Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region (25-08-2014, 15:50)
Məşhur teleaparıcı:“O xanımın ailəmə layiq olduğundan əmin olmalıyam” - Fotolar

Məşhur teleaparıcı:“O xanımın ailəmə layiq olduğundan əmin olmalıyam” - Fotolar

Müsahibə aldığın adam nə qədər çox danışsa, müsahibə bir o qədər maraqlı alınır.

 

 Bu mənada jurnalistin işi rahatlaşır, ondan istədiyin cavabı almaq üçün müsahibi çox çək-çevir edib sual atəşinə tutmursan. Xüsusən də qonaq aparıcıdırsa, müsahibəni yığanda da çox əziyyət çəkmirsən. Çünki aparıcılar özlərini daha yaxşı ifadə edir. Düzü, həyatında ən çox heyfsiləndiyi məqamın hansı olduğunu heç cür qoparda bilməsəm də, suallarımıza çox səmimi cavab verdiyi aydın hiss olunurdu. Bu isə heç də hər zaman rast gəlinən hal deyil.
“Kokteyl” layihəsi çərçivəsində bu həftəki qonağımız İTV-nin sevilən aparıcısı Saleh Bağırov oldu.
"Səhər verilişinin aparıcısından daha çox şey tələb olunur"
- Artıq neçə müddətdir ki, səhər verilişinin aparıcısı kimi fəaliyyət göstərirsiniz. Səhər verilişinin aparmağın çətin və asan tərəfləri nələrdir?
- Səhər verilişi özü bütövlükdə çox çətin və çox şaxəli proqramdır. Bu cür verilişləri televiziyada mini televiziya adlandırırlar. Çünki 2-3 saat ərzində aparılan verilişdə hər sahədən aid olan mövzularda danışılır. Səhər yuxudan duran insanın marağını təmin etmək üçün bütün mövzuları bacardığın qədər əhatə etməlisən.  Bu, elm, tibb, mədəniyyət, folklor və digər sahələr ola bilər. Bu baxımdan səhər verilişinin aparıcısı hər sahədən 100 faiz məlumatlı olmasa da, müəyyən qədər məlumatlı olmalıdır. Həm də aparıcının peşəkar kimi yetişməsi üçün mükəmməl və təkrarsız bir məktəbdir. Səhər verilişində hər vəziyyətə düşə bilərsən. O vəziyyətdən çıxmaq isə məharət tələb edir. Bir proqramda 5-6 mövzu ayrı-ayrı sahəni əhatə edən qonaqlar iştirak edir, gələn qonaqlarla söhbətləşmək üçün hazırlıqlı olmalısan. Səhər verilişinin aparıcısı digər proqram aparıcılarından tamamilə fərqlənir, ondan daha çox şey tələb olunur.
- Bəs siz efirə heç hazırlaşmadan çıxmamısınız?
- Efirə hazırlıqsız çıxmağı sevməsəm də, belə hallar olub. hətta 9 il televiziya, 4 il də radio stajım olsa da, bu gün də hər efirimə hazırlaşıb çıxıram. Bu, mənim məsuliyyətli olmağımdan və tamaşaçıya olan hörmətimdən irəli gəlir. Ekstrim hallara da hər zaman hazıram, özümü sınamışam, şükürlər olsun ki, bu cür vəziyyətlərdən üzüağ çıxa bilmişəm.
- Özünüz də qeyd elədiniz ki, artıq 10 ildən çox televiziyada çalışırsınız. Bu iş sizi bezdirməyə başlamayıb ki?
- Yox, çünki bu illər ərzində sırf səhər verilişini aparmamışam. Cürbəcür proqramların aparıcsı olmuşam, dövlət tədbirlərində aparıcı qismində iştirak etmişəm, konsertlərdə, müxtəlif layihələrdə özümü sınamışam. Peşəmi dəlicəsinə sevdiyim üçün mənə monoton gəlmir və bezdirmir. Sevdiyin işlə məşğul olanda yorulmursan. Əksinə, ondan zövq alırsan.
- Hər bir insan karyerasında uğurlar əldə etmək üçün qarşısına müəyyən məqsədlər qoyur. Sizin qarşınızda indi hansı məqsədlər dayanır?
- Əslində məqsədsiz insan boş bir şeydir. Amma mən heç vaxt nəyəsə görə iş görməmişəm. İşimi sevərək və vicdanla görməyə çalışmışam. Bu zəhmətimin müqabilində Allah özü məni kifayət qədər mükafatlandırıb. İctimai kanala adi bir kadr kimi gəlmişdim, amma əziyyətlə və Allahın verdiyi istedadın müqabilində pillə-pillə səhər proqramları departament direktor müavini vəzifəsinə qədər yüksələ bilmişəm. Bundan sonra nələr olacağını isə zaman göstərər.
"Vəzifə və yüksəliş anlayışlarının qadınlardan çox kişilərə daha xas olduğunu düşünürəm"
- Sizcə, istənilən sahədə rəhbər vəzifəsinə yüksəlmək üçün qadının, yoxsa kişinin şansları daha çoxdur?
- Konkret olaraq deyə bilmərəm, bu həyatın işidir. İnsanın özündən çox asılıdır, onun bacarığı olmalıdır. Dövrün, zamanın nəbzini tutmağı bacarmalısan. Şəxsi fikrimə qalsa, bu cinsin nümayəndəsi olduğuma görə deyil, sadəcə karyera, vəzifə və yüksəliş anlayışlarının qadınlardan çox kişilərə daha xas olduğunu düşünürəm.
- Niyə qadın yaxşı rəhbər, yaxşı idarəçi ola bilmir?
- Praktika göstərir ki, qadınlar da yaxşı idarəçi ola bilərlər. Cəmiyyətdə müxtəlif sahələrdə çox yaxşı idarəçi xanımlarımız çoxdur.
- Bəlkə bu kişi qısqanclığından irəli gəlir və haradasa xanımlarım rəhbər vəzifəsində olmasını qəbul olunmaz hal kimi qiymətləndirisiniz.
- Ola bilər, bəlkə də bundan irəli gəlir. (Gülürük) İndi biz elə bir zəmanədə yaşayırıq ki, hər hansı bir işi sırf kişinin, yaxud xanımın görə bildiyini iddia edə bilmərəm.
- Bəs Azərbaycanda gənc yaşda rəhbər olmaq üçün kifayət qədər imkanlar varmı?
- Əlbəttə var. Bu məni çox sevindirir. Gənc kadrların İstənilən sahədə, yaxud hər hansı dövlət qurumunda, icra aparatında məsul vəzifəyə təyin olunmasını eşidəndə çox şad oluram.
- Sizi başqa aparıcılardan fərqləndirən cəhət nədir?
- Bunu mənim deməyim düzgün olmazdı. Başqa aparıcılardan məni fərqləndirən cəhətləri tamaşaçı daha yaxşı bilər. Amma getdiyim hər yerdə mənə olan münasibətdən, hörmətdən, insanların rəftarından digər aparıcılardan fərqləndiyimi hiss edirəm. Bu gün başqa telekanalların məni öz kanallarına dəvət etməsi, bu sahəyə gələn gənc, yetişməkdə olan nəslə hər hansı treninqlər keçməyim və.s məni səciyyələndirən keyfiyyətlərdir.
- Tanınmış insanlar xüsusən də, hər gün efirə çıxıb aparıcılıq edən insanlar müəyyən müddətdən sonra məşhurluğunu itirməkdən qorxur. Yaxşı pul təklif eləsələr, başqa işlə məşğul olmağa və efirdən uzaqlaşmağa razı olardınız?
-  Bu həmin anda mənə gələn təklifdən və mövcud olan vəziyyətdən asılıdır. Bu barədə dəqiq bir söz demək çətindir.  Efir elə bir mövhumdur ki, insanı özünə çox bağlayır. Ələxsus da peşəsini sevən insanlar efirə çox bağlanır. O zaman mövcud vəziyyətdən asılı olaraq qərar verib hərəkət edərəm. Məşhurluq isə gəlib-keçən bir şeydir. Şöhrət Allah tərəfindən insana göndərilən bir sınaqdır. Ağıllı və işini yetəri qədər bilən insan o məşhurluğu qoruyub saxlaya bilir.
- Siz saxlaya biləcəksiniz?
- Onu zaman göstərəcək. Efir çox amansızdır. Sən bu gün efirdəsəndə, səni hamı tanıyır, sevir, amma 2-3 ay efirdən uzaq düşən kimi unudulursan.
 
- Şöhrət kişinin yoxsa, qadının pis vərdişlərini artırır?
- Hər ikisi məsuliyyətli olmalıdır. Şöhrəti yaxalayandan sonra atdığın hər addımda diqqətli olmalısan. Burada dilemma qoymuram. Şöhrət kənardan gözəl görünsə də, eyni zamanda da çox təhlükəlidir. Sənin bir səhvin səni uçuruma apara bilər, bütün yaxşı cəhətlərinin üstündən xətt çəkir.
-  Sizcə, insanlar niyə şöhrət əldə etdikdən sonra çox tez dəyişir?
-  Bu insanın xislətindən qaynaqlanır.  O insan heç məşhur olmasa da, düşdüyü situasiyadan asılı olaraq dəyişəcək. Yox, kifayət qədər ağıllı insandırsa, tanınmış, şöhrət əldə etmiş insan olmasına baxmayaraq, özünü aparmağı biləcək. Yəni, burda insanın ağlı və zəkası böyük rol oynayır. Bunu fərdlərə bağlamıram.
-  Məşhur olandan sonra sizdə nə isə dəyişib?
-  Heç nə dəyişməyib, elə həminki Salehəm. Hər bir normal insan kimi istədiyim məkanlara, lazım olanda dükan-bazara da gedirəm, çimərlikdə də dincəlirəm. Məşhuram deyə özümə bu kimi şeyləri qadağa qoymamışam. Sadəcə bizim işimiz görünən bir peşədir, onu yaxşı yerinə yetirdiyimiz halda bizə şöhrət gətirir.
"Bir var şərəfsiz tanınırsan..."
- Məşhur olmaq xoşunuza gəlir?
- Əlbəttə ki, xoş hisslərdir. Tanınmağın da növləri var, bir var şərəfsiz tanınırsan. Bu halda onun üzünə də baxmaq istəmirsən. Bir də var ki, səni hər yerdə hörmətli insan kimi tanıyırlar. Bu illər ərzində o hörməti mən həmişə görmüşəm.
- Tv sahəsində nədən gileylənirsiniz və nə sizi ciddi narahat edir?
- Bir qədər kadr qıtlığı var. Həm efirdə, həm də efir arxasında bütün televiziyalar peşəkar kadr qıtlığı aydın şəkildə hiss olunur. Amma bu da tədricən aradan qaldırılacaq. Çünki biz müstəqilliyə 20 ildir qədəm qoymuşuq. Bütün sahələr kimi bunun da formalaşması üçün zaman tələb olunur. Həm də televiziya o qədər sürətlidir ki, kadrın yetişməsini gözləyə bilmir. Orada daim iş, sürət lazım olur. İnsanın tez bir zamanda peşəkarlaşması isə özündən asılıdır.
 
- Toylarda aparıcı kimi çıxış edirsiniz?
- Bəli, bunu normal qarşılamaq lazımdır. Bu, bizim peşəmizin bir qoludur. Toy da xalqımız gözəl adət-ənənəsidir. Sadəcə olaraq o toyda da öz şəxsiyyətini qoruyub saxlamalısan. Tamada anlayışını sevmirəm, efirdə nə cür aparıcılıq edirəmsə, toyu da o cür aparıram. Aparıcı işini hərtərəfli görməlidir, lazım olan məqamda dəyişməyi bacarmalıdır. Peşəkar aparıcı həm əyləncəli proqram, həm  tok-şou, həm də bir qədər ciddi, lazım olanda isə toy aparıcısı kimi çıxış etməlidir. Bunlar aparıcının biliyindən, savadından, istedadından xəbər verir.
- Müasir Azərbaycan toylarındakı hansı ənənə sizi qane etmir?
- Açığı təklif gələndə hər toya razı olmuram. Çox ali, mötəbər insanların dəvət etdiyi toylarda iştirak edirəm. Bu barədə çox seçici insanam. Bizim adət-ənənələrə sadiq qalan, riayət olunan toylar çoxdur. Daha müasir, adətlərimizə əməl etməyən cütlüklər də olur. Bu isə toy sahibindən, onun zövqündən asılıdır. Hər kəs toyunu necə görmək istəyirsə, elə də təşkil edir.
- Uşaqlıqda da çox danışan və belə aktiv olmusunuz?
- Çox danışırdım, hətta müəllimlər məni parta arxasında tək otuzdururdular. Çünki yanımda oturan uşaqların başını qatırdım, dərsə qulaq asmağa imkan vermirdim. Tək oturmaqdan xoşum gəlmirdi, çox qıcıqlanırdım. Nə biləydim ki, mənim peşəm də çox danışmaqla bağlı olacaq.
- Son zamanlar qadınlara qarşı edilən şiddət və bu cür xəbərlər sizə nə düşündürür?
- Bu çox ciddi və insanları narahat edən problemdir. Ümumiyyətlə, son illərdə insanların azğınlaşmasına, insana aid olmayan hərəkətlər etməsinə məəttəl qalıram. 20 il əvvəllə müqayisə etsək, bu gün xoşbəxt yaşamaq, özünü layiqli şəkildə ifadə etməsi üçün hər şey var. Bu cür imkanlar yaradıldığı halda insanların azğınlaşmağını heç nə ilə izah edə bilmirəm. Qadınlara qarşı tətbiq edilən zorakılıq və ölüm halları bir insan kimi məni çox sarsıdır. Proqramlarımda bu məsələləri hər zaman diqqətdə saxlayıram.
İnsanlar öz şüurunda tərbiyə işləri aparmalıdır. Hər şeyi bu günlə ölçmək olmaz. İnsanlarda da bir qədər səbir itib, bir-biri ilə anlaşmaq istəmirlər. Bütün bunlar da xoşagəlməz hallara gətirib çıxarır. Sırf sosial məsələlərə bağlamaq da düzgün deyil, amma sosial tərəfin rolunu danmaq olmaz. Şüurlu, savadlı, bilikli insan heç vaxt belə hərəkət etməz.
Avropaya açıq olmağımız gözəldir, amma yaxşı cəhətlərimizi də itirməməliyik, onu qoruyub saxlamağı bacarmalıyıq. Biz milli dəyərlərimiz Avropaya yaxşı nümunə olmalıyıq. Çünki bizim milli dəyərlərimiz qadına zor tətbiq etməyi, əl qaldırmağı icazə vermir.
- Psixoloqa hansı hallarda müraciət etmək lazımdır? Ümummiyyətlə, bu məsələyə münasibətiniz necədir, sizin psixoloq köməyinə ehtiyacınız olubmu?
- Psixoloqa müraciət edən insanlara çox normal baxıram. Mənim özümün də müəyyən mənada çətinə, məngənəyə düşdüyüm vaxtlar olub. Onda da məsləhətinə ehtiyacım olan insanlarla söhbətləşirəm. Psixoloqa getmək bir mədəniyyətdir, insanın özümə olan hörmətidir. Çətinliyə düşəndə psixoloq səni o vəziyyətdən xilas edə bilirsə, niyə də müraciət etməyəsən? Bununla yanaşı özü-özünü müalicə edən, ayağa qaldıran iradəli insanları alqışlayıram.
- Psixoloq insanın doğmalarından daha yaxşı kömək edə bilir?
- İnsan psixoloqa gedəndə özünü kökləyir və elə bilir ki, o ona hamıdan yaxşı təsir göstərəcək. Bəlkə də yanında olan insanlar ona psixoloqdan yaxşı təsir edə bilər. Bəlkə də yaxınları da elə psixoloqun verdiyi məsləhətləri verir. Sadəcə beynində o qədər bu barədə fikirləşir ki, ona ancaq psixoloqun yardım edə biləcəyini zənn edir.
Elə məsələlər də var ki, doğmalar həqiqətən də çarəsiz qalır. Çünki psixoloq insan psixologiyası haqqında daha çox məlumata sahibdir, bu işin ustasıdır. İnsanların vəhşilikər törətməsindənsə, psixoloq köməyindən yararlanması daha yaxşıdır.
"Əksər hallarda məqsəd daşıyan nikahlar olur"
- Məşhur, yaxud elə adi xanımlar varlı və yaşlı kişilərlə ailə quranda onların puluna deyil, daxili aləminə vurulduğunu deyirlər. Bunu demələri nə dərəcədə səmimi və inandırıcıdır?
- Bu sözü deyənlərin çox az faizi səmimidir. 100 faizdən ancaq 5 faizi inandırıcı gələ bilər, yerdə qalan faizinin dedikləri saxtakarlıqdır. Yaşına və puluna baxmadan aşiq ola bilmələri mümkündür. Amma əksər hallarda məqsəd daşıyan nikahlar olur. Dolayısı ilə nə qədər səmimi olduğunu desələr də, vəziyyətin əslində necə olduğunu hamımız çox gözəl bilirik.
- Kişi üçün sevgidə xarici görünüş nə dərəcədə əhəmiyyətlidir?
- Əslində cinsə bölmək düzgün olmazdı. Hər bir kəs yanında olan insanın gözəl və simpatik olmasını istəyər. Həmçinin, “Könül sevən də göyçək olur”. Tam rol oynamasa da, müəyyən dərəcədə rol oynayır. Amma şəxsən mənim üçün onun daxili dünyası, zahirindən daha önəmli və daha vacibdir. Sevgidə, qarşılıqlı hörmət, qarşılıqlı anlaşma, mənəvi dəyərlər daha yüksəkdə dayanır. Görünüş daha sonra gəlir.
-  Həyatınızda bu dəyərlərə sahib olan biri var?
-  Yoxdur ki, hələ də subayam.
"Həyatımı birləşdirəcəyim xanımın ailəmə layiq olduğundan əmin olmalıyam"
-  İnsanın öz yarını tapması çoxmu çətindir?
- Çətindir. İnsan ayda, ildə, gündə bir dəfə ailə qurmur. Evlilik insan həyatında bir dəfə olur. Bir az da çox seçici insan olmağımdan irəli gəlir. Müəyyən qədər yubandığımı anlayıram. İnsanı 10 faiz tanımaq mümkün deyil. İnsan bir müddət bir yerdə yaşadıqdan sonra öz xarakterini büruzə verir, bu, məişətdə özünü göstərir. Amma yuva qurduğum, həyatımı birləşdirəcəyim xanımın ailəmə layiq olduğundan əmin olmalıyam.
- Bəlkə də yaşanmış sevginin travmasıdır?
- Deməzdim.
- Niyə heç sevgi acısı çəkməmisiniz?
- Həyatımda dəyər verdiyim gözəl xanımlar olub. Sadəcə münasibətlərimiz uzunömürlü ola bilməyib. Biz insanlar  bəzən alınmayan şeylərə görə, çox təəssüf hissi keçiririk. Unutmaq lazım deyil ki, bizim üçün nəyin yaxşı olub-olmadığını Allahdan başqa heç kim bilə-bilməz. Bu baxımdan keçmişlərə görə, kədərlənmək və heyfsilənməyə dəyməz. İstədiyim xanımın gec-tez qarşıma çıxacağına əminəm.
- Mən çox heyfsilənirəm ki... Bu fikri necə tamamlamaq istəyərdiniz?
- Bu sual məni çox düşündürdü... Heyfsiləndiyim bir neçə məqam var. Elədiyim bəzi səhvlərə, atdığım bəzi addımlara görə, heyfsinlənirəm...
- Hansı addımlar idi?
-  Deyə bilmərəm.
- Çox şəxsidir?
- Bəli, özəl olduğunu üçün açıqlaya bilmərəm. Həyatımda heyfsinləndiyim bir məqam var, şəxsi məsələ olduğu üçün deyə bilməyəcəm. Bu sualın cavabı qoy elə tək mənim özümdə qalsın...
- Bəs düzgün nəticə çıxarda bilmisiniz?
- Çıxarmışam...
шаблоны для dle 11.2

Xəbər lenti
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
29 03 2024
28 03 2024