davranışlarınızı izləyirəm, mənə elə gəlir ki, Sizə idmançı deyəndə kompleks yaşayırsınız. Bu kompleks nədən yaranır?
- Kompleks yaranmır. Sadəcə olaraq, bu, müəyyən insanların ortaya atdığı termin idi və bunun üzərində müəyyən təbliğat qurulurdu. Bir də ki, idmançı olanda nə olur ki? Səddam Hüseyn 27 il İraq dövlətini idarə elədi. Amma fakt odur ki, Səddam Hüseyn ondan əvvəl prezident mühafizə xidmətinin rəisi idi. 40 il Liviyanı idarə edən Qəddafi də polkovnik idi, amma elə polkovnik də qaldı. Yəni, burada pis bir şey olsaydı, heç vaxt bu barədə məlumatların yayılmasına imkan verməzdilər. Məncə burada hər hansı bir problem yoxdur. Sadəcə, cəmiyyəti çaşdırmaq, yalan məlumat vermək və neqativ yöndə təbliğat qurmağın əleyhinəyəm. Mən insan tanıyıram ki, Bədən Tərbiyyəsi İnstitutunu bitirib, amma indi generaldır. Hər bir insan idmanla məşğul ola bilər, bu, həm də sağlamlıqdır. Hərənin bir hobbisi var, biri marka yığır, biri pul yığır, elə insan da var ki, idmanla məşğul olur. Mən on yaşımdan indiyə kimi fasiləsiz idmanla məşğul olmuşam. Əvvəllər daha professonal şəkildə məşğul olmuşam, indi isə bir qədər yüngülləşdirmişəm. Amma yenə də yaşıma görə daha çox məşğul oluram. Mən başqalarının nə deməsinə fikir vermirəm. Biz bir-birimizi iyirmi ildən çoxdur tanıyırıq. Amma eləsi var ki, əlinə dünən qələm alıb, gəlir nəsə soruşur. Onun təfəkküründə, düşüncəsində başqa məqamlar olur. O baxımdan, mən başqa reaksiya verə bilirəm. Bir də ki, kim o barədə sual verirsə, cavablandırıram, olmayanda danışmıram. Çünki artıq o məsələ mənim üçün əhəmiyyətini itirib. Türkiyənin baş naziri var idi, Bülent Ecevit. O, Kipr məsələsini həll edənlərdən biri idi, amma onun heç ali təhsili yox idi. Yəni, siyasətdə bu kimi məsələləri qabartmağın mənası yoxdur. Elə adam var ki, akademikdir, elmlər doktorudur, amma bu gün cəmiyyətə heç bir faydası yoxdur. 
- Bir ara söz-söhbət yayıldı ki, Siyavuş Novruzovun bir hobbisi də var, bizneslə məşğul olmağa başlayıb. Bu barədə nə deyə bilərsiniz?
- Yanlış məlumatdır. Nəsə biznes məni çəkməyib. Müstəqillik əldə edəndən sonra kifayət qədr imkanlar olub ki, bizneslə məşğul olum. Amma nəsə lap əvvəldən biznesə meylim olmayıb. Düzü, çox tərəfdarı olardım ki, bu işi biləsən və məşğul olasan. Lakin nədənsə, məni bu sahə özünə cəlb eləməyib. Onu da deyim ki, bu sahə kifayət qədər bacarıq tələb edir. Bizim cəmiyyətdəki bəzi insanlar köhnə sovet psixologiyası ilə yaşayırlar, biznesmenə tamamilə başqa formada yanaşırlar. Əslində, biznesmen bacarıqlı insan deməkdir. Amerika prezidentlərinin böyük əksəriyyəti bacarıqlı biznesmenlər olurlar. Biznesdən başlayıblar, idarəetməni yaxşı bildiklərindən prezident kürsüsünə qədər gəlib çıxıblar. Yəni, buna kifayət qədər ağıl, bacarıq, istedad lazımdır. 
- Nitşenin maraqlı bir fikri var, deyir ki, insan nə qədər dinə inanırsa, ona nə qədər ümidli olursa, öz azadlığını, həqiqətliyini itirir. Siz öz 
həqiqətliliyinizi qorumaq üçünmü dinlərdən kənarda dayanırsız?
- Mən dinə inanan adamam. Amma başa düşərək, dərk edərək inananlardanam. Elələri var ki, kortəbii şəkildə inanırlar. Özü də bizim dinimiz çox demokratik dindir. Bəziləri içinə daxil olmadan onu mürtəce adlandırırlar, bəzi dövlətlər onu ifrat dərəcəyə gətirib çatdırırlar. Azərbaycanda isə İslam dininə yanaşma fərqlidir. Mən deyərdim, Qurani Kərimin tələblərini yüzə-yüz yerinə yetirən ölkə Azərbaycandır. Çünki digərlərində dini bir qorxu, buxov kimi təqdim edirlər. Amma islamda bir azadlıq ifadəsi var. Bəzən deyirlər ki, müsəlman qadınları mütidir. Amma İslamda qadına verilən hüquq heç bir dində yoxdur, amma bunu cəmiyyətə düzgün çatdırmırlar. Azərbaycanda isə hələ sövet hökumətinin vaxtında dini rituallar yerinə yetirilib. Mən bunun şahidi olmuşam, istər Ramazan ayında, istər məhərrəmlikdə, istər peyğəmbərimizin mövlud günündə dini ayinlər həyata keçirilib, heç vaxt da unudulmayıb. Hər kəs bunu öz evində, ailəsinin içində edib. Bizim ailədə də babam həmişə namaz qılardı, oruc tutardı. Valideynlərim də bu yolla gedirdilər. Mən namaz qılmasam da, digər ritualları yerinə yetirməyə çalışıram. 
- İfratçılığa varmağın düzgün olmadığını deyirsiniz, bəzi nazirlərimizin 20 ildən artıq nazir qalması ifratçılıq deyilmi?
- Bizim kimi gənc dövlətlərdə kadr bazasının formalaşması vacib amillərdəndir. Bu gün inkişaf etmiş ölkələrə də nəzər yetirsəniz, onlarda da ilkin dövrlərdə bu cür olub. Amma müəyyən dövr keçdikdən sonra idarəetmədə üsullar dəyişir, yenilənmə başlayır. Görürsünüz ki, yerli strukturlarda bu yenilənmələr həyata keçirilir. İcra başçılarının əksəriyyəti beş ildən bir dəyişir. Bzim nəsil yaşının yarısını sosializmdə, yarısını da müstəqillik dövründə yaşayıb. Müstəqilliyimizi də iki dövrə bölsək, çətin və acınacaqlı dövrlər olub. Fərqli mühitlər görmüş adamlar dəyişilmələri qısa müddətdə həzm edə bilmir. Ona görə də prosesləri tədricən həyata keçirmək lazımdır. Gürcüstana nəzər yetirək. Orda yaranan acınacaqlı hal kadrların qorunub saxlanılmaması ilə bağlıdır. Saakaşvili dönəmində 6-7 baş nazir dəyişdi, ona yaxın xarici işlər, müdafiə, daxili işlər nazirləri dəyişdi. Bu cür idarəetmə ilə işləri həyata keçirmək olmaz. Müstəqillik qazandığımız ilk illərdə Azərbaycanda beş nəfər prezident oldu, amma Ermənistanda bir. Vəzirov, Mütəllibov, Yaqub Məmmədov, Elçibəy, bir ara İsa Qəmbər bu ölkyə rəhbərlik elədilər. Yəni, Heydər Əliyevə qədər beş nəfər rəhbər olub. Nəticə etibarı ilə ölkədə olan böhran daha da dərinləşdi, həm də torpaqlarımız işğal olundu. Kadr bazasının bu cür formalaşması zəruridir. Müstəqillik möhkəmləndikdən sonra islahatlar davam edəcək, necə ki, indi gedir.
- Maraqlı bir məqam var, YAP-dan, hakimiyyətdən kənarlaşdırılanların bir nömrəli hədəfi Siyavuş Novruzov olur. Onlardan sonuncusu Hüseyn Abdullayev oldu. Deyir ki, Siyavuş Novruzov indi məni tanımır, amma vaxt var idi, hər gün mənim yanımda idi...
- Bütün tərəqqipərvər bəşəriyyət də bilir ki, mə onu tanımamışam. O adam bizneslə məşğul olub, sonradan siyasətə gəlib. Məndə olan məlumata görə, deputat seçkilərində təbliğat kampaniyası ərəfəsində ona köməkliklə əlaqədar partiyaya müraciət edilib. O vaxt namizədlik üçün iki min imza tələb olunurdu, o da bitərəf idi, partiyanın namizədi deyildi. Nizami rayonundan namizədliyini irəli sürəndə bizim dostlar vasitəsilə müraciət etmişdi ki, ona yardımçı olaq. Vəssəlam. Yolda rastlaşsaydıq, mən o adamı tanımırdım ki, o kimdir. Adı başqa-başqa yerdə hallanırdı, amma onunla hər hansı bir ünsiyyətim olmayıb. 
- Köhnə dostlardan Əli Əhmədov, Mübariz Qurbanlı artıq burda yoxdurlar, vəzifəyə gediblər. Sizin o köhnə komandanın üzvlərinin əksəriyyəti hərəsi bir yerdədir, indi burda tək qalıb darıxmırsız ki?
- Biz hamımız yenə burdayıq. İstər Əli Əhmədov, İstər Mübariz Qurbanlı partiyadakı vəzifəsini yerinə yetirir. Təbii ki, vəzifədən irəli gələn işləri ilə də məşğul olurlar, amma mütəmadi olaraq, partiyanın idarə olunmasında bir yerdəyik. 
- Bir ənənə var idi, müxalifətin mitinqləri olanda Mübariz Qurbanlı ilə pivə içərdiniz. Mübariz müəllim dini komitənin sədri olandan sonra bu ənənə pozulmayıb ki?
- (Gülür) O vaxt mətbuat bunu yazmışdı. Əslində, müəyyən şişirtmə olmuşdu.Biz orda oturub kofe içirdik. İndi desəydilər ki, kofe içirlər, o qədər effekti olmayacaqdı. Belə bir rəf yaratmaq istəirdilər ki, icazəsiz mitinq keçirilir, YAP-çılar isə polisin müdaxiləsinə baxıb pivə içirlər. Bununla guya ictimaiyyəti qıcıqlandırmağa çalışırdılar. İndi icazəsiz mitinqlər keçirilmir ki, gedib onu müşahidə edək. Son mitinqlər onu göstərdi ki, artıq müxalifətin mitinqinə gələn də yoxdur. 
- Müxalifət liderlərindən hansında hansı psixoloji problemlər görürsünüz?
- Onlarda problemlər var. Məsələn, İsa Qəmbərdə vəzifə hərisliyi həddindən artıq böyükdür. Yəni, bu adam vəzifə əldə etmək üçün dəridən qabıqdan çıxır. Hakimiyyətdən ötrü nəyə istəsən, gedər. Müsavatın faciəsi də elə budur. Bu adam anlamır ki, heç bir potensialı yoxdur. Milli azadlıq hərəkatından üzü bu tərəfə müxtəlif orqanlar onu şişirdib ortaya salmışdılar. Yan-yörəsindəkilər də hərdən yalandan tərif yağdırırdılar, o da elə bilirdi ki, ondan nəsə olacaq. 
Əli Kərimlidə isə özündən razılıq və ətiacılıq var. Siyasətdə insan gərək ətiacı olmasın, birləşdirici olsun. Xalq Cəbhəsinin dağılmasının ən böyük səbəbkarlarından biri Əli Kərimlidir. Elçibəyin müavinlərinin hərəsi özünə bir partiya yaratdı. Bu gün həmin o partiyaların hamısı AXCP-dən daha çox sosial bazaya, elektorata, cəmiyyətin dəstəyinə sahib olublar. Rəhbərlərinin bu cür keyfiyyətləri siyasi partiyalara da sirayət edir. Mən Əli Kərimlini komsomola seçilməsindən tanıyıram ki, universitetin komsomol komitəsinə seçilməkdən ötəri necə dəridən, qabıqdan çıxırdı. İndi də durub demokratiyadan dəm vururlar.
- Siyavuş müəllim, müxalifətin demək olar ki, sıradan çıxdığı bir məqamda dialoq hardan gündəmə gəldi?
- Bildiyiniz kimi, siyasi partiyaların özləri müraciət etmişdilər. Bundan əvvəl partiyada siyasi dialoq və siyasi partiyalarla əlaqə komissiyası fəaliyyət göstərir. Əli Həsənov da həmin komissiyaya rəhbərlik edir. Yəni, bu günə qədər bir neçə dəfə müəyyən tədbirlər keçirilib. Parlamentdə təmsil olunan partiyalarla müzakirələr də aparılıb. Onlar da çıxış edib, öz təkliflərini verdilər. Sonrakı mərhələdə parlamentdə təmsil olunan və olunmayan partiyalar da görüşdə iştirak elədilər, müzakirələr aparıldı. Sonuncü görüş isə bir neçə partiyanın təşəbbüsü ilə baş tutub. Qərara alındı ki, qeydiyyatdan keçən partiyalar da bu görüşdə iştirak eləsinlər. Azərbaycanda 50-dən çox partiya qeydiyyatdan keçib, onların bir hissəsi aktivdir. Mən onları üç hissəyə bölürəm, regionlarda fəaliyyət göstərən, Bakı və ətrafında fəaliyyət göstərən, biri isə yalnız qəzet səhifələrində fəaliyyət göstərən partiyalardır. Bu üç kateqoriyaya daxil olan partiyalar görüşdə iştirak etdilər. Bir neçə partiya burda iştirak etmədi. Biri Müsavatdır, onun da ciddi problemləri var. Müsavatın anti-demokratik, ədalətsiz keçirdiyi qurultay nəticəsində artıq partiya iki hissəyə bölünüb. Bir hissə təkrar qurultayın keçirilməsini tələb edir, digəri isə hakimiyyəti ələ alıb əks fikirə ciddi təpki ilə yanaşır. Əslində, Müsavat bu görüşdə iştiraka razılıq vermişdi. Amma Müsavatı kim təmsil edəcək məsələsi ortaya çıxdı. Çünki bu gün yeni seçilmiş rəhbərliyin legitimliyi yoxdur, köhnə də sıradan çıxıb. Mitinqləri də bunların hansı vəziyyətdə olduğunu ortaya qoydu. 
AXCP-yə gəldikdə isə bu məsələ üzvlərin və rəhbər strukturların qərarı ilə deyil, ayrı-ayrı ölkələrin səfirliklərin və diplomatik nümayəndələrinin qərarı ilə həll olundu. Əli Kərimliyə icazə versəydilər, gəlib dialoqda iştirak edəcəkdi. 
- Dediniz ki, Müsavatın dialoqda iştirakı ilə bağlı razılıq əldə olunmuşdu, kiminlə danışıq aparılmışdı?
- Dialoq məsələsi yeni seçilmiş sədrlə, Arif Hacılı ilə razılaşdırılmışdı. Danışılmışdı ki, o, müzakirədə iştirak edəcək. Sonradan isə digər qrup buna etiraz elədi.
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024
28 03 2024