Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (1-12-2014, 10:50)
"Kiminsə tapşırığı ilə oğluma şər atdılar"

Ağır xəstəlikdən əziyyət çəkən Orxan Əyyubzadəyə əfv müraciəti yazması üçün təkliflər edilir

 

Hazırda həbsdə olan gənc siyasi məhbus Orxan Əyyubzadənin həbsindən 7 aya yaxın vaxt ötür. 2 il müddətinə azadlıqdan məhrum edilən gənc fəalın hazırda apelyasiya şikayətinə baxılır. 
Ağır xəstəlikdən əziyyət çəkən O.Əyyubzadənin ailəsi onun səhhətindən ciddi narahatdır.
Onun özünün durumunu, ailəsindəki vəziyyəti öyrənmək üçün O.Əyyubzadənin valideynlərinin yaşadığı ünvana yollandıq. Bizi gənc fəalın 10 yaşlı kiçik bacısı Nuriyyə qarşıladı. Evə daxil olduğumuz zaman hər yerdə Orxanın şəkillərini görürük. O, həbs edilərkən dili belə açılmayan 2 yaşlı bacısı oğlunun şəkillərə baxıb, “dayımdır” deməsinə təsirlənməmək də mümkün deyildi. 
Orxanın atası İbrahiməjdər Məmmədov və anası Rəhimə Məmmədova ilə ümumi vəziyyətlə bağlı söhbət etdik.
Rəhimə xanım deyir ki, O.Əyyubzadənin həbsini və başına gələnləri dillə ifadə etmək ana üçün çox ağırdır: 
- O, evin tək oğludur. Həm də onun səhhətində ciddi problemləri var. Hətta onun xəstəliyi ilə bağlı sənədləri məhkəməyə təqdim etdim. Amma təəssüf ki, mərhəmət hissi oyanmadı. Bütün aidiyyəti orqanlara məlumat vermişəm. Sanki ölkəmizdə mərhəmət hissi ölüb. Hər şey yeganə oğlumu məndən almağa hesablanıb. Oğlum ilk dəfə idi ki, həbs olunmuşdu. Şərti cəza, yaxud 1 il də verə bilərdilər. Hakim Vüqar Məmmədov mənə dedi ki, Orxana həbs olunduğu gündən iş kəsilib. Bu addımla barışa bilmirəm. Ona görə ki, Orxan tələbədir. Bəzən oğlumun ətrafında olan gənclərə baxanda qürurlanıram. O gənclər oğlumu ən azından yaxşı yola sövq ediblər. Hakimiyyətdən narazıyam. Çünki övladım oğurluq etməyib, adam öldürməyib, kiməsə sataşmayıb. Şəxsən tanıdığım insanlar var ki, cinayət törətsələr də, rüşvətlə məhkəmədən azad olunublar.  Amma Orxanın günahı olmaya-olmaya 2 il azadlığını aldılar. 
İbrahiməjdər Məmmədov: 
- Övlad acısı çəkənlər bizim durumumuzu yaxşı bilir. Elə bir hissdir ki, həkimə müraciət edib düzəltdirə bilmirsən. Orxanın yoxluğu evdə, hər işdə özünü göstərir. Sevinirəm ki, oğlum pis işlər üstündə həbs olunmayıb. Biz orta nəsil sovet dövrünün əsarətində yaşamışıq. Hər haqsızlığı gözəl bilirik. Öyrəşdiyimizə görə, bəzən susuruq. Amma gənclərimiz dünya ilə maraqlanır və hər şeyi görürlər. Azadlığın bizdə boğulduğunun şahidi olurlar. Onlar azad yaşamaq istəyirlər. Orxanın addımına hörmətlə yanaşıram. Uşaq deyil ki, sözümlə razılaşsın. Onun istədikləri var. 
- Orxanla bərabər həbsdə olan gənclər əfv yazdılar. Siz övladınızdan bunu gözləyirsiz?
- Hər kəsin bir problemi var. Qınamaq düzgün deyil. Əfv istəyiblərsə, demək belə hesab ediblər. Orxan günahı olmadığına görə yazmır. Əfv istəmək lazımdısa, mən istəyim. Çünki mən oğlumu bu ruhda böyütmüşəm. Vətənpərvər olmağı aşılamışam. Haqqı qorumağı öyrətmişəm. Orxan haqqını tələb edib. Əgər o, əfv istəsə belə, yenə mən onun seçiminə hörmətlə yanaşaram. Amma yazacağını düşünmürəm.
- Rəhimə xanım, Orxanın təhsili ilə bağlı durum necədir? 
Rəhimə Məmmədova: “Şəxsən tanıdığım insanlar var ki, cinayət törətsələr də, rüşvətlə məhkəmədən azad olunublar, amma Orxanın günahı olmaya-olmaya 2 il azadlığını aldılar”
- Təhsili yarımçıq qalıb. Maraqlandıq, Ukraynadan bizə məlumat verdilər ki, universitetdən qovulub. Dərsə getmədiyini və təhsil haqqını ödəmədiyini əsas gətiriblər. Amma bərpa oluna bilər. 
- Sizcə, Orxanın Ukraynadan gələn kimi həbs edilməsinin səbəbi nə idi? 
- Orxan dekabrda intihar edən qazi Zaur Həsənovla bağlı keçirilən aksiyanın təşkilatçısı idi. Statusu silməyi ilə bağlı dəfələrlə DİN-dən bizə zəng gəldi. Amma Orxan silmədi. Onda 18 sutka həbs aldı. Azadlığa çıxdıqdan sonra daim təzyiqlərə məruz qaldıq. Ukraynada belə Orxanı izləyirdilər. Mayın 6-da isə oğlum həbs ediləndə ona hazır izahat veriblər ki, qol çəksin. İzahatda çoxlu sayda gəncin adı var imiş. Hətta deyiblər ki, qol çəkməsən, azad etməyəcəyik. Orxan buna etiraz edib. Bir növ Orxanın əli ilə digər gəncləri həbs etmək istəyirmişlər. Qol çəkmək üçün Orxana külli miqdarda pul təklif olunub. Orxan görüşümüz zamanı daim deyir ki, həbsimi gözləyirdim. Övladıma qarşı həbsxanada insan şəxsiyyətinin alçaldılması addımlarının atılması bizə hər şeyi anladır. 
- Orxan indi əfv edilsə, münasibətiniz necə olar? 
- Təşəkkür etmərəm. Niyə də etməliyəm ki? 7 aydır zülm çəkirəm. Atası bu hadisədən sonra infarkt keçirdi. Özümün səhhətimdə psixoloji problemlər yaranıb. Bütün bunlara görə təşəkkür etməliyəm? Oğlumun səhvini qarşıma qoysunlar. O zaman onlara minnətdar olaram. Prezidentə 12 dəfə oğlumun həbsinin qanunsuz olması barədə müraciətim olub.  Oğlumu incidirlər ki, əfv yaz. Hətta məhkəmə gedən zaman hakim mənə dedi ki, oğlun niyə əfv yazmır. Bildirdim ki, Orxan əfv yazsa onu oğulluqdan silərəm. Əgər yazsa, etmədiyi bir şəri boynuna almalıdır. 
Söhbətin bu yerində müdaxilə edən Orxanın atası məhkəmədə aidiyyəti orqanların qərəzli mövqe tutduqlarını bildirir: “Hamısı qərəzli mövqe tutdular; prokuror, hakim və təcridxana rəisi”. 
Rəhimə xanım söhbətinə davam edir: “Oğlumun həbsinin fitvasını verən Rəşad Axundov adlı şəxsdir. Hansı orqana müraciət etdimsə, qarşıma Rəşad çıxdı”. 
 
- İbrahiməjdər bəy, Orxan azadlığa çıxdıqdan sonra siyasi fəaliyyətini davam etdirməsini istəyərdiniz? 
- İstərdim ki, təhsilini davam etdirsin. Ondan sonra siyasətlə tam məşğul ola bilər. Bu işlə məşğul olmaq üçün ilk növbədə savad lazımdır. Savad olmayanda hər hansı bir işin dərinliyinə girmək olmur. 
Rəhimə xanım cəmiyyətdən də gileylənir:
- Cəmiyyətimiz yatıb. Bizə ağıl verirlər ki, oğlunuz niyə bu yola düşüb. Hətta gündə bizə gəlib-gedən yaxın adamlar belə bizdən uzaqlaşıb. Orxanın həbsi ilə bağlı bizi çox incidirlər. Mağazamız var idi. Orxanımın  həbsindən sonra bağladılar. İcarə götürdüyümüz yerin sahibi açıq şəkildə dedi ki,mənə deyirlər sizin işçilər müxalifətçidir. Nə qədər ziyana düşdük. Bizi hazırda başa düşən az adam var. Xalq artıq vəziyyəti ilə razılaşıb. Hamı istəyir ki, övladı yanında olsun. 
 
- Sizi qınaq obyektinə çevirənlərə cavabınız nədir?
- Onlara mitinqlərdə Orxanın şəkillərini tutan gəncləri göstərirəm. Hər birinin sahəsi ilə tanış edib deyirəm ki, oğlumun ətrafı bunlardır. Bundan sonra bəzi insanların fikirlərinin dəyişdiyini görürəm. Onlara deyirəm ki, sizin deyə bilmədiklərinizi oğlum deyir, sizə görə övladım həbsdə yatır. Orxan deyir ki, müəllim 100 manata işləməz. 
 
- İbrahiməjdər bəy, Orxanın apelyasiya məhkəməsi başlayıb. Gözləntiləriniz varmı?
- Orxanın özü dedi ki, ola bilsin möcüzə olsun. Apelyasiya Məhkəməsi buraxa da bilər. Çünki günah sübut olunmayıb. Kiminsə tapşırığı ilə oğluma şər atdılar. Onlardan biri vicdan əzabı çəkir. Bizə dedi ki, təzə övladım olub. Haqqınızı halal edin. Ona dedim ki, təzə övladını itirməkdən qorxursan. Siz övladımı əlimdən aldınız. Sizə necə halallıq verim? Həmin polis hakimdən xahiş etdi ki, Orxana ən yüngül cəzanı verin. Vəzifələrinə görə belə addım atdılar. Bəzən qınamıram da. Çünki ailələrinə bu yolla çörək pulu aparırlar. 
- Orxan yaşda sizdə bu cür hisslər var idi? Onun addımını gənclik çılğınlığı kimi qəbul edirsiniz? 
- Bizdə tamam fərqli bir dövr idi. Nə deyirdilərsə, qəbul edirdik. “Lenin baba” deyirdik. Hətta bir dəfə yazıda “Lelin” yazmışdım. Müəllim qulağımdan tutub dedi ki, sənin nəslini sürgün edərlər bir hərfə görə. O ruhda böyümüşdük. İstərdik ki, söz azadlığı olsun. Orxanın hərəkəti çılğınlıq deyil. Çünki çılğınlığı başqa cür də etmək olmur. Cəmiyyət oğlumun həbsinin qanunsuz olduğunu bilir. Oğlumla qürur duyuram. Hansısa mənə ləkə gətirəcək iş görməyib. Haqq yolunu tutub. 
- Rəhimə xanım, Orxanın yaxınlarından siyasətlə məşğul olan var? 
- Ailəmizdə siyasətlə məşğul olan olmasa da, yaxınlarımın əksəriyyəti müsavatçıdır. Xalq Cəbhəsi yarananda hamımız üzv olmuşduq. Xəstəxanada işləyəndə çevrəmdə 90 işçi olub. Hamısını aparıb Cəbhəyə üzv etmişdim. Rayon mitinqlərinin əksəriyyətində iştirak etmişəm. Hazırda əmim Əflatun Babayev Cəlilabadda Müsavatın aktiv üzvlərindən biridir. Qohumlarım Səhhət, Yadigar, Vaqif hazırda Müsavatın üzvüdürlər. Hakimə dedim ki, əvvəl bizi mühakimə edin. Çünki Orxanı o ruhda biz böyütmüşük. Öz içərimizdən bir-birimizi yeyirik. Prezident özü də bilir ki, ölkədə müxalifət olmalıdır. Prezident Ramil İmanova deməmişdi ki, Orxanı şərləyib həbs edin. Oğlum ictimai asayişi pozmuşdusa belə, inzibati cəza vermişdilər. Prezidentə bir daha müraciət edirəm ki, məsələ dərindən araşdırılsın.
  
- Oğlunuzun həbsdə olduğu müddətdə yanınızda olan, mənəvi dəstək verənlər oldumu? 
- Bu sarıdan müsavatçı və NİDA-çı gənclərdən razıyam. Onlara təşəkkür edirəm. Qurban bayramı günü Tural Abbaslı, Əhəd Məmmədli, Şamil Beydulla, Cavanşir və digər gənclər bizi tək qoymadılar. Öz ailələri ilə yox, bayramı bizlə keçirdilər. Məhkəmədə bizi tək qoymurlar. Çox düşünməyə imkan vermirlər. Yanına getmək, kitab məsələsində bizə daim kömək edirlər. Çalışırlar ki, Orxanın yoxluğunu bizə hiss etdirməsinlər. Amma axşamlar hamı evinə gedir. Bu zaman övladımı düşünürəm. Onun yoxluğunu həzm edə bilmirik. Çox çətindir. Düşünürük ki, haqq ədalət yerini tutacaq. İkinci oğlum olsaydı, onun da siyasətə qoşulmasını istərdim. Orxanın 20 yaşı təcridxanada tamam oldu. 
Ailənin bir oğlu olduğunu, təhsilinin yarımçıq qaldığını, xəstə vəziyyətini nəzərə alaraq, əfvə düşəcəyinə inanıram. Çünki başqa dövlətlərdə belədir. Qalan 1 il yarım müddəti düşünmək istəmirəm.  
Orxanın atası isə bu sualımıza belə cavab verdi: “Orxan bu yolu tutub. Bizim onu çəkindirməyimiz düzgün çıxmaz. Nəslimdə siyasətlə məşğul olan olmayıb. Yəqin ki, Orxan yeni nəslin nümayəndəsi olduğuna görə, bu yolu seçdi. Haqsızlığa dözə bilmədi”.
Müsahibə  aldığımız zaman Orxan Əyyubzadənin ailəsinə mənəvi dəstək vermək üçün “Siyasi Məhbusların Monitorinq Mərkəzi”nin rəhbəri Elşən Həsənov gəldi. Hüquq müdafiəçisi sona qədər bu ailəyə dəstək olacaqlarını bildirdi: “Daim Orxanın ailəsini diqqətdə saxlayırıq. Əlimizdən gələn köməkliyi etməyə çalışırıq. Hüquq çərçivəsində fəaliyyətimizi sona  qədər aparacağıq. Orxan tanıdığım ən mübariz gənclərdən biridir. Tezliklə mərkəz olaraq, onun azadlığa buraxılmasını tələb edirik”.
Qeyd edək ki, Orxan Əyyubzadə bu il mayın 6-da NİDA-çılara hökm oxunduğuna etiraz etdiyinə görə həbs olunmuşdu. CM-nin 315.1 maddəsi ilə ittiham olunan gənc fəal 2 il müddətinə azadlıqdan məhrum edilib.(musavat.com)

 

шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024