Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Region / Slayd (16-07-2014, 13:23)
Maksim Musayev YAP rəhbərliyinə od püskürdü

Maksim Musayev: “Nə vaxta kimi biz Brejnev üsulu ilə işləməliyik ki, gəldi, ayaq üstə duraq, əl çalaq?!”

 

YAP-da bir müddət hökm sürən sakitliyi partiya üzvü, sabiq deputat və icra başçısı Maksim Musayevin qalmaqallı müsahibəsi pozub. 
Onun partiya rəhbərliyindəki bəzi şəxslərə qarşı sərt açıqlamasına reaksiyasında YAP-çı deputat Eldar İbrahimovdan adekvat reaksiya gəlib. “Yeni Müsavat” olaraq deyilənlərə M.Musayevin mövqeyini soruşduq. Öncə dedi ki, nəvəsi İsmayıllıda şahmat yarışında iştirak etmək üçün ora gedibmiş və mətbuatı izləmək imkanı olmayıb. 
- Maksim müəllim, bilmək olarmı sizin kifayət qədər sərt ittihamlarla çıxış etməyinizin, ümumiyyətlə, sizin fikirlərinizin sərt qarşılanmasının səbəbi nədir?
- Mən orda Sirus Təbrizlinin, Rəfael Allahverdiyevin adını çəkmişəm, bu, onları narahat edir. Bir də ki, mən açıq şəkildə Əli Əhmədovu ittiham edirəm, yəqin ona görədir. Ancaq mən Eldar İbrahimova cavab vermək istəmirəm. İstəsəniz bir-iki cümlə yazın. Yazın ki, Əli Əhmədovun məddah, yaltaqlıqla məşğul olan nökəri - mən xahiş edirəm bunu böyük şriftlərlə yazasınız - Eldar İbrahimova cavab qaytarmaq, ona fikir söyləməyi özümə layiq bilmirəm. 
- Eldar İbrahimov sizin yaşınıza, ağsaqqal olmağınıza hörmət etdiyini deyib. Bir az yumşaq ifadə işlətmək olmazdımı? 
- Məsələn? 
- Hər halda, mənim məqsədim o deyil ki, aranı qızışdırım. 
- Yox, sən qızışdırmırsan ki. Mənim sözüm Əli Əhmədovadır. Amma Eldar İbrahimov niyə özünü qabağa salır, bilmirəm. 
- Hər halda, müsahibənizdə Eldar İbrahimovun da adını çəkmişdiniz və biz onun da rəyini soruşmuşduq. O da deyib ki, Əli Əhmədov vaxtilə 91-lərə qoşulanda Maksim Musayev gedib Xızıda gizlənmişdi...
- Əli Əhmədov 91-lərin içərisində olduğu üçün mən 91-lərə qoşulmadım. O zaman Rəfael Allahverdiyev mənə bu barədə dedi, mən də dedim lap yaxşı. Amma dedim oxu görüm kimlər var siyahıda. Bu, Əli Əhmədovun adı gələndə dedim o cərgədə, o sırada olmaq istəmirəm.
- Deməli, aranızdakı nifaq uzun illər əvvələ gedib çıxır...
- O barədə demək artıqdır, çünki o, bir neçə partiyaya xidmət edib. Sizə bir şey də deyim, bu adam partiyaların qastroluna çıxmışdı. Axırda gəlib YAP-da qaldı. 
- Amma Zahid Qaralov da demişdi ki, o, transferləri normal qəbul edir...
- Normal qarşılanmalıdır da. Amma Əli Əhmədovun katiblikdə olaraq bu məsələləri tənzimləmək qabiliyyətinin aşağı olmasını mən qəbul edə bilmirəm. Yəqin ki, yazmayacaqsınız. Görün Əli Əhmədov Stalinin şəxsiyyətə pərəstiş dövründə olduğu kimi YAP-çılar arasında nə qədər şöhrətpərəstlik qazanıb ki, bu “üçlüy”ün digər üzvləri - Eldar İbrahimovla Siyavuş Novruzov sinələrini açıb onu müdafiə edirlər. Yaxşı ki, 1937-38-ci illər deyil. İnandırım sizi bu danışığa görə bu “troyka” - Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov məni çoxdan güllələtdirmişdi. Gör mən nə qədər bəxtli adamam ki, o vaxt yaşamamışam, indi də onların əlində imkan yoxdur. (gülür)
- Amma ölkənin rəhbərliyi Əli Əhmədova etimad göstərdi, ona vəzifə verdi. Bu faktı nəzərə alırsınızmı?
“Yaxşı ki, 1937-38-ci illər deyil. İnandırım sizi, bu danışığa görə bu “troyka” - Əli Əhmədov, Eldar İbrahimov və Siyavuş Novruzov məni çoxdan güllələtdirmişdi” 
- Mənim özümün məsələlərə baxışım müstəqildir. O, ölkə rəhbərinin öz işidir. Mən partiya üzvü, bir siyasi xadim kimi müstəqil fikrimi bölüşürəm. Mənim tərəqqim də, tənəzzülüm də danışıqlarımda olub. Bundan sonra da belə olacaq. Əli Əhmədov baş nazirin müavinidir deyə, mən onu tərifləməliyəm? Yəqin ki, bunu da yazmayacaqsınız. Necə olur ki, İlham Əliyevi bütün qəzetlər tənqid edir, bunların biri çıxış edib onu müdafiə etmirlər. Amma Əli Əhmədovu ölkədə yeganə tənqid edən Maksim Musayevdir, özü də düzgün tənqid edir, - inandırım səni dəfələrlə mənə zəng edib təşəkkür ediblər ki, çox sağ ol, bizim də sözümüzü ona dedin, baxmayaraq ki, zərbələrlə üzbəüz qalırsınız - amma Əli Əhmədovu tənqid edəndə cumurlar adamın üstünə. Məgər bu, toxunulmazmı şəxsdir, qeyri-adi qabiliyyətəmi malikdir? Axı ölkədə gözəl insanlar var.
 Biz gərək ədalətli olaq, özümüzə qiymət verməyi bacaraq. Ancaq mən Əli Əhmədovun iç üzünü tədricən açıb göstərirəm. Nə vaxta kimi biz susmalıyıq ki, vəzifəsi var?! Nə vaxta kimi biz Brejnev üsulu ilə işləməliyik ki, gəldi, ayaq üstə duraq, əl çalaq?! Mən pisini də deyirəm, yaxşısını da. Amma bu bədbəxt uşağı az qalırlar özlərini yırtsınlar, çırpsınlar. İlham Əliyev haqqında gündə neçə qəzetdə yazırlar, bir dənə cınqırını çıxartmırlar. Özü də əllərində “İki sahil”, “Yeni Azərbaycan”, “Səs” qəzetləri var. Təhlil edin də, görün İlham Əliyevi tənqid edəndə bu “troyka”nın neçə dəfə səsi çıxıb, ya Əli Əhmədovu tənqid edəndə nəticə necə olub.
- Eldar İbrahimov onu da deyib ki, dəfələrlə partiyaya dəvət olunsa da, Maksim Musayev imtina edib. Olmazmı gedib YAP-da açıq söhbət edəsiniz? 
- Açıq yaz ki, yalan deyir, düz danışmır. Məni heç kim dəvət etməyib. YAP-ın 20 illiyi ilə əlaqədar məndən intervü götürmüşdünüz ki, niyə orda yox idiniz. Mən onda zəng edib Asya Manafovadan dəvət olunmamağımın səbəbini soruşdum, deyəsən, o da dəvət olunmadığını demişdi. 
“Əli Əhmədov baş nazirin müavinidir deyə, mən onu tərifləməliyəm?” 
- Sizin YAP-a üzvlük haqqı ödəməyinizlə bağlı da şübhə var. Ödəyirsinizmi? 
- Sualı yaxşı qoydun. Mən son il yarıma qədər hər dəfə gedib Səbayel rayonunda qol çəkib üzvlük haqqı verirdim. Başda Eldar İbrahimov, Siyavuş Novruzov, hansı ki, bəzilərinin adlarını çəkməyəcəyəm, Prezident Administrasiyasında işləyirlər - çox-çox xahiş edirəm, bunu yazın - Milli Məclisin bir çox rəhbər işçiləri...Bunları təhlil edib deyirəm, boş-boş danışmıram və partbiletimlə də cavab verməyə də hazıram. Prezident Administrasiyasında, Nazirlər Kabinetində elə rəhbər işçilər var ki, aylarla, illərlə üzvlük haqqı verməyib. Bəs mən nə üçün canfəşanlıq edirəm ki, mənə tribuna verin? Tribuna verin ki, YAP-ın gəliri artsın, pullular üzvlük haqqı versin. Son bir ilə qədər verirdim, ondan sonra dayandırdım. Dedim qoy tənqid eləsinlər, mən açıq etiraf edim ki, üzvlük haqqını vermirəm. Ona görə ki, filankəslər də vermir. YAP-ın Təftiş Komissiyası var. Qoy komissiyada mənim də iştirakımı təmin etsinlər ki, saxtakarlıq olmasın. Prezident Administrasiyasında, Nazirlər Kabinetində üzvlük haqqının gedişatını yoxlayaq. Qoy müxalifətdən də nümayəndə iştirak etsin. 
- Sizi bu fikirlərinizə, elə üzvlük haqqı vermədiyinizə görə YAP-dan çıxara bilərlərmi?
 
- Elə istərdim məni çağırsınlar, partiyadan çıxarmaq üçün müzakirə açsınlar, onda sözümü deyəcəyəm. Bəs niyə pul vermirəm? Hansı ki, əvvəl camaat 1-2 manat verirdi, mən 2-3 manat verirdim. Zahid Qaralovun katibəsinin yanında jurnal var, hamısı yazılıb. Hətta ölkədə olmayanda, pulum olmayanda, kənarda olmayanda zəng edib deyirdim qızlara ki, xahiş edirəm üzvlük haqqını filankəslər qoysun, ya siz qoyun, gəlib ödəyəcəyəm, qol çəkəcəyəm. Üzvlük haqqını verməməyimin də səbəbini dedim...
Bunları döşə getsin. Kim üzvlük haqqını veribsə, qoy sənəd versinlər. O yerdə ki, Əli Əhmədov var, orda saxtalıq olacaq, orda saxta sənəd tərtib olunacaq. Araşdırma aparılacaqsa, mənim iştirakımı təmin etsinlər. Mən çox arzu edərdim ki, onların saxtakarlığını aşkarlayım. Çox şadam ki, YAP-a üç yeni müavin gəldi: Əli Həsənov, Mehriban xanım və Akif Əlizadə. Mən gözləyirdim ki, heç olmasa onlar bunu başlı-başına buraxmayacaqlar ki, Əli Əhmədov YAP-da at oynatmasın. İndi yoxlamaq lazımdır ki, Eldar İbrahimov üzvlük haqqını verir, ya vermir. Bəlkə də verir, imanımı itirə bilmərəm...
P.S. Əli Əhmədovun da mövqeyini dərc etməyə hazırıq.
шаблоны для dle 11.2

Xəbər lenti
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
20 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
19 04 2024
18 04 2024