Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (17-12-2014, 21:58)
Fikrət Yusifov 2005-ci il dövlət çevrilişi cəhdindən danışdı- Müsahibə

 

Bu günlərdə “Ekonomiks” Beynəlxalq İqtisadi Tədqiqatlar Mərkəzi adlı QHT-nin yaradıldığı elan edildi. Bu təşkilatın rəhbəri Fikrət Yusifovdur. Söhbət ən qalmaqallı məmurlardan olan sabiq maliyyə nazirindən gedir. F.Yusifov öz vəzifəsini keçmiş müdafiə naziri Səfər Əbiyevlə sərt hakimiyyətdaxili mübarizədə itirmişdi. Belə ki, Maliyyə Nazirliyinin 90-cı illərin sonlarında Müdafiə Nazirliyində apardığı yoxlamalar zamanı korrupsiya faktları aşkarlanmışdı. Üstəlik F.Yusifov bu faktları mətbuata açıqlamışdı. Bu da ona kreslosu bahasına başa gəldi. 

 

F.Yusifov bundan sonra Rusiyaya köçdü. Sankt-Peterburq Universitetində kafedra müdiri və professor oldu. Lakin sabiq nazirin sakit alim həyatı yenə pozuldu. Onun adı bu dəfə siyasi qalmaqalda hallanırdı. Belə ki, F.Yusifovun adı 2005-ci il dövlət çevrilişi cəhdinin iştirakçıları arasında keçirdi. O zamankı iqtisadi inkişaf naziri Fərhad Əliyev, səhiyyə naziri Əli İnsanov və siyasi elitanın “narıncı inqilab” hazırlamaqda ittiham olunan digər nümayəndələri 2005-ci ildə məhz F.Yusifovun ifadələri əsasında həbs edildilər.

“Qafqazinfo” xəbər verir ki, virtualaz.org saytının bugünkü müsahibi maraqlı həmsöhbət olsa da uzun illər susan Fikrət Yusifovdur.

-Uzun illər Azərbaycandan kənarda yaşadınız. “Ekonomiks” adlı bir təşkilatın yaranmasının vacib olması qənaətinə necə, niyə, nə vaxt gəldiniz?

-Bəli, maliyyə naziri postundan gedəndən sonra uzun illər Azərbaycanda olmadım. Sankt-Peterburq Dövlət İqtisad Universitetində doktorluq dissertasiyası müdafiə etdim, orada maliyyə kafedrasında işlədim, dərs dedim. Universitet rəhbərliyi keçən il məndən müqaviləni uzatmağı xahiş etsə də vətənə qayıtmağa qərar verdim. Ölkədən kənarda olsam da buradakı prosesləri izləyirdim. Maliyyə, iqtisadi, sosial məsələlərin Azərbaycan mətbuatında, xüsusilə də müxalifət mətbuatında həmişə birtərəfli şəkildə işıqlandırılması, çox vaxt da siyasiləşdirilməsi məni çox narahat edirdi. Peşəkarlar belə şeylərə yaxşı baxmır. Ona görə də vətənə qayıdandan sonra sırf iqtisadi məsələlərlə məşğul olan QHT yaratdım.

-Maliyyə naziri olmusunuz deyə ölkənin indiki büdcəsini daha obyektiv, real qiymətləndirə bilərsiniz. Çoxu belə hesab edir ki, büdcə kifayət qədər peşəkarlıqla hazırlanmayıb, bu zaman dünya bazarında neftin ucuzlaşması nəzərə alınmayıb...

-Büdcənin hazırlanması bir günün işi deyil, buna aylarla vaxt gedir. Bir neçə variant dönə-dönə işlənir. Son variant hazır olanda onu parlamentin müzakirəsinə göndərirlər. Bundan sonra isə büdcə prezident tərəfindən təsdiqlənir.

Bu gün neftin qiyməti ətrafında xeyli spekulyasiya gedir, amma heç kəs onun son qiyməti ilə bağlı proqnoz verə bilmir. Azərbaycan hökuməti hazırda dünya bazarındakı prosesləri öyrənir. Əminəm ki, əgər büdcəni dəyişmək zərurəti yaransa, hökumət buna operativ şəkildə reaksiya verəcək. Azərbaycanın böyük həcmdə qızıl-valyuta ehtiyatları var. Bu da ölkəmizə geniş manevr imkanları verir. Yəni hökumətin narahatlığına hələlik heç bir ciddi əsas yoxdur. Hadisələrin sonrakı inkişafı neftin qiymətindəki artıb-azalma dinamikasından asılı olacaq. Neft ucuzlaşmaqda davam etsə, büdcəyə yenidən baxılacağını da istisna etmirəm.

-Bu halda bəs büdcədə icrasına milyardlarla manat ayrılması nəzərdə tutulmuş infrastruktur layihələrinin taleyi necə olacaq? Onların icrası dayandırılacaqmı?

-Yox, belə düşünmürəm. Unutmaq olmaz ki, bütün bu layihələr son nəticədə güclü iqtisadiyyatın bünövrəsini yaratmağa xidmət edir. Bu gün əlimizdə sərbəst vəsaitlər var və hökumət də onlardan bu istiqamətdə yararlanır. Hökumət infrastruktur layihələrinə pul ayırmaqla xeyli vəzifəni yerinə yetirir. Yeni iş yerləri açılır, əlavə xidmət obyektləri yaradılır və s. Hökumətin yol, körpü, parklar və s. tikintisini maliyyələşdirməsində pis heç nə yoxdur. Məsələn, keçmiş Basin küçəsi əvvəllər antisanitariya vəziyyətində idi, zibil əlindən keçib getmək olmurdu. İndi isə orada gözəl bir park var. Bəzi “ekspertlər”in proqnozları özünü doğrultmadı. Hökumət orada yeni yaşayış binaları və ya ticarət mərkəzləri tikmədi, paytaxt sakinlərinin istirahəti üçün park yaratdı. Yaxud tıxacları müəyyən qədər aradan qaldıran körpülərin və yol qovşaqlarınn tikintisini götürək. Bu da hökumətin infrastruktur layihələrinə vəsait ayırmasının düzgün addım olduğunu göstərir.

-Fərz edək ki, neftimiz yoxdur. Bəs onda bu pulu haradan tapacaqdıq?

-Bəs nefti olmayan Polşa, İspaniya, Türkiyə, Yaponiya və digər ölkələr öz iqtisadiyyatını necə inkişaf etdirir? Biz də onlar kimi. Neftimiz olmasaydı, iqtisadiyyatın digər sferalarını inkişaf etdirəcəkdik. Kənd təsərrüfatını inkişaf etdirmək üçün əla imkanlarımız var. Azərbaycan yaxın zamanlara qədər aqrar ölkə sayılıb. Mən bir vaxtlar kənd təsərrüfatı naziri Heydər Əsədovla birgə işləmişəm. Bilirəm ki, o, yaxşı təşkilatçıdır. Əminəm ki, o, bu sahəni qaldıra bilər. Bundan başqa, bizdə turizmin inkişafına əla imkanlar var. Qısası, Azərbaycan neftsiz də sakitcə dolana bilər. Məncə, biz yaxın illərdə büdcənin neftdən asılılığının azalmasındakı ciddi irəliləyişi görəcəyik.

-Bunu yəqin siz də inkar etməzsiniz ki, qeyri-neft sektorunu inkişaf etdirmək üçün iqtisadi islahatlar aparmaq, korrupsiya və inhisarçılığın kökünü kəsmək lazımdır...

-Siz “iqtisadi islahat” deyəndə nəyi nəzərdə tutursunuz? Şəxsən mənim gördüyüm budur ki, bu islahatlar gedir. Neqativ hallara gəlincə isə onlar bütün ölkələrdə var. Məgər hökumət Azərbaycanda kiməsə bizneslə məşğul olmağa maneçilik törədir? İstənilən adam müvafiq qurumlara müraciət edib öz firmasını, şirkətini qeydiyyatdan keçirə bilər. Prezident də bütün çıxışlarında kiçik və orta sahibkarlığa hərtərəfli dəstək vəd edir. Üstəlik Azərbaycan Sahibkarlığa Yardım Milli Fondunun olduğu azsaylı ölkələrdən biridir.

Düzdür, neqativ halların olduğunu heç kəs inkar etmir. Lakin hər hansı vicdansız, səhlənkar məmurun hərəkətinə görə bütün hökumət məsuliyyət daşıya bilməz. Dövlət başçısı korrupsiya və inhisarçılıqla mübarizəyə məsul olan qurumların qarşısında sərt tələb və vəzifələr qoyub.

-Siz Heydər Əliyevin kadrı idiniz. Amma bir müddətdən sonra o, sizi istefaya göndərdi. Bunun səbəbi nə idi?

-Heydər Əliyevlə uzun müddət işləmişəm. O, bənzərsiz şəxsiyyət idi. Heydər Əliyev maliyyə və iqtisadiyyat məsələlərindən əla baş çıxarırdı. Əmin idi ki, Azərbaycanı güclü dövlətə çevirmək və ölkənin iqtisadi qüdrətini artırmaq üçün neft sektorunu inkişaf etdirmək lazımdır. Maliyyə naziri postundan istefa verməyimə gəlincə isə bu, mənim günahım ucbatından oldu, mən günahkar idim. O zaman bizim nazirlik Müdafiə Nazirliyində məqsədsiz xərclər faktı aşkarlamışdı. Mən də dözməyib bu barədə mətbuata məlumat vermişdim. Bu isə Heydər Əliyevin xoşuna gəlməmişdi. Bundan sonra da o, məni istefaya göndərdi. Üstündən illər keçib, amma indi də hesab edirəm ki, onda düz hərəkət eləməmişdim.

-Beynəlxalq Valyuta Fondu (BVF) o zamanlar Azərbaycana təzyiq edirdimi?

-Yox, təzyiq yox idi. BVF-dən sadəcə olaraq tövsiyələr gəlirdi. Onların arasında razılaşdıqlarımız da olurdu, razılaşmadıqlarımız da. Azərbaycan BVF ilə həmişə bərabərhüquqluluq prinsipi əsasında danışıqlar aparıb. Söz yox ki, bu, bəzən çətin olurdu. Biz yalnız müəyyən anlaşma əldə edib nəticələr çıxarandan sonra bu barədə Heydər Əliyevə məruzə edirdik. Bizim dövlət büdcəmiz onda cəmi 1,2 milyard dollar idi. Ölkənin BVF-nin kreditlərinə şübhəsiz ki, ciddi ehtiyacı var idi. Bu gün isə heç kimdən asılı deyilik. Bu da qürurvericidir.

Sizə bir hadisəni danışım. 1999-cu ilin əvvəlində neftin qiyməti 10 dollardan da aşağı düşmüşdü. Onda hamımız “bunun axırı necə olacaq, neyləyəcəyik” deyə baş sındırırdıq. Yalnız Heydər Əliyev öz təmkinini qoruyub saxlayır və hamımıza da səbirli olmağı məsləhət görürdü. Doğrudan da o, haqlı çıxdı. Neft düz bir həftədən sonra bahalaşmağa başladı.

-Neft ucuzlaşır. Rus rublu çökür. Digər amillər də var. İndiki mürəkkəb şəraitdə manata hər hansı təhlükə varmı?

-Manat sabit valyutadır. Əgər bir maliyyəçi mütəxəssis kimi mənim rəyimi bilmək istəyirsinizsə, tərəddüd etmədən deyirəm ki, bəli, pulunuz varsa, onu manatla saxlayın. Dolları kifayət qədər sabit valyuta hesab etmirəm. Bu gün ABŞ-ın özünün dövlət borcu haradasa 18 trilyon dollardır. Bu da ölkənin ümumi daxili məhsulunun həcmindən 7 faiz çox vəsait deməkdir. Əgər Çin və Yaponiya ABŞ-ın borc öhdəliklərini hansısa səbəbdən satsa, dolların taleyinin necə olacağını təsəvvür edirsinizmi?

Əlbəttə, Azərbaycanla qonşu ölkələrdə milli valyutalar zəifləyir. Lakin Rusiyada, İranda, Ukraynada və ya Türkiyədə baş verən hadisələrin bizə birbaşa təsiri yoxdur. Bizim valyuta kifayət qədər möhkəm və güclüdür. Ölkənin Mərkəzi Bankında onun qızıl-valyuta ehtiyatları şəklində ciddi sığortası var. Bu ehtiyatlar isə 30 milyard dollar həcmindədir.

-Amma siz nazir olan vaxtlarda manat çökmüşdü...

-Hə, belə bir şey olmuşdu. Bu da hökumətin yox, onda Milli Bank adlanan Mərkəzi Bankın o zamankı rəhbərliyinin günahı ucbatından baş vermişdi. Milli Bank xeyli miqdarda kredit ehtiyatlarını dövriyyəyə buraxsa da vəziyyətə nəzarət etməmişdi, nəticədə milli valyutamız, yəni manat çökmüşdü. Biz əl-ayağa düşəndə artıq gec idi. Dollar 118 manatdan haradasa 4200-4500 manata qalxmışdı. Vəziyyət bir müddətliyə nəzarətimizdən çıxdı. “Qara bazar” öz şərtlərini hər yerdə diqtə etməyə başladı. Lakin valyuta bazarını qısa müddət ərzində qaydaya sala və manatın kursunu sabitləşdirə bildik.

-Siyasətlə məşğul olmadığınızı deyirsiniz. Amma adınız 2005-ci il dövlət çevrilişi cəhdi kontekstində hallanır...

-O zaman mən özüm xəyanətin qurbanı oldum. Məni o vaxt deputatlığa namizədlərdən birinə dəstək vermək üçün Bakıya dəvət etmişdilər. Lakin bura gələndən sonra əslində nələrin baş verdiyini görəndə anladım ki, ölkənin təhlükəsizliyinə ciddi təhlükə var.

-Yəni dövlət çevrilişi təhlükəsi real idi?

-Bəli. Dövlət çevrilişi təhlükəsi onda real idi. Mən də dövlətçiliyə sadiq adam kimi bunu o dəqiqə hesabladım. Gəlin bu söhbəti burada saxlayaq. Bu, əsl və böyük bir xəyanət idi...

шаблоны для dle 11.2

Xəbər lenti
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
23 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024
22 04 2024