Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (26-08-2014, 09:08)
“Azəri” sözü farsların bizə yamağıdır”

Xalidə Xalid: "Əgər dövlətimə, millətimə məndən zərər gələcək bir şərait yaransa idi, dərhal özümü öldürəcəkdim"

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi, araşdırmaçı-yazar Xalidə Xalid musavat.coma geniş müsahibə verib. 
İranda 2 aya yaxın həbsdə saxlanılan X.Xalidlə ümumi ovqatı, həyatı, həbsdən sonrakı yaşamı o cümlədən elmi işləri barədə danışdıq.
Görüşümüzə xatirə dəftərini də gətirmiş Xalidə xanımla söhbətimizə nostalji tonda başladıq. Bu dəftərinin onun üçün stolüstü kitab olduğunu deyən müsahibimiz müəllimlərinin arzularının, dualarının bu gün də ona stimul verdiyini bildirdi. 
 
- Xalidə xanım, hazırda hansı işlərlə məşğulsunuz?
- 2003-cü ildən Nizami adına Ədəbiyyat İnstitutunda fəaliyyət göstərirəm. Ustad Şəhriyarın  yaradıcılığı ilə məşğulam. Hazırda yarımçıq qalan işlərimi tamamlamağa çalışıram. Eyni zamanda bədii yaradıcılığıma da vaxt ayırıram. Bu işlərimin isə bu qədər yarımçıq qalmasına bir çox səbəblər var. Əsasən də şəxsi məsələlər. 
Bir məqamı da qeyd edim ki, mən ən əsası xoşbəxt bir anayam. Peşman deyiləm ki, bu günə qədər elmlər namizədi olmamışam, kitablarımı çap etməmişəm. Maddi və mənəvi resurslarımı iki övladıma sərf etmişəm ki, layiqli, intellektual gənc kimi formalaşsınlar. İndi də onlar  məndən tələb edir ki, ana dərs oxu, kitablarını bitir. (Deyir, gülürük) 
 
- Bildiyimiz qədər Məhəmmədhüseyn Şəhriyarla bağlı 4 cildlik kitab üzərində çalışırsınız. Kitabla bağlı son durum nə yerdədir?
- Müəyyən problemlər var, onlar beynimi elmi işlərimə tam adaptasiya etməyimə maneçilik törədir. Amma həmin o kitabda bu günədək Şəhriyarla ilgili yazılmamış, ortaya çıxmamış məqamlar  var. İllərdir bunun üzərində işləyirəm. İnanıram ki, Allahın köməyi ilə problemlərim yaxın zamanda həll olacaq və mən bu işlərimi ortaya çıxaracam.
- İllərdir Şəhriyarı, onun yaradıcılığını tədqiq edirsiniz. Maraqlıdır Şəhriyarı Şəhriyar edən, onun özünəxas mənəvi çalarlar hansılardır?
- Mən həmişə demişəm, Şəhriyar haqqında çox əsərlər yazılıb. Amma Şəhriyarı Şəhriyar olaraq ortaya qoya bilməmişik. Alim işini bilirsiniz də, bugünədək onun haqqında yazılan bütün əsərləri oxuyub, təhlil etmişəm. Bu əsərlərdə Şəhriyar bir-birini təkrar edərək gəlib. Amma mən İranda olan ərəfədə görüşlərim oldu. Görüşdüyüm insanlar onu daha yaxından tanımağıma yardımçı oldu. Yekunda bir qərara gəldim, Şəhriyarı Şəhriyar edən onun millətinə, dilinə, insanlığa bağlılığıdır. O, fani dünyaya, dünya malına bağlı biri deyildi. 
- Ustad Şəhriyarın ömür boyu yoxsulluq içində yaşadığını deyirlər...
“Hərdən dostlarıma da deyirəm ki, heç olmasa ayda 1-2 dəfə uşaqlaşın"
- Bəli, dəhşətli dərəcədə kasıb yaşayıb. Amma ona çevrəsi, şah, şahın yoldaşı tərəfindən çox təkliflər olub. Şair isə heç birini qəbul etməyərək kasıb, acı həyatına tablaşıb və belə güclü-samballı əsərlər ortaya çıxarıb. 
- Bəzən Şəhriyarı farsçı, İrançı şair adlandırırlar. Bu fikirlərə münasibətiniz necədir?
- O gün sosial şəbəkədə də bu barədə yazmışam. Kim ki, Şəhriyara bu damğaları vurmaq istəyir, gəlsin məni, Şəhriyarı tanıyan insanları qarşısında görsün. Şəhriyar türk olub, Şəhriyar İran deyilən məmləkətdə doğulan türk kökənli türk övladı olub. 
- Şəhriyarla bağlı bu günədək yanlış bilinən hansı məqam var ki, siz onun düzgününü araşdırmısınız? 
- Mənim yaralı yerim Şəhriyarın doğum tarixinin bugünədək düzgün yazılmamsıdır. 1904, 1905, 1906, 1907-ci il yazanlar var. Mən özüm də bugünədək 1906-cı il deyə istinad edib yazmışam.  Nəhayət, İran səfərimdə Şəhriyarın şəxsiyyət doğum şəhadətnaməsini gördüm; orada 1905-ci il martın 26-da doğulduğu yazılır. Yəni  bu tarixin düzgün yazılmasını istərdim. Bir də Şəhriyar barədə orta məktəb dərsliyində çox qısa bilgilərin  verilməsi məni narahat edir. 
- Türk dünyasına bələd birisiniz. Türkiyədəki son prezident seçkilərinə münasibətinizi öyrənmək istərdik.
- Rəcəb Tayib Ərdoğan prezident seçilən günün sabahı facebookda belə bir status yazdım: "Gözəl məmləkətim səni təbrik etmirəm, başın sağolsun".
 Nə demək istədiyim yəqin ki, aydındı...
- Bugün Türkiyə mətbuatında bizə “azərilər” deyirlər. Bu sözün kökü hardan qaynaqlanır?
- Ümumiyyətlə, azərbaycanlı deyə millət yoxdur. Bu Türkiyədə deyilən “azəri” sözü farsların bizə yamağıdır. Bu sözün işlənməsinin səbəbkarı da biz özümüzük ki, Türkiyə cəmiyyətini bu mövzuda maarifləndirə bilməmişik. “Azəri” sözü yaxşı söz olsaydı, elə Şəhriyar deyərdi “azəriyəm” də, daha niyə türkəm deyirdi. 
- Hazırda yarımçıq qalan bir işinizdən nümunə gətirə bilərsiniz?
- İndi bir məqalə hazırlayıram, "Bütün məmurlar eyni deyil". O məmurların ki, yardım üçün ürəyi var, o qədər imkanı yoxdur və əksinə kimin ki, imkanı var, onun da ürəyi yoxdur. Bizdə vətəndaşlarla məmurlar arasında ciddi uçurum yaranıb. Bu da ikraha gətirib çıxarıb. Bütün bu nüansları o yazıda açmaq istəyirəm. Bilirəm, o yazıdan sonra məndən inciyənlər də olacaq, amma elələri də olacaq ki, inciməklə yanaşı orda yazılanları təhlil edəcəklər. Hətta bəlkə nəticə çıxaran da olacaq.
- Xalidə xanım, gənclərin elmə marağını necə dəyərləndirisiniz?
 
“İndiyə kimi kimsəyə heç nə üçün ağız açmamışam, özümə sığışdırmamışam deyəm ki, mənim nəyəsə ehtiyacım var. Amma problemlərim o qədərdir ki...”
- Açığı bu gün elmə maraq edənlərin çoxu imkanlı insanların övladlarıdır. Çünki bu gün 14 ilin işçisi olaraq mən cəmi 200 manat alıram. Ona görə də kasıb övladları elmə maraq göstərmir. Amma deyim ki, o imkanlıların uşaqlarının içərisində də savadlıları var, düzdü, onlar akademiya sistemində deyillər, amma onların fəaliyyətlərini izləyirəm. Məsələn, Kəmaləddin Heydərovun oğlu Taleh çox savadlıdır. Eləcə də Ziya Məmmədovun oğlu Anar. Bunlar bilikli uşaqlardır. 
- Savad hər şey deməkdirmi? 
- Xeyr. Mənəviyyat da gərəkdir. 
- Anar Məmmədov 10-dan çox şəhid verdiyimiz gündə qolf meydançasının fotosunu paylaşaraq, şadyanalıq edirdi. Bəs buna rəyiniz?
- Əslində, bunu etməməliydi. Edibsə də səhv edib. Mən çox istərdim bir gün sizlər elə Talehlə də, Anarla da həmsöhbət olasınız və onların gerçəkdən necə gənc olduqlarının canlı şahidi olasınız. Və inanıram ki, onda mənim dediklərimin həqiqət olduğunu biləcəksiniz. Birdəki, onların  günahı deyil ki, məmur övladı olublar. Bizim akademiyada elə insanlar var, elmi işdən bixəbərdir. Adam var kürsüyə çıxanda, kitabxana sözünün tələffüzünü ona mən öyrətmişəm. İndi elələri məni görəndə deyirlər, Xalidə xanım nə oldu, hələ də müdafiə etməmisiniz? Cavabında deyirəm ki, mənim hələ savadım çatmır alim olmağa.... 
 
- Nələr, hansı yaşadıqlarınız sizin yaradıcılığınıza bu dərəcdə ciddi təsir edir? Bəlkə bizimlə bölüşəsiniz?
- Bölüşüm də....(Ah çəkir.) Bilirsiniz insan çox qəribə bir məxluqdur. Həyatda qarşısına nə qədər çətinlik, mücadilə çıxırsa bunlara dözmək, çətinliklərə sinə gərmək, yenə də gülmək hər insana nəsib olmur. Bugünkü problemlərim əsası maddi problemlərdir. Zamanında çox gözəl maddi imkanlarım olub. O vaxtlarımda özümdən də çox çevrəmdə ehtiyacı olan insanları düşünmüşəm. Kimsə qapımdan peşman qayıtmayıb. Halal xoşları olsun. Mən həyatımda özüm üçün yaşamamışam. Hər zaman başqaları üçün yaşamışam.
- Bəs əvəzində nə qazanmısınız?
- Daxili sakitlik. Vicdanımın qarşısındakı sakitlik. Mən nə acı çəkdirmişəmsə, özümə çəkdirmişəm. Mən kimsəyə acı yaşatmamışam.
 
- Həyatda ən böyük səhviniz nə olub?
- Özümün özümə belə bağışlamayacağım səhvim mənim insanlara dəlicəsinə inanmağımdır. Səhv etmirəmsə bir ingilis deyimi var, deyir: "Mən birinci dəfə aldansalar, aldadana ayıb olsun, ikinci dəfə aldansam mənim özümə ayıb olsun". Mən isə dəfələrlə aldanmışam. 
- Bu mənada ən ağır zərbəni kimdən almısınız?
- Ən yaxın rəfiqəmdən və həyatda ən çox sevdiyim insandan. Bugünlərdə "Xəyallarımın qadını" adlı bir hekayə bitirdim. Qəribədir ki, hekayəyə özüm də vurulmuşam. Həmin hekayədəki Səlma obrazı bütün aldanan qadınların obrazıdır. 
 
- Xəyanətə uğramısınız?
- Uğramışam... Sevinirəm ki, uğramışam və böyümüşəm.
 
-  Sizcə bu xəyanətlərin kökündə nə dayanır?
- Qoy bizim kişilər məndən inciməsin. Amma onlar ötəri hisslərə daha çox meyl edirlər. Onlar üçün sadiq olan, ölümə getməyə hazır qadınlar dəyər daşımır.
- İkinci dəfə evlənməyi düşünürsünüz?
- Xeyr...
- 2 övlad böyüdən xanım olmusunuz. Maddi durumunuz da bugünlərədək kifayət qədər yaxşı olub. Bunu necə əldə etmisiniz?
- Mən bunu ilk dəfə sizə deyirəm. Xalidə Xalid beynini satıb. Beyin mənim, imza başqalarının olub. Xalidə Xalid hekayələrini, elmi məqalələrini satıb. Bunu kimsə bilmirdi. Mən həmin insanlara söz vermişəm ki, başıma güllə çaxsalar belə onların kim olduqlarını demərəm. Yoxsa, mən çoxdan elmlər doktoru idim. Bütün bunları isə balalarıma görə, qazanc məqsədilə etmişəm. Bir də kiçik biznes sahəm olub.
- İran səfərinizə gələk. Bu səfər sizə nələri öyrətdi?
- Ən başlıcası dost-düşmənimi tanıdım. Vaxtilə malımı, dövlətimi, ürəyimin yağını yedirtdiklərim az qala məni tanımırdı. Cəmi 3-4 rəfiqəm o illərin sınağından çıxdı. İlhamə, Təranə, Xədicə, İradə...
Səfərim isə çox yaxşı başlamışdı. Heydərbaba dağının zirvəsinədək qalxdım. Ustadı tanıyan insanlarla görüşdüm. Əla faktlar əldə etdim. Təəssüf ki, ETTELAT tərəfindən çəkdiyim şəkillər, videolar silindi. Amma beynimdən silinmədi, hamısını yazdım. 
 
- 32 gün saxlandınız, bu  zaman kəsiyində ən çətin nə idi?
- Ən çətin o idi ki, bilmirdin 5 dəqiqə sonra nə olacaq. Hər an barəmdə edam qərarı verilə bilərdilər. Sadəcə mən həmişə deyirdim ki, günahımı deyin, özüm gedirəm o dar ağacına. 
 
- Amma edam qorxusu ağır idi?
- Bircə balalarıma görə. Lakin mən intihara belə hazır idim. Saç sancağımı şalvarımın düyməsini dişimlə qırıb ora  keçirtmişdim. Hər gün  kamerada betonun üstündə yonurdum, ucunu itiləmişdim. Damarlarım da üzdədir. Əgər dövlətimə, millətimə məndən zərər gələcək bir şərait yaransa idi, dərhal özümü öldürəcəkdim. 
- Heç peşmanlıq duyğusunu yaşadınız?
- Heç vaxt...Bir dəfə də demədim ki, Allah mənim ayaqlarım qırılaydı bura gəldiyim yerdə. Əsla. Bilirdim ki, Şəhriyar yolunda belə cəfa çəkməliyəm. Ümumi hesablasaq həmin vaxtı 5 gün yuxu yatmamışam. Deyirdim birdən yataram, iynə vurarlar mənə, nəyəsə qol çəkərəm. Ondan qorxurdum. 
- Bu günədək İrandan gəlib açıqlamadığınız sirlər var?
- Bəli, var. O sözləri mən ancaq cənab prezidentimizə deyəcəm. Mən əminəm ki, bir gün prezidentimiz də, birinci xanımımız da məni qəbul edəcək. Çünki mən sıradan bir adam olaraq ETTELAT-ın zindanına düşməmişəm. Onu da deyim ki, cənab prezidentlə bir gündə doğulmuşam. Bu tarixi  belə qısqananlar var.
- Siz YAP-ın üzvüsünüz. Siyasi görüşünüz həyatınızda hansı rolu oynayır?
- Hər zaman əqidəsi bütöv olan iqtidar nümayəndəsinə müxalifətdə hörmət var. Eləcə də əqidəsi bütöv olan müxalifətçiyə dəyər verilir. Mənim  əqidəm Heydər Əliyevçilikdir. Mən 2000-ci ildə Lənkəran Dövlət Universitetində çalışarkən partiyaya üzv olmaq üçün özüm könüllü müraciət etdim. O vaxt Dilrubə xanım Camalova mənə qayıdıb dedi: "İndi Sovet dönəmi deyil. Bu Kommunist partiyası deyil. Bəlkə elə bir an gələr ki, sən bu partiyanı qoyub gedərsən". Ona cavabımda Dedim: "Sizn başınıza çox müsibətlər gəldi, işdən çıxarıldınız, Heydər Əliyevdən döndünüz?" Dedi, yox, qayıtdım ki, mən niyə dönməliyəm?! 
Məni illər boyu kimsə əqidəmdən döndərə bilməyib, bilməyəcək də. Nə mərhum Heydər Əliyevi, nə mənsub olduğum partiyanı, nə də onun yadigarı olan prezidentimi təmənnalı sevməmişəm. Bu gün mənim ağıllı, vətəni darda olanda iqtidarla bir masa arxasında oturmağa hazır müxalifətə hörmətim var. 
Bilirəm vermək istədiyiniz çox suallar var, qoy bəzilərinə cavab verim. Bu gün mən nəyə görə kirayədə qalmalıyam, nəyə görə iki övladımı təklikdə çətinliklə böyütməliyəm? Xalidə Xalid də iqtidaryönlüdür. Şükürlər olsun Allaha, bugünədək heç bir məmurun, nazirin qapısını döyməmişəm ki, filan problemim var. İnanın, qızım 2 aydır işsizdir, özü də necə bilikli qızdır, 4- 5 dil bilir. Lakin mən bu qədər geniş çevrəm ola-ola heç kəsin qapısını döymürəm. İçimdə qəribə bir utancaqlıq var, deyirəm nə düşünərlər. İndiyə kimi kimsəyə heç nə üçün ağız açmamışam, özümə sığışdırmamışam deyəm ki, mənim nəyəsə ehtiyacım var. Amma problemlərim o qədərdir ki...
Bir şeyi də vurğulayım. Mən heç vaxt inana bilməzdim, nə vaxtsa mən maddi problem yaşaya bilərəm. Bu gün hər kəsin özünə görə problemi var. Amma elə şeylər var ki, onun həlli mümkündür. Lakin bu mənim təkbaşına gücüm daxilində deyil. Mən nə qədər güclü qadınamsa, o qədər də çox həssas və diqqətliyəm. Deyir, su gələn arxa yenə gələcək. Mənim son müsahibələrimi oxuyanlar düşünməsinlər ki, mən çarəsiz, aciz biriyəm. Əsla. Sadəcə yenə də vurğulayım ki, mən elm, yaradıcılıq adamıyam. Yarımçıq işlərim qalıb. Təbii, bunlar mənim şəxsi işlərim deyil. Millətimin ədəbiyyatı üçün tarixdə saxlanılası işlərdi. Ona görə narahatam, narahatam ki, birdən ömür vəfa qılmaya və mən başladıqlarımı bitirə bilməyəm.
Vallah, bugün sinəsinə döyən mənəm-mənəm  deyən kişilər mənim yaşadıqlarıma bircə həftə tab gətirə bilməz... 
 
- Maraqlıdır, keşməkeşli həyat yaşamanıza baxmayaraq simanızda qız şıltaqlığı, məsumluq var. Bunu necə qorumusunuz?
- Buna səbəb ərköyün böyüməyim və insanları sevməyimdir. Bir də görürsünüz evdə də uşaq kimi oluram. Hərdən dostlarıma da deyirəm ki, heç olmasa ayda 1-2 dəfə uşaqlaşın. Bu insanı saf saxlayır.
- Sosial şəbəkə olan facebookda fəalsınız. Sosial şəbəkələrin insan həyatındakı yerini necə dəyərləndirirsiniz?
- Bir də görürəm kimsə deyir, sizə dostluq göndərmişəm, qəbul etməmisiniz. Mən də deyirəm, siz yalnız tanışlıq göndərmisiniz. Status yazanda da daim dəyərli dostlar, tanışlar deyə yazıram. Bir də təəssüf edici məqamdır ki, bəzi qadın, qızlarımız orada öz hisslərini cilovlaya bilmir, abardırlar. Qadına yaraşmayan ifadələr işlədirlər. Ondan başqa, insanlar var ki, yalnız mənfi enerjisini ora tökür, şər-böhtan atır, bunlar olmaz.
Mənə bəzən irad da tuturlar ki, çox status yazıram. Bunu bilirəm, amma orda yazdıqlarımla az da olsa sakitləşirəm.
Heç kəsin haqqı yoxdur kimisə qınasın. Düzdür, mən də zamanında kimlərisə qınamışam. Amma qınadığım hər şeyi də həyatımda yaşamışam, başıma gəlib. 
 
- Yekunda tövsiyələriniz bilmək xoş olardı.
- Mən Şəhriyarla bərabər 20-ci əsr türk dünyasının xanım yazarlarının yaradıcılığını araşdırıram. Çox istərdim ki, bugün gənclərimiz Samiha Ayverdinin yaradıcılığı ilə tanış olsunlar. Türk dünyasında sözü, hörməti olan xanım, pedaqoq Nazik Əriyi, Sevinc Çokumu, Xalidə Ədib Adıvarı, Əminə İşinsunu oxusunlar. Bir də istərdim ki, mətbuatda zorakılıq ifadə edən xəbərlər az yayımlansın. Onun yerinə maarifləndirici layihələr işlənsin. 
шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
16 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024
15 04 2024